İ
«Bu cılız, iyrənc şərlə onlar sənin qarşında nə dərəcədə aciz olduqlarını təsdiq etmiş oldular»
AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının həbsindən bir həftə keçir. Xatırladaq ki, Cabbar fevralın 5-də şərlənərək, Sumqayıt polisi tərəfindən həbs olunub. Məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Azərbaycan ictimaiyyətilə yanaşı, beynəlxalq aləmdəki bir sıra nüfuzlu təşkilatlar da Cabbarın həbsinin siyasi sifarişin nəticəsi olduğu haqda bəyanat verib.
Ictimai Palata: “Cabbarı dərhal azad edin!”
Dünən Ictimai Palata da gənc fəalın şərlənərək həbs olunmasını kəskin şəkildə pisləyib. Palata üzvləri baş verənləri birmənalı şəkildə ölkə vətəndaşlarının hüquq və azadlıqlarına yönələn repressiya kimi dəyərləndirib.
“Cabbar Savalanlı saxlandığı andan prosedur pozuntularla üzləşib. O, həbs olunandan sonra vəkillə təmin olunmayıb, yaxınları onun həbsilə bağlı məlumatlandırılmayıb. Ondan ifadələr fiziki və psixoloji təzyiqlər altında alınıb. Bütün bunlar Cabbar Savalanlıya qarşı qərəz olduğunu sübut edir”, – deyə Ictimai Palatanın bəyanatında vurğulanır.
Ictimai Palata siyasi motivlə gerçəkləşdirilən bu həbsi avtoritar rejimin öz dayaqlarını gücləndirmək üçün cəmiyyətdə qorxu yaratmaq, insanları fəal vətəndaş mövqeyindən çəkindirmək istəyi ilə əlaqələndirib.
Ictimai Palata həmçinin hakimiyyəti dərhal yol verdiyi səhvi düzəltməyə, Cabbar Savalanlını həbsdən azad edib, ölkədə fikir müxtəlifliyinə dözümlə yanaşmağa çağırıb.
Gənclər Cabbarla bağlı həmrəy olmağa çağırır
Bu yaxınlarda təsis olunmuş “Azad Gənclik” Təşkilatı da Cabbarın həbsinin siyasi xarakter daşıdığını bəyan edib. Təşkilatın bəyanatında Emin Milli və Adnan Hacızadənin həbsi yada salınır. Həmçinin qeyd olunur ki, bu cür həbslər Azərbaycanda insanların hüquq və azadlıqlarının boğulmasının sübutudur.
“Azad Gənclik” həmçinin ictimai-siyasi sferada fəaliyyət göstərən gəncləri, hüquq müdafiəçilərini, jurnalistləri Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsinə qoşulmağa, onun hüquqlarının aktiv müdafiəçisi olmağa çağırıb.
“Məhkəmə ədalətli qərar çıxarmasa…”
“Dalğa” Gənclər Hərəkatı da olayı pisləyən bəyanatla çıxış edib. “Dalğa” üzvləri bu hadisəni Azərbaycanda gənclərin siyasi baxışlarının formalaşmasının qarşısını alan bir addım kimi qiymətləndiriblər. Həmçinin onlar ictimai baxımdan bütün aktiv gəncləri bu olay ətrafında birləşməyə, həmrəy olmağa çağırıb: “Ümid edirik ki, məhkəmə absurd ittihamla saxlanılan gəncin azad olunması barədə ədalətli qərar çıxaracaq. Əks təqdirdə, biz hərəkat olaraq haqqın öz yerini tapması üçün bütün resurslarımızı səfərbər edib, konstitusiya ilə bizə verilmiş hüquqlardan istifadə edərək, vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik”.
Cabbarın fakültə dekanı: “Intizamlı, savadlı və tərbiyəli tələbədir”
Dünən “mediaforum”un suallarını cavablandıran Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin dekanı Adil Baxşəliyev Cabbar Savalanlının savadlı və intizamlı tələbə olduğunu deyib: “Universitetə 503 balla daxil olub və dövlət hesabına təhsil alır. Savadlı uşaqdır. Yanvarın 24-də II kurs tələbələrinin sonuncu imtahanı oldu. Imtahanlarından da qiymətləri yaxşı və əladır. Indi tətildədirlər. Fevralın 16-da onların dərsləri başlayacaq”.
