Heç bir kapital gətirməyən proyektə investisiya yatırmaq məntiqsizlikdir
Məhəmməd Talıblı: «ARDNŞ bir yandan 750 milyon kredit alır, bir yandan da belə bahalı layihəyə imza atır»
Dövlət Neft Şirkətinin (SOCAR) maliyyələşdirdiyi 1 milyard dollar dəyəri olan stadion hazırda mətbuatda ciddi müzakirə mövzusudur. Rəsmilər bu bahalı layihənin 2020-ci il Yay Olimpiya Oyunlarına Bakı şəhərinin namizədliyini irəli sürməyi planlaşdırdıqları üçün reallaşdırdıqlarını bəyan edirlər. 64 min nəfərlik tamaşaçı tutumu olan stadionun tikintisinə artıq başlanılıb. Layihənin icraçısı Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkətidir. Stadionun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahədə tikiləcək stadion FIFA standartlarına uyğun olacaq.
İqtisadçı-ekspert Məhəmməd Talıblı bildirdi ki, ümumilikdə götürdükdə, şoranlıq sahə olan və qrunt sularının altında qalan 50 hektar ərazini abadlaşdırmaq özlüyündə yaxşı haldır. Amma Azərbaycanın böyük idman yarışlarına ev sahibliyi etməsi kimi populist iddialar fonunda milyard manatlıq layihə cəsarətli addım deyil. Çünki ölkə iqtisadiyyatının dekorativ baxımdan yaxşı görünməsi üçün belə vəsaitləri xərcləmək məntiqli addım sayıla bilməz: “Ölkədə yoxsulluğun səviyyəsi kifayət qədər yüksəkdir, məşğul əhalinin özünütəminat imkanları yüksək deyil, kütləvi olaraq yeni və davamlı iş yerlərinin açılması zərurəti olduğu halda belə layihələrin həyata keçirilməsinin heç bir anlamı qalmır? Bu necə idarəetmədir?
ARDNŞ-in özü Mərkəzi Bankdan 750 milyon manat məbləğində kredit alır. Amma eyni zamanda heç bir kapital yaratmayan belə sosial investisiya layihələrinə səxavətlə milyard manat xərcləyir? Bu başdan proqnoz verirəm ki, bu layihə 1 milyard manatlıq layihə olmayacaq. Sonradan bu layihəyə daha böyük məbləğdə vəsait xərclənəcək. Çünki istər Neft Fondunun, istər büdcənın sənaye-tikinti investisiya xərcləri, istərsə də Neft Şirkəti xətti ilə sərf olunan investisiya layihələrinə sonda smetada nəzərdə tutulan vəsaitdən daha artıq maliyyə sərf olunur. Oğuz-Qəbələ-Bakı su kəməri də əvvəl 380 milyon manata nəzərdə tutulmuşdu, sonda bu bizə 747 milyon manata başa gəldi”.
M.Talıblının fikrincə, eyni zamanda ARDNŞ-in son illərdə dolayı subsidiyalaşma siyasəti dayandırılsa da, bununla belə şirkət dövlət büdcəsindən yenə də maliyyə yardımları almaqdadır. Təkcə 2008-2009-cu illərdə dövlət büdcəsindən 600 milyon manat əvəzsiz maliyyə yardımı alıb. Maliyyə böhranı zamanı əksər dövlətlərin investisiya layihələrini təxirə saldığı halda bizim hökumətin sistemsiz və populist niyyətlərə xidmət edən layihələri yenə də davam etdirilir: “Bəzi ekspert qiymətləndirmələrinə görə, həmin texniki-iqtisadi göstəriciləri olan stadion Moskvada 235 milyon, Istanbulda 382 milyon dollara başa gəlir. Eyni zamanda bu layihə zamanı çoxlu sayda vətəndaşımızın mülkiyyət hüquqları kobudcasına pozulacaq”.
Stadion tikilişinin hökumətin bəyanatlarına da zidd olduğunu deyən M.Talıblı qeyd etdi ki, əslində bu addımla hakimiyyət özünü ifşa edir: “Bizim hökumətə deyəndə ki, sizin neft strategiyanız hansı hədəfləri nəzərdə tutur? Deyirlər ki, biz qeyri-neft sektorunu inkişaf etdirib, intellektual sahəyə investisiya etmək istəyirik. Axı idman intellektual sektor deyil?! Biz niyə ölkədə elmi potensialı stimullaşdırmaq yerinə, səhiyyə və təhsil sistemində islahatlar aparmaq əvəzinə idman tədbirlərinə önəm veririk?! Əvvəllər regionlarda olimpiya kompleksləri tikilirdi, indi artıq regional layihələr öz dövrünü başa vurdu. Başlayıblar ölkə miqyasında iri komplekslərin tikintisinə”.
Xəyal