Xalqıma

Bu gün hara getdimsə, bir daha sənin içindəki o böyük, o nəhəng azadlıq eşqini gördüm. Misirdə istibdadın yıxılmasından necə ürəyi çırpına-çırpına, ağzı sulana-sulana, gözləri işıldaya-işıldaya danışdığını gördüm hara getdimsə – metroda, avtobusda, bir ucuz kafedə, nisyə dəftərlərinin üst-üstə yığıldığı bir mini-marketdə…
Döyənə əlsiz, söyənə dilsiz olsan da…
Əzildikcə əzilsən, sındırıldıqca sındırılsan, sümürüldükcə sümürülsən belə, etirazını içinə gömsən də…
Susmağın qızıl olduğuna inansan da…
Həqiqət və ədalət uğrunda savaşmaq yerinə, arvad-uşağı üzünə tutalğac eləsən də…
Cibgirin biri portmanatını çıxararkən yeri-göyü inlədib, amma səsin oğurlananda “cəhənnəmə ki!” deyib keçsən də…
Bir qarın çörək üçün bütün ədalətsizliklərə və hüquqsuzluqlara razılaşsan da…
Özün qurdlar süfrəsində yem olarkən “Kurtlar Vadisi”nin bir seriyasını belə ötürməsən də…
Qorxaq, kölə ataların “az aşım, ağrımaz başım”, “ac qulağım-dinc qulağım” sözlərini həyat prinsipinə çevirsən də…
Padşahın Allahın yerdəki kölgəsi olduğunu düşünsən də…
Həm uşaqkən qənddandan qənd oğurlayan övladının barmaqlarına vurub, həm də o böyüyüncə, babat rüşvət almağın mümkün olduğu bir işə düzəltmək üçün əldən-ayaqdan getsən də…
“Oxumaq” deyəndə ağlına kitabdan əvvəl “Yeni Ulduz” gəlsə də…
Hökumətlə hökumətlik etməyə ürəyin yetməsə də, sənə bu an içimdə zərrəcə qızğınlıq, küsgünlük, nifrət yoxdur, biləsən.
Tam əksinə, mən sənin ən çox bu əzgin, üzgün, yorğun halını sevdim. Ümidsiz, həyatdan küskün, miskin halını sevdim. Çünki sənin bütün bunlardan sıyrılıb yenidən doğulacağına, doğula biləcəyinə inandım.
Ən çox da könlümdəki yenə o cəsur, o savaşçı, o içi azadlıq təşnəsi ilə dolu, o bayrağa sarılı, o torpağına düşkün xalq olmaq ehtimalını sevdim sənin.
Ölüncəyə qədər də sevməyə hazıram.

“Yeni Azərbaycan”lıların yaddaşsızlığı

Əliyevçi rejimin əsas təbliğat ruporlarından biri – köhnəliyin təəssübkeşi “Yeni Azərbaycan” qəzeti dünənki sayında qaş qayırmaq istəyərkən vurub göz çıxarmışdır. Nursultan Nazarbayev kimi bir feodalizm qalığını sudan quru çıxarmağa çalışarkən Ilham Əliyevi yerdən-yerə vurmuşdur.
Orada “Qazaxıstan növbədənkənar prezident seçkisi ərəfəsində…” başlıqlı bir yazı dərc olunub. Yazının bütün sirri isə onun yarımbaşlığında gizlənib: “Referendumun keçirilməsinə ”yox!” deyən Qazaxıstan prezidenti ölkəsinin beynəlxalq imicini daha da yüksəltmiş oldu”.
Yəqin bilirsiniz, söhbət Nazarbayevin əvvəlcə “ömürlük prezidentliyini” rəsmiləşdirmək üçün referendum keçirmək istəməsindən, sonra isə bu istəyindən vaz keçməsindən gedir. Hansı ki, Nazarbayevin öz ölkəsinə rəva görmədiyi belə bir rüsvayçı referendumu bizim yaptokratlar 2009-cu ilin martında Azərbaycanda keçirmişdi.
O vaxt ölkəmizin ağıllı, düşünən, ləyaqətli insanları bunu Azərbaycanın dünyada rüsvay edilməsi kimi şərh edəndə heydərçilər tumanlarını başına geyinirdilər. Bunu camaata “xalqın və demokratiyanın tələbi” kimi sırımağa çalışırdılar.
Amma görünür, doğrudan da yalançının yaddaşı olmur: eyni yaptokratlar bu gün Nazarbayevin “ömürlük prezidentlik” referendumu keçirmək istəyindən daşınmasını “Qazaxıstanın beynəlxalq imicini yüksəldəcək hadisə” kimi qiymətləndirirlər.
Bunlar öz-özlərini ifşa və rüsvay edəndən sonra zatən bizə yazacaq bir şey qalmır.

Ən gülməli açıqlamaya ən ciddi şərh

Mübarəkin cəhənnəm olub getməsindən bir neçə saat sonra Misirdəki səfirliyimiz bu ölkədəki azərbaycanlılarla bağlı bir açıqlama yayıb. Sitat: “Onların vəziyyəti diqqətimizdədir”.
Mən bu açıqlamaya xeyli güldüm. Bizim səfirlik indi niyə ayılıb? Axı məntiqlə Mübarək hakimiyyətdə olarkən narahat olmaq lazım idi. Indi isə Misirdə yaşayan istənilən insan üçün təhlükə artıq sovuşub. Azadlıq və rifah üçün geniş üfüqlər açılıb. Bundan sonra nəyə narahat olursunuz ki?