Əgər populist olsaydılar…

Bir az da təxəyyülə və arzulara meydan vermək istəyirəm. Onsuz da sonda hər şey gəlib siyasətə bağlanacaq. Bilirsiniz, nə demək istəyirəm? Bu yaxın vaxtlar olardı, nano-texnologiyalar haqda oxuyurdum. Təsəvvür edin, bir vaxt gələcək, qəzetlərdə şəkil əvəzinə video yerləşdiriləcək, daha kağıza elə bir ehtiyac olmayacaq. Indi digər qurğuları yada salın. Yeni texnologiyalar onları nə qədər dəyişəcək? Qəzet əvəzinə nano-qəzetlər çıxacaq, hərçənd bilmirəm o vaxt qəzetə ehtiyac qalacaqmı? Onsuz da internet artıq çoxdan qəzetlərin dabanını tapdalamağa başlayıb… Bir çox ölkələr artıq çox ciddi şəkildə nano-texnologiyaların inkişafına vəsait ayırır. Rusiyada çoxdan komitə yaradılıb, rəhbəri də A.Çubaysdır. Bizimkilərdən hələ elə bir soraq yoxdur. Bəzi məlumatlara görə pərakəndə şəkildə işlər gedir, amma bunlar daha çox fərdi təşəbbüslər və ya elmi qrantlar hesabına həyata keçirilir. IKT (informasiya-kommunikasiya texnologiyaları) deyib durmuşuq, amma bu da daha çox şüarçılıq səviyyəsindədir. Doğrusu, heç bilmirəm, büdcədən elmə nə qədər vəsait ayrılır? Güman edirəm ki, bir o qədər də çox deyil. Bir detalı qeyd edim. Bizdə, adətən, hansısa sahəyə vəsait ayırmaq haqda söz gedəndə həmin sahənin adamlarının sosial problemlərini həll etməyə cəhd edirlər. Təbii ki, sosial problemlərin həlli vacibdir, məsələn, alimin maaşı və məişət problemləri ona elmlə məşğul olmağa imkan vermirsə, ona kömək etmək lazımdır. Amma sosial problemlərdən savayı sırf elmi tədqiqatlar və texnologiyalar üçün də vəsait ayrılmalıdır. Burada da maliyyələşdirmə daha çox ünvanlı şəkildə həyata keçirilməli, konkret elmi tədqiqatlara maliyyə və texniki yardım göstərilməlidir. Allah eləməsin ki, bu ünvanlı yardım da elə ünvanlı sosial yardım kimi olsun! Hər halda, ümid edək, belə olmayacaq.

Korrupsiya ilə mübarizə budurmu?

Adam arzulara da qapıla bilmir. Heç olmasa, bircə anlığa özünü normal bir dövlətin vətəndaşı kimi hiss etmək istəyirsən, başlayırsan arzulamağa, zira tez bir zamanda reallıq səni göylərdən yerə endirir və yadına salır ki, bəli, sən hansısa bir Avropa dövlətinin vətəndaşı deyilsən, çox “orijinal” şəkildə idarə olunan Azərbaycanın vətəndaşısan və başlayırsan daha soyuqqanlı düşünməyə… Indi ölkədə yarış gedir, kim daha çox adamı işdən azad edib işsizlər sırasına göndərəcək! Bununla korrupsiya problemi həll olunarmı? Biz unuduruq, ya da reallıq bizə imkan vermir ki, korrupsiyaya bir sistem hadisəsi kimi baxaq. Korrupsiya sistem hadisəsidir. Onun mövcudluğunun səbəbi nədir? Şəffaflığın olmaması, ictimai nəzarətin yoxluğu və bir də bu hadisənin yüksək dairələr tərəfindən stimullaşdırılması. Əsas səbəb budur. Bir-iki prokuroru, iki-üç polisi, üç-dörd məmuru işdən azad etməklə çox çətin ki, problem həll olunsun. Bəli, kampaniya üçün belə tədbirlərə müraciət etmək olar, amma bu, ucuz populizmdən başqa da bir şey deyil. Buna hətta populizim də demək çətindir, çünki populizmdə bir sadəlövh xeyirxahlıq niyyəti olur. Amma burada belə bir niyyət varmı? Çox çətin ki, buna müsbət cavab vermək mümkün olsun. Məsələn, Küveyt siyasətində populizm axtarmaq olar, burada ərzağı düz bir il pulsuz etmək istəyirlər və ya Türkmənistanda bir vaxt işıq, su və qaz pulsuz idi. Bizi idarə edənlərdə az da olsa populizm olsaydı, onlar sovet dövründən banklarda qalan əmanəti qaytarardılar. Amma qaytarırlarmı? Halbuki bu, çox ədalətli addım olardı və dövlətə qarşı institusional inamı artırardı. Amma qaytarırlarmı?

Kiçik sözardı

Bütün hadisələrə bir qərbli və bir də şərqli prizmasından baxmaq olar. Qərb yanaşması daha çox əməkdaşlığı, müstəqilliyi nəzərdə tutur. Amma Şərqdə bir ürəyi yanmaq, ürək yanğısı olur. Şərqlə Qərbin qovşağında yerləşən bir ölkə olan Azərbaycanda bu yanaşmalardan heç biri yoxdur. Insanları təbii ki, tərəf müqabili kimi qəbul etmirlər, amma ürəkləri də yanmır. Onda bəs nə etməli? Axı biz qərbli ola bilmiriksə, heç olmasa, şərqli olaq, Küveyt olaq! Yoxsa bu da məqbul deyil? Onda nə edək? Bir çıxış yolu olmalıdır axı!