Şəkidəki həbslərin arxasında Fikrət Məmmədov dayanır

Rayon prokuroru Ağarəhim Rəhimov «Azadlıq»a nələr danışdı?

 

Şəkidə sahibkar Hikmət Səlimovun intiharından sonra icra başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurrəhmanovun həbsilə bağlı maraqlı məlumatlar əldə etmişik. Hikmət Səlimov obyektinin sökülməsinə etiraz olaraq intihar etmişdi. Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov isə sahibkarın obyektini qanunsuz sökməkdə təqsirləndirilirlər.
Icra başçısının müavini və baş memarın həbsindən sonra belə məlumatlar yayıldı ki, bu olay Şəkinin prokuroru Ağarəhim Rəhimovla icra başçısı Murad Cabbarlı arasında baş qaldırmış ziddiyyətlərin təzahürüdür. Məlumatlara görə, prokurorun icra başçısı ilə biznes maraqları toqquşduğu üçün o, fürsətdən istifadə edərək icra hakimiyyətinin iki məsul işçisini həbs etdirib.
Lakin maraqlıdır ki, Ağarəhim Rəhimov “Azadlıq”a açıqlamasında Murad Cabbarlı ilə dostluq münasibətləri olduğunu deyib: “Açığı, dediyiniz məlumatlardan xəbər tutanda xeyli təəccüblənmişdim. Əvvəla, bildirim ki, mən bir neçə aydır ki, səhhətimlə əlaqədar işə çıxmıram. Və Şəkidəki həbsləri də rayon prokurorluğu deyil, Respublika Prokurorluğu həyata keçirib. Yəni, bu iş bizdə deyil axı mən kimisə tutdurum. Ikincisi, Murad Cabbarlı ilə aramda hər hansı ziddiyyət yoxdur. Əksinə, münasibətlərimiz çox yaxşıdır. Elə mətbuatda gedən bu məlumatları də Murad Cabbarlı deyib. Mətbuatdan izləyə bilməmişəm, çünki səhhətim imkan vermir, əməliyyat olunmuşdum. Deyirlər ki, guya mən kimlərisə öyrədirəm ki, icra başçısına qarşı çıxsın. Əgər icra başçısının mənimlə münasibətləri yaxşıdırsa, camaatı üstünə niyə qaldırmalıyam? Bu iş ümumiyyətlə, bizlik deyil”.
“Azadlıq”a daxil olan məlumatlara görə, əslində Şəkidəki həbslər rayona nəzarət uğrunda bir neçə oliqarx arasında gedən savaşın nəticəsidir. Hazırda Şəki Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin kurasiyasındadır. Murad Cabbarlı da Cahangir Hacıyevə yaxın şəxsdir. Lakin əslən şəkili olan ədliyyə naziri Fikrət Məmmədov və baş nazirin birinci müavini Abid Şərifov da bu rayona nəzarət imkanlarını artırmaq istəyir. Məlumatlara görə, Şəkidəki həbslərin arxasında bu iki şəxsin, xüsusən də Fikrət Məmmədovun dayandığı deyilir. Məlumatlara görə, ədliyyə naziri Murad Cabbarlını öz adamı ilə əvəzləmək üçün baş prokuror Zakir Qaralov vasitəsilə icra hakimiyyətinin iki məsul şəxsini həbs etdirib. Yeri gəlmişkən, Şəkinin prokuroru Ağarəhim Rəhimovun dediklərində müəyyən qədər həqiqət var. Eldəniz Qəhrəmanov və Yusif Abdurrəhmanov baş prokurorun birici müavini Rüstəm Usubovun təqdimatı ilə həbs edilib…
Mövzunu diqqətdə saxlayacağıq.

 

İnformasiya şöbəsi