Mübarək sentyabra kimi Bakıda taxtda oturacaq

Praktik cəhətdən və bir az maksimalistcəsinə yanaşanda Misir inqilabı hələ tam qələbə qazanmayıb. Ötən yazımda dediyim kimi, Misir inqilabının hələ indi başladığını, 11 fevrala qədər baş verənlərin inqilabın jurnalı olduğunu, Misirdə hakimiyyətə kimlərin və hansı yollarla gələcəyini nəzərdə tutmuram. Bunlar hansı qaydada isə baş verəcək və biz bunun şahidi olacağıq. Hər halda, Misir xalqı bir zalım və görməmiş diktatordan qurtuldu. Bu, ən hesablaşılası faktdı. Ancaq mən “tam qələbə” deyəndə, Hüsnü Mübarəkin hələ də hardasa göz bəbəyi kimi və həm də xalqdan qorunduğunu çatdırmaq istəyirəm. O “hardasa” dediyim yer təbii ki, bizim ana vətənimiz Azərbaycan, onun paytaxtı Bakı, gündən-günə böyüyüb şəhərə çevrilən qəsəbəsi Xırdalandı. Daha dəqiq ünvan isə Azərbaycan Respublikası Prezident Administrasiyasıdı.

Görünür, rəsmi Bakı hələ də ya Misirdə inqilabın baş verdiyindən xəbərdar deyil, ya xəbəri var, sadəcə, tam inanmır, ya da inanır, ancaq “bəlkə də qayıtdı”, deyə ümidlərini itirmir. Bu, bir ehtimaldı.

Ola bilsin, Mübarəkin heykəlinin belə diqqətlə qorunmasında bir atalar sözümüzün də rolu var. Deyir, eşşəyə minmək bir ayıb, düşmək iki. Yəni vaxtında barter üsulu ilə ona heykəl qoyanda, adını məktəbə verəndə bilirdilər ki, bu, çox ayıb bir şeydi. Ama bütpərəstlik və dünyagirlik ehtirası imkan vermədi ki, bu ayıbı yapmasınlar. Indi onu yığışdırsalar, başına ip atıb heykəl qəbiristanlığına aparsalar, özləri öz dillərilə xalqa demiş olacaqlar ki, baxın, ay camaat, ay xalq, ay narod, heykəllər, tiranlar əbədi deyil, ayılın qəflət yuxusundan, bütpərəstlərin əməllərinə susduğunuz yetər, axı sizin bu Mübarəki yıxan misirlilərdən nəyiniz əskikdi, indi götürdüyümüz bu heykəl kimi bir gün bütün qoyduğumuz heykəllər heykəl qəbiristanlığına gedəcək. Və s. və. i.a.
Bax, bundan da qorxurlar. Hələ nə edəcəklərini, necə edəcəklərini götür-qoy eləyirlər. Mən əminəm ki, o heykəli götürsələr belə, mütləq gecə qara, cücə qara olanda götürəcəklər. Ki, üzlərinin qızardığını kimsə görməsin. Ancaq o soyuq gecədə orda çalışacaq işçilərin necə söyüşlər pıçıldayacağını da indidən xəyalınıza gətirin. Bu da ehtimallardan biri.

Başqa bir ehtimal o ola bilər ki, Misirdə yeni hakimiyyətin formalaşacağını gözləyirlər. Təbii ki, istənilən yeni iqtidar əski heykəllərə bir də yeni gözlə baxacaq və qərarlar verəcək. Və o heykəllərin içində bizim iqtidara aid olan biri var. O heykəli götürüb atsalar, burda Mübarəkin də, “Misir-Azərbaycan dostluğu” parkının da qanı getdi. Dərhal Əliyevin ehtiyatda qalan heykəllərindən birini onun yerinə dikəcəklər, parkı da verəcəklər adına. Ola da bilər ki, yeni Misir hakimiyyətindən bizim Misirdəki heykəllə bağlı Bakıya sorğu gəlsin. Razılaşma alınsa və onlar bizimkini orda saxlasalar, burda da Mübarəkin başını qoparıb yeni prezidentin başını qoyacaqlar heykəlin çiyinlərinin ortasına.

Hər halda ehtimallardan daha ehtimal ediləni elə budu. Çünki rəsmi Bakı inanır ki, Misirdə yenə hakimiyyət və şan-şöhrət xəstəsi olan biri çıxacaq taxta. Özü də məhz taxta! Illər qabaq Qırğızıstanda olduğu kimi. Xalq inqilabı ilə taxta çıxan Bakiyev kimi.
Ola bilər ki, intuisiyam zəif olsun. Irəlinin rəsmini düz cızmasın. Ama təxminən belə görürəm ki, hələ sentyabra kimi Hüsnü Mübarək Azərbaycanda taxtda oturacaq. Gözləyək, görək nə olur. O vaxtacan da ya xan ölər, ya eşşək.