Adil Baxşəliyev Cabbar Savalanlının AXCP üzvü olması və tutulması haqda məlumatı olmadığını deyib: “Cabbar heç bir problemi olmayan tələbədir və davranışı ilə heç bir tələbədən də seçilmir. Adi tələbələrdən biridir. Onun təhsilə münasibəti yaxşı olub. Universitetdə təhsil aldığı 1 il 6 ayda onun əxlaqında və davranışında hər hansı problem müşahidə eləməmişəm”.
Dekan Cabbar Savalanlının narkotik ittihamı ilə saxlanmasının inandırıcı olmadığını deyib. O bildirib ki, bu işlərlə polis məşğul olsa yaxşıdır.
Yeri gəlmişkən, AXCP Gənclər Komitəsi Cabbar Savalanlının təhsil aldığı universitetə müraciət etmək niyyətindədir. Bu barədə komitənin sədri Əbülfəz Qurbanlı məlumat verib: “Cabbar Savalanlının Hüquqlarının Müdafiəsi Komitəsi ali məktəbdən, tarix fakültəsinin dekanından dəstək istəyəcək. Gənc fəal Emin Milli həbs olunanda onun Almaniyada magistr təhsili aldığı Avropa Saarbruken Hüquq Məktəbi həbsi pisləmiş və Emin Milliyə dəstək vermişdi. Ümidvarıq ki, bizim ali məktəblərimiz də belə müstəqil hərəkət edəcəklər”.
Sıravi insanlar Cabbarın həbsilə bağlı nə düşünür?
Sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda yüzlərlə insan Cabbarı dəstəkləyən şərhlər, qeydlər yazır. “Azadlıq” radiosunun saytında şərhlərin hamısında Cabbarın həbsi pislənilir. Oxucular gənci şərləyən insanları lənətləyirlər. Şərhlərdən bəzilərini təqdim edirik:
“Bu cür oxuyan gəncləri qabağa çəkib dəstək olmaqdansa, ləkələyib aradan götürməyə çalışırlar. ”Mənim polisim məni qoruyur” əvəzinə, “mənim polisin məni öldürür” demək lazımdır. (Bir anadan);
“Cabbar, sən bizim fəxrimizsən! Bu cılız, iyrənc şərlə onlar sənin qarşında nə dərəcədə aciz olduqlarını təsdiq etmiş oldular. Ar olsun onlara! (Ələkbər);
“Saçınızı qara rəngə boyayan DIN işçiləri, siz hər kəsi, hər şeyi ancaq qara görürsünüz! Evinizdə saxladığınız, özünüzdən olan gül balalarınızın cibinə yaxşı-yaxşı baxın. Orda nə qədər istəsəniz istifadəsi qadağan edilən maddələr var. Onları müsadirə edin ki, davamçılarınız zəhərlənib tez tələf olmasın. Yoxsa camaatın gələcəkdə qanını sovuracaq əqrəblərə bizi həsrət qoya bilərsiniz”. (Aza);
“Bunlar qorxularından bilmirlər nə edələr. Artıq elə bilirlər ki, şərləməklə də ”adamların qarınlarını doydurub, işlə təmin edib” onları etirazlarından imtina edəcəklər. Bu etirazların qarşısını ala bilməyəcəksiniz! Necə ki, bu iqtidardan, Ilham Əliyevdən, Ramiz Mehdiyevdən min qat avtoritar və ağıllı olan Mübarək bunu bacarmadı. Alınmayacaq cənablar! Xalq gec-tez sizi qovacaq ölkədən. Cabbarı tutmağınız sizin ayağınıza yazılacaq” (Halfbrain);
“Belə millətçi oğlanları tutanda adam lap özündən çıxır. Siqaret belə çəkməyən insanın üstündən tiryək çıxardırlar. Sehrbazdırlar lap!” (Cavid).
Elmin