«Azərbaycan hakimiyyətində zərrə qədər düşüncə olsaydı, Əli Kərimlinin «The Washington Post»dakı məqaləsindən sonra bu mənasız izolyasiya siyasətinə son qoyardı»
AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməməsi məsələsi ötən gün hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının iştirakıyla keçirilən dəyirmi masanın müzakirə mövzusu oldu. Tədbir AXCP Gənclər Komitəsinin təşəbbüsü ilə təşkil olunmuşdu.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirdi ki, Əli Kərimlinin üzləşdiyi problem açıq-aşkar hüquqa ziddir. Bunun özü də əslində, məsələnin siyasi xarakter daşıdığının göstəricisidir. Yəni, aşkar şəkildə görünür ki, hakimiyyət Əli Kərimlinin xaricə çıxış imkanlarını məhdudlaşdırmaq üçün qərəzli şəkildə ona pasport vermir.
Problemlə bağlı hüquqi müstəvidə mübarizə aparıldığını deyən Natiq Ədilovun sözlərinə görə, artıq ölkədaxili bütün məhkəmə instansiyaları keçilib. Təəssüf ki, faktiki hakimiyyətdən asılı vəziyyətdə fəaliyyət göstərən Azərbaycan məhkəmələri bu məsələdə obyektiv, ədalətli qərar çıxarmağa cəsarət etməyib.
“Avtoritar rejimlər üçün siyasi rəqibi qondarma ittihamlarla bu cür məhrumiyyətlərə salmaq adi haldır. Amma biz çalışmalıyıq ki, cəmiyyət belə hüquqi absurdları adi qarşılamaqdan çəkinsin. Çünki belə hallar adiləşdikcə, cəmiyyətdən təpki görməyincə rejim daha da amansızlaşır”, – deyə Ədilov vurğuladı.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Əli Kərimlinin pasport probleminin həlli və məsələnin ictimailəşməsi üçün görüləcək işlərdən danışdı. O bildirdi ki, Avropa Məhkəməsində AXCP sədrinin şikayətinə növbədənkənar baxılması üçün imzatoplama kampaniyası nəzərdə tutulub. Bundan başqa, hüquq toplumu və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrinin iştirakıyla problemin müzakirəsi qərara alınıb.
Əbülfəz Qurbanlı onu da qeyd etdi ki, 2006-ci ildən Əli Kərimlini pasportsuz qoymaqla hakimiyyət onun xaricə çıxışını məhdudlaşdırıb. Bu isə AXCP sədrinin xaricdə Ilham Əliyev hakimiyyətinin antixalq, antihumanist mahiyyətini ifşa etməsini önləmək üçün düşünülmüş mənasız, primitiv addımdır.
Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli də problemin siyasi qərəzdən qaynaqlandığını vurğuladı. 2006-2007-ci illərdə ABŞ Dövlət Departamentinin, həmçinin Avropa Şurasının Azərbaycanla bağlı hesabatlarında Əli Kərimlinin pasportla təmin edilməsinin vacibliyi barədə xüsusi qeydlər olduğunu xatırladan Həşimlinin fikrincə, problem yenidən gündəmə gətirilməlidir.
“Demokratiyanın Inkişafına Kömək” Ictimai Birliyinin rəhbəri Vidadi Isgəndərli hazırda Əli Kərimliyə pasport verməmək üçün bəhanə edilən ittihamın hamıda gülüş doğurmasından danışdı. AXCP sədrinin pasportsuz qoyulmasını ciddi hüquq pozuntusu kimi qiymətləndirən hüquq müdafiəçisi təklif etdi ki, problemlə bağlı dövlət başçısı Ilham Əliyevə müraciət olunsun: “Əgər müraciətə müsbət cavab verməsə, Ilham Əliyevin özünü məhkəməyə vermək lazımdır”.
AXCP funksioneri Rahim Hacıyev isə problemi avtoritar rejimlər üçün xarakterik hadisə kimi dəyərləndirib. Onun fikrincə, Azərbaycan cəmiyyəti də Əli Kərimlinin pasportsuz qalmasına lazımi reaksiya nümayiş etdirmir: “Bəzən hakimiyyətə qulluq edən adamlar siyasi savadı aşağı olanları təsir altına salıb deyirlər: Əli Kərimli necə liderdir ki, pasportunu ala bilmir?! Əslində, bu sualın cavabını hakimiyyət özü aydın şəkildə 2006-cı ildə verib – Əli Kərimlini pasportsuz qoymaqla. Hakimiyyət başlıca təhlükə hesab etdiyi şəxsin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə bu addımı atıb”.
Ötən ilin aprelində ABŞ-ın nüfuzlu nəşri olan “The Washington Post” qəzetində Əli Kərimlinin məqaləsinin dərcinə diqqət yetirən Rahim Hacıyev deyir ki, Azərbaycan hakimiyyətində zərrə qədər düşüncə olsaydı, bu məqalədən sonra mənasız izolyasiya siyasətinə son qoyardı: “Çünki artıq müasir texnologiya elə bir həddə çatıb ki, dağ başında oturmaqla da dünyaya mesajları çatdırmaq, müzakirələrdə iştirak etmək mümkündür”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə hesab edir ki, problemi Ombudsman Aparatının və səfirliklərin qarşısında qaldırmaq lazımdır. Bu ünvanlara konkret müraciətlər göndərilməlidir.
Müzakirələr zamanı Əli Kərimlinin pasportsuz saxlanmasıyla əlaqədar gənclərin aclıq aksiyasına başlaması və kütləvi formada pasportlarından imtina etmələri kimi etiraz formalarıyla bağlı təkliflər səsləndi.
Elmin Həsənli