Qışın on səkkiz anı

Nəhayət, Mübarək də istefa verdi! Öz millətini və başqalarını bu qədər üzən başqa diktator tanımıram. Düz on səkkiz gün hamı ondan bu qərarı gözləyir və qan tökülməsini istəmirdi! Açığını etiraf edim, mənim də Misir haqqında təsəvvürlərim tamam dəyişdi. Biz ərəbləri necə təsəvvür edirdik? Bədəvilər kimi! Amma bunlar insanları aksiyaya toplamaq üçün sosial şəbəkələrdən istifadə edirlər, böyük və dinc aksiyalar keçirirlər. Indi bizimkilərin ayağının altından torpaq qaçır. Mübarəkə heykəl qoyanlar, ərəb rejimlərinə xüsusi rəğbət bəsləyənlər, müsəlmanların heç vaxt oyanmayacağına ümid edənlər görən indi nə fikirləşirlər? Biz də on səkkiz həyəcanlı gün yaşadıq. Mənə elə gəlir ki, bu, böyük bir dalğanın – 2003-cü ildən başlanan dalğanın davamıdır və böyük ümidlər var ki, bu dalğa davam edəcək. 21-ci əsrdə diktatura və ya avtoritar rejim qurmaq bir biabırçılıqdırsa, belə rejimlərdə yaşamaq ikiqat biabırçılıqdır! Bir əsrdə bəşəriyyət özünün bütün tarixi boyu etdiklərindən bir neçə dəfə çox sıçrayış etmişdi – kosmos, nüvə enerjisi, internet… Bunu mən ötən əsrlə bağlı deyirəm, çünki bu əsri hələ təzə başlamışıq. Ümidvarıq ki, bu əsr də insanın özünün yüksəlişi əsri olacaq. Bilirsiniz, elmə, sənətə və digər sahələrə baxanda insan çox böyük görünür. Amma düşünəndə ki, bu böyüklükdə insan öz səsini müdafiə edə bilmir, qorxudan səsini çıxara bilmir, adam bilmir nə etsin… Böyük təzaddır. Bəşəriyyət bu təzaddan çox tez bir zamanda qurtulmalıdır. Inşallah, belə də olacaq. Indi görün dünyanın hansı kəsimində demokratikləşmə başlayıb? Şimali Afrikada! Hətta yuxuda da bu, bizə qeyri-adi görünərdi. Amma artıq reallıqdır. Burada yadıma bir cümlə düşür, Çe Gevaranın bir cümləsi: “Realist ol, mümkünsüzü arzula!”. Ancaq mümkün olanın çevrəsində qalsaq heç nə dəyişməyəcək. Növbəti bir çevrəyə adlamaq üçün mümkün olmayanı arzulamaq lazımdır!.. Indi Misirdə böyük işlər görülməlidir – “radikal islam”, teokratik respublika arzusunda olanların istəyinin çin olmaması üçün dünyəvi dövləti möhkəmləndirmək, Mübarəkin 30 ildə oğurladığı milyardları ölkəyə və millətə qaytarmaq, digər ərəb ölkələrindəki proseslərə dəstək vermək… Mən ümidli bir notda bitirmək istəyirəm bu hissəni: bəli, bunların hamısı olacaq, buna şübhəniz olmasın…
Akademik azadlıqlardan siyasi azadlıqlara!

Bu günlərdə tələbə hərəkatı haqda bir yazı yazdım. Ölkədə böyük bir tələbə hərəkatının yaranmamasının səbəblərini özüm bildiyim şəkildə oxucularla bölüşmək istədim. Indi həmin yazıdakı tezisləri təkrarlamaq fikrində deyiləm. Sadəcə, bir detalı qeyd etmək istəyirəm. Bizim hakimiyyətdəkilər insanlara süni bir ideologiyanı aşılamaq istəsələr də hələ ki, rəsmi ideologiya olmayan dövlətdə yaşayırıq. Akademik azadlıqlar qismən də olsa təmin olunub, bəli, dövlət tədqiqat prosesinə müdaxilə etmir, onu reqlamentləşdirmir. Əvvəllər belə deyildi. Məsələn, sovetlər vaxtında elmi tədqiqatların hamısı bir ideoloji çətir altında aparılırdı. “Klassiklər”dən – Marksdan, Engelsdən və Lenindən sitatlar məcburi idi. Bir də görürdün ki, kvant mexanikasına aid dərslikdəcə girişdə Lenindən sitat gətirilirdi. Heç kim də demirdi ki, yarımçıq bir hüquq təhsili olmuş Leninin axı kvant mexanikasından nə başı çıxırdı?! Təsəvvür edin, Vernadski kimi ensiklopedik alim kvant mexanikasını başa düşmürdü. Amma burada sənə Lenindən sitat verirlər… Bunu niyə görə deyirəm? Söz yox ki, akademik azadlıq var, amma bunun genişlənməsi və siyasi azadlığa çevrilməsi zəruridir. Əslində ziyalılar bu yolda çarpışmalıdırlar. Akademik azadlıqlar da əslində hələ tam təmin olunmayıb, bunu yazıçılar, rejissorlar yaxşı bilirlər, “qayçı” qeyri-rəsmi şəkildə olsa da hələ qalır və burada indi qayçı ilə təkcə qırmızı lentlər kəsilmir, həm də bəzi əsərlər qayçılanır…

Kiçik sözardı

Yuxularda tez-tez imtahan verməli oluram. Görünür, bu, işlərin hələ tamam olmamasından irəli gəlir, narahatlıqlar yuxulara köçür. Indi yuxumuza səhra girəcək. Axı azadlığın ətri indi oralardan gəlir! Özü də yasəmən ətri…