Millət daha Süleyman Rüstəmin “cənnət görmək istəyən, Azərbaycana gəlsin” məşhur misraları ilə məzələnməkdən çoxdan bezib. Bəlkə də S.Rüstəm kimi yüzlərlə Sovet Azərbaycan şairi zamanında elə saxta şeirlər yazmasaydı, Vətəni bu gün cəhənnəmə çevirməyə kimsə cürət etməzdi. Cəhənnəm əzabı çəkən millət Sovet şairlərinin ən yaltaq misralarını “redaktə” etməklə hirsini soyudur: “mən hansı bir Cəllada bənzədim bu hakimiyyəti”, “hər sadə, mürəkkəb dərdlərimizin də, əzəl səbəbkarı hökumətimizdir”.
Amma vətəndaşların içindəki nifrəti, ah-naləni, acıları ən məşhur şeir də, ən pis söyüş də, ən ağır qarğış da yüngülləşdirə bilmir. Hökumətin qəddarlığı, acgözlüyü, saxtakarlığı qarşısında SÖZ də aciz qalıb, haqsızlıqdan boğulan insanlara təsəlli ola bilmir. Bəlkə, bu hökumətin qəddarlığına heykəl qoymaq lazımdır: hamı gəlib ona bir kəllə vursun, başağrısı keçsin, qan təzyiqi düşsün… Bu yaxında internetdə gördüyüm bir rəsm əsəri məni məhv etdi, heç cür özümə gələ bilmirəm. O şəkli görəndən sonra bir həftə xəstə yatdım. Amma nə rəssamın, nə də qorxulu əsərin adını yazan deyiləm. Çünki istəmirəm kimsə mənim vəziyyətimə düşsün. Ona ancaq dövlətin harın məmurları və manyaklar baxıb zövq ala bilər. Onsuz da, məmləkət başdan-ayağa ona bənzər şəkillərlə bəzənib, sadəcə, o şəkillərin quyruq və buynuzları yoxdur. Internetdə gördüyüm rəsm əsəri, hakimiyyətə gəlmək üçün qanunları zorlayıb, millətə təcavüz edənlərin əsl simasıdır: üz-gözündən hiyləgərlik tökülən, qanlı dırnaqları, iti buynuzları, uzun quyruğu, bütün bədəni qara tüklə örtülən yekəpər Şeytan məsum üzlü qadınları, iyrənc, əyri qolları arasına alıb və onlara təcavüz edir.
Buynuzlarından, qulaqlarından… tutmuş quyruğuna kimi, bədənində tərpənən-tərpənməyən, bərk-boş nə varsa hamısı fəaliyyətdədir. Hətta qollarının arasına sala bilmədiyi, uzaqda olan qadınlara uzun dırnaqları, tükləri ilə təcavüz edir. Dəhşətdir! O şəkilə baxanda, o şəkli təsəvvür edəndə adamın ürəyi bulanır, bədənində qanı donursa, bəs o şəkildəki qadınların yerinə olmaq necədir? Axı o şəkildəki zavallı, biçarə qadınlar BIZlərik! Hər yerdə hüquqları zorlanan BIZlər. Bezib ölkəni tərk etməyənlər, boğazına kəndir keçirtməyənlər… Rəsmdəki təcavüzkar Şeytan isə HÖKUMƏT və onun hiyləgər, rüşvətxor məmurlarıdır: bütün orqanları ilə rüşvət istəyən, vətəndaşları incitməkdən həzz alan, millətin qanını şərab kimi içib sərxoş olan bir hökumətin rəsmini başqa nə cür çəkmək olar? Hər nazirlik Şeytan hökumətin bir orqanı – buynuzu, qulaqları… ağzıdır. Dövlət idarəsində işləyən hər məmur isə Şeytanın bədənindəki iyrənc, xoşagəlməz bir tükdür.
Hökumətin yenicə elan etdiyi “korrupsiyaya qarşı mübarizə” şüarı meymunların bədənlərindəki tüklərlə mübarizəyə bənzəyir. Nə qədər rüşvətxor məmuru işdən çıxarsalar (qırxsalar) da, yeniləri daha qəddar (cod) olacaq. Hökumətin rüşvətdən qurtuluşu mümkün deyil. Çünki hətta tükləri ilə də rüşvət alan bu hökuməti nə krem-depilyatorla, nə isti mumla, nə ülgüclə təmizləmək mümkündür. Xoşagəlməz TÜKlərin kökünü kəsmək üçün onları müdrik USTAlar lazerlə epilyasiya etməlidir: qan tökmədən, çapıq qoymadan…