Prezidentə məktub

Antikorrupsiya resepti

“Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha tezliklə aradan qaldıraq”.
Cənab prezident, bu sözləri siz qərb bölgəsinə səfəriniz zamanı demisiniz. AzTV səfərinizlə bağlı geniş reportaj verəndə baxdım ki, hətta bu sözlərə görə sizi alqışlayıblar da. Düzdür, belə səfərlərdə, deyilənə görə, adətən, hazır, qabaqcadan öyrədilmiş qrup olur və onlar istənilən regionun adından danışır, təşəkkürlərini yüksək səviyyədə çatdırırlar. Gurultulu, sürəkli alqışlar da öz yerində. Olsun. Saxtakar rejimlərdə bu tip təbliğat üsulları adi haldır. Amma siz, yuxarıda gətirdim sitatdan da göründüyü kimi, səmimi deyirsinizsə, saxtakarlığa son verməyi qarşınıza məqsəd qoymusunuz. Ədalətsizlik axtarır və adamlara da deyirsiniz ki, bu ədalətsizliklər haqda sizə məlumat versinlər. Telekanallarla məsələ aydındır, hamısı sizin nəzarətinizdədir, hamısında da toy-bayram. Müstəqil, müxalifət qəzetləri var ki, onlar sizin informasiya mənbəyinizdir, ədalətsizlik axtarırsınızsa, onlara nəzər yetirin. Daha xalqa çağırış etməyə gərək yox. Indiyə qədər onlarla belə səfərlərdə olmusunuz. Xalqı sizə yaxın düşməyə qoyublarmı? Xalqın sizə şikayət etməsinə imkan veriblərmi? Heç olmasa indi – antidemokratik rejimlərlə bağlı baş verənlərdən sonra səmimi olmaq gərəkdir. Ədalətsizlik hər yerdədir. Ədalətsizlik “Qış bulvarı” tikilən ərazidə göyə bülənd olub. Ədalətsizlik yaşıllaşdırma idarəsinin ərazisində tikdirdiyiniz növbəti iqamətgahın ətrafından köçürülən evlərdən ərşə dirənib.
Yəni ədalətsizlikləri axtarmaq üçün yol basa-basa rayonlara getməyə, təğyiri-libas olmağa da gərək yox. Texnika əsridir. Hərdənbir işə gedəndə məktublar şöbəsinə məsul etdiyiniz adamı çağırın və Prezident Administrasiyasına bir gündə, bir həftədə, bir ayda (seçim sizindir) gələn məktublar barədə məlumat istəyin. Dəhşətə gələcəksiniz. Yaxud president.az saytınıza baş vurun. Orda şikayətlər bölməsi var ki, hər gün bu bölməyə ölkədə baş verən ədalətsizliklərlə bağlı saysız ismarıclar daxil olur.
Başqa bir ünvan da göstərə bilərəm. Heydər Əliyev Fondu. Son çağlar sizin icra strukturlarınız şikayətlərə baxmadığından həmin məktublar xanımınızın rəhbərlik etdiyi fonda göndərilir. Sayı bilinmir. Məmur özbaşınalığından əziyyət çəkən, Bərdədə yataqxanada məskunlaşan Şuşa sakininin sığındığı otaqda sandıq dolusu məktublar var…
Səfər etdiyiniz qərb bölgəsində – baş çəkmədiyiniz Gədəbəydə, lap bu yaxınlarda bir ailə başçısı sizin məmurların təqib və təzyiqlərindən, ədalətsizliyindən cana doyaraq özünü və ailəsini yandırıb. Getdiyiniz hər rayonda Heydər Əliyevin heykəli qabağına gül qoyurdunuz, lap yaxşı. Ehtiram gərəkli işdir. Məmurların təzyiq və təqiblərindən ailəsini də yandıran və dünyasını dəyişən Ədalət Hüseynov da ehtirama layiqdir. Bir gül də onun qəbrinin üstünə qoymaq, ədalətsizliyin qurbanı olan ölkə vətəndaşını ziyarət etmək aparılan antikorrupsiya kampaniyasına səmimi rəng qata bilərdi…
Ramiz Mehdiyevin yanvar tezislərindən sonra ölkədə hər şeyin qiyməti qalxıb. Bu yığıncağa qədər 80 qəpiyə olan kartof indi 1 manat 20, 1 manat 50 qəpikdir. Başqa ərzaq məhsullarında, meyvələrdə də bu artım var. Tikinti materiallarının və sahibkarlardan alınan rüşvətin də məbləği artırılıb…
Ötən ilin sonlarında Gürcüstandakı həmkarınız Saakaşvilidən rusiyalı jurnalistlər müsahibə almışdılar və ondan rüşvətin, korrupsiyanın kökünü necə kəsməsinin sirrini soruşmuşdular. Ramiz Mehdiyev kimi antikorrupsiya mübarizi olmayan Gürcüstan prezidenti lakonik cavab vermişdi: “Mən rüşvət almıram!”.
Korrupsiyaya qarşı mübarizənin çox bəsit yolu…