“Mən o gün Təhrir meydanına getdim. Yanımda sadəcə üç adam vardı. Ciyərlərim partlayıncaya qədər bağırdım… Burada dörd adam özünü yandırır. Yoxsulluq üzündən, xalqın bu şəkildə aşağılanması üzündən özünü yandırır. Burada özlərini yandırırlar, çünki atəşdən deyil, təhlükəsizlik qüvvələrindən qorxurlar. Biz özümüzü yandırırıq… siz oyanasınız deyə…”.
Bu sözləri indi Misir inqilabının simvollarından birinə çevrilən 26 yaşlı Əsma Mahfuz 25 yanvar aksiyasından sonra internetdə yaydığı videoda səsləndirmişdi. Qahirə şəhərindəki Amerika universitetinin tələbəsi, 6 Aprel Gənclik Hərəkatının liderlərindən biri Əsmanın sosial şəbəkədəki fəallığı keçən ilin iyununda polisin qətlə yetirdiyi gəncin adına Facebook-da yaradılan “Biz hamımız Xalid Səidik” çağırışıyla başlamışdı. Sonra bu dalğa daha geniş çevrəyə yayılmışdı.
Misirdə məlum aksiyalar başlamazdan əvvəl o, internetdə belə bir müraciət yaymışdı: “Dostlar! Mən 25 yanvar günü Azadlıq meydanına gedirəm. Vətənini sevənlər, zərrə qədər şərəfi olanlar ora gəlsin. Biz də tunislilərin etdiyini edə bilərik. Lütfən, ”Ümid yox!” deməyin. Siz belə dediyiniz halda ümid olmaz. “Zülmə yetər!” demək üçün evdən çıxın. Oturmaqla olmaz. Biz sadəcə azadlığımızı istəyirik. Insan olaraq yaşamaq istəyirik. Yetər!”. Hazırda Əsmanın adı hərəkatçılar arasında elə populyarlaşıb ki, onun Nobel mükafatına namizədliyinin irəli sürülməsi belə gündəmə gəlib.
Misir inqilabı adi bir təsadüfdən yaranan proses deyil. Bu, xalqın uzun illərdən bəri qəlbinə sıxılmış qəzəbinin partlayış dalğasıdır. Artıq Misirdəki xalq hərəkatına impuls verən aparıcı gücün gənclik olduğu göz önündədir. Bu inqilabın əsas ilhamvericilərindən biri, Google-ın Yaxın Şərq üzrə təmsilçisi 30 yaşlı Vael Qhonimin adı da indi bütün dünyada məşhurdur. Amma o, fəaliyyətinə görə özünü qəhrəman hesab etmədiyini söyləyib: “Mən ancaq internet qarşısında çalışıram, həyatıma real təhlükə yoxdur, əsl qəhrəman o meydanda olanlardır”.
Mübarək rejimi “üsyançı” Vael Qhonimi bir müddət həbsdə saxlasa da, təzyiqlərə davam gətirməyib onu azad etdi. Amma can verməkdə olan rejim dişindəki son zəhərini də xalqın üzərinə qusmaqdan qalmır. Qhonimdən dərhal sonra daha bir fəal gənc, bloger fəaliyyətinə görə 4 il həbsdə yatmış Karem Amer yoxa çıxıb. Yaxınları böyük ehtimalla onun həbs olunduğunu söyləyirlər.
Əslində son illər Azərbaycanda cərəyan edən hadisələrlə Misirdə baş verənlər arasında çox paralellər var. Misilsiz dərəcədə sərvət toplamış hakim elitanın xalqla hesablaşmayan özbaşına bir rejim yaratması, azad söz və azad toplaşmaq hüquqlarının yasaqlanması, müxalif fikirli yazarların, azad düşüncəli gənclərin çirkin ittihamlarla şərlənərək həbsxanaya salınması hamımız üçün tanış məsələlər deyilmi?.
Keçən həftə gənc cəbhəçi fəal Cabbar Savalantürkün iyrənc ittihamla həbs olunması da bu ssenarinin davamıdır. Cabbarın partiyanın Gənclər Komitəsindəki, Facebook-dakı fəaliyyətini izləyənlər onun hakim rejimə qarşı necə üsyan püskürdüyündən xəbərdardırlar. Hətta o, son çıxışında eynilə Misirdəki gənc həmkarları kimi, “qəzəb günü”ndən bəhs edərək, insanları haqsızlığa qarşı küçə aksiyalarına çıxmağa səsləmişdi. Azərbaycan hakimiyyəti dünyada baş verənlərdən dərs almaq əvəzinə, bənzər rejimlərin səhvlərini dönə-dönə təkrarlayaraq öz durumunu daha da mürəkkəbləşdirir. Insanların bu haqsızlıqlara olan qəzəbi bir gün partlayacaq, mütləq partlayacaq!
“Biz özümüzü yandırırıq” siz oyanasınız deyə…»
•