«Türkiyə ilə Azərbaycan arasında həllini gözləyən vacib məsələlər hələ də qalmaqdadır»
Elxan Şahinoğlu: «Ankara rəsmi Bakıdan cavab gözlədiyi müddətdə onlarla ölkə ilə viza anlaşması imzalayıb»
Son zamanlar Türkiyədən Azərbaycana rəsmi səfərə gələnlərin sayı yenidən artmaqdadır. Bir sıra ekspertlər bunu regionda cərəyan edən proseslərlə əlaqələndirsələr də, səfərin intensivləşməsi ilə bağlı başqa fikirlər də mövcuddur. Digər fərziyədə əsas diqqət iki ölkə arasındakı münasibətlərin gərgin olmasına çəkilir. Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya ilk sualımız da elə bununla bağlı oldu:
– Türkiyə-Azərbaycan münasibətlərində son 6 ayın dinamikası həqiqətən yüksəkdir. Türkiyə Cümhurbaşqanı Abdullah Gül avqust ayında Bakıya gələrək azərbaycanlı həmkarı ilə qarşılıqlı yardım haqqında anlaşma imzaladı. Ardından dövlət başçısı Istanbula səfər edərək qardaş ölkənin baş naziri ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılmasına dair bəyannamə imzaladı. Dekabrda Milli Məclis Türkiyə ilə imzalanan anlaşmanı ratifikasiya etdi, Ilham Əliyev isə hərbi əməkdaşlığa dair dekabrın 16-da Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzaladı. Qısa zaman kəsiyində Türkiyənin müdafiə naziri, jandarm qüvvələri komandanı və Milli Istihbarat Təşkilatının rəhbəri Bakıya gəldilər. Bu ay Türkiyənin baş qərargah rəisi də Azərbaycana səfər edəcək. Bütün bunlar ondan xəbər verir ki, strateji müttəfiqlər arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuşuq. Ancaq həllini gözləyən vacib məsələlər də var.
– Hansı məsələləri nəzərdə tutursunuz?
– Yüksək Səviyyəli Əməkdaşlıq Şurası haqqında bəyannamə imzalansa da, fəaliyyət mexanizmləri hələ hərəkətə gətirilməyib. Bunun üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməli və Ilham Əliyevlə Şuranın alt komitələrini formalaşdırmalıdırlar. Ancaq bu məsələ yubanır və Ərdoğanın səfər tarixi qeyri-müəyyən olaraq qalır. Viza ilə bağlı məsələyə də aydınlıq gətirilmir. Ankara rəsmi Bakıdan cavab gözlədiyi müddətdə onlarla ölkə ilə viza anlaşması imzalayıb. Ərdoğan sonuncu belə anlaşmanı Kiyevə səfəri zamanı ukraynalı həmkarı ilə imzalayıb. Azərbaycan hakimiyyəti isə hələ gözləyir. Elə bu gözləmə də Ərdoğanın nə zaman səfər edəcəyi sualını açıq saxlayır. Ərdoğan Bakıdan Ankaraya əliboş dönmək istəmədəyindən viza ilə bağlı Azərbaycan hakimiyyətindən cavab gözləyir.
– Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç müsahibələrində iki ölkə arasındakı münasibətlərdə problem olmadığını vurğulayır…
– Cənab Kılıçın bazar günü ANS kanalına verdiyi müsahibəni izlədim. Əlbəttə, Türkiyənin Azərbaycandakı səfiri daima strateji müttəfiqlik və qardaşlıqdan danışmalıdır. Ancaq fikrimcə, səfir mövcud problemləri də gizlətməməlidir. Səfir həmin müsahibədə münasibətlərdə hər şeyin gözəl və rəvan olduğunu dedi. Biz də belə olmasını istəyirik. Ancaq, axı hər şey gözəl deyil. Səfir ANS aparıcısının Ərdoğanın səfərinin yubanması ilə bağlı sualına da elə cavab verdi ki, sanki bunda qeyri-adi heç nə yoxdur. Ötən il də belə olmuşdu. Şəhidlər xiyabanında Türkiyənin bayraqları sökülür, dirəklər yerindən çıxarılır, Türk məscidi qapadılır, səfir isə durumu müşahidə etməklə işini bitmiş hesab edirdi. Bayraqlar yerinə qaytarıldıqda isə səfir buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdi. Azərbaycan hökumətinin borcu idi ki, dəhşətli səhvini düzəldərək dirəklərlə birgə qopartdığı bayraqları yerinə qaytarsın. Buna görə hökumətə niyə minnətdar olmaq lazım idi, doğrusu bunu anlamadım.
Yəni, heç kim səfirdən tələb etmir ki, sərt açıqlamalar dilə gətirsin, ancaq problemləri ibarəli şəkildə də olsa ictimaiyyətə açıqlamalıdır. Yəni səfir ən azı yumşaq şəkildə “viza probleminin həllini səbirsizliklə gözləyirik” və ya “Azərbaycan ictimaiyyətinin Ərdoğanın səfərinin uzanmasından duyduğu narahatlığı biz də bölüşürük” kimi ifadələr işlədə bilər ki, bundan hərə öz payını götürər. Yoxsa münasibətlərdə “hər şey yaxşıdır”, “hər şey əladır” ifadələri ona gətirib çıxarar ki, həm gələcəkdə oxşar problemlərlə üzləşə bilərik, həm də Türkiyə bayraqlarını kökündən çıxaran məmurlar öz əməllərinə görə məsuliyyət hiss etməzlər.
– ABŞ dövlət katibi Hillari Klinton Tunis və Misir hadisələrindən sonra ölkəsinin səfirlərinə tapşırıb ki, kabinetlərində az otursunlar, müxtəlif düşüncəli insanlarla təmasda olsunlar. Sizcə, Türkiyə səfirlərinin fəaliyyyətində də bir dönüş yarana bilərmi?
– Hillari Klintonun qeyd etdiyiniz təlimatı ilə mən də tanışam. Dövlət katibi səfirlərə tapşırıb ki, rəsmilərlə yanaşı, müxalifət və gənclər təşkilatlarının liderləri ilə də görüşsünlər, QHT təmsilçiləri ilə fikir mübadiləsi aparsınlar. ABŞ-ın Azərbaycana təyin olunan yeni səfiri Metyu Brayzanın məhz deyilən istiqamətdə çalışacağına şübhə etmirəm. Avropa Birliyi ölkələrinin səfirləri də, adətən, bu istiqamətdə fəaliyyət göstərirlər. Eyni yanaşmanı Türkiyənin Azərbaycandakı səfirindən də gözləyirik. Qardaş ölkənin səfiri yalnız hökumət rəsmiləri, hökumətə bağlı qurumlarla deyil, müxalif düşüncəli insan və qruplarla da fikir mübadiləsinə açıq olmalıdır. Doğrusu, Türkiyənin Azərbaycandakı səfirinin sonuncu dəfə nə zaman müxalifət liderləri ilə görüşdüyünü unutmuşam. Halbuki, 1990-cı illərin başlanğıcından 2000-ci illərə qədər Türkiyənin Azərbaycandakı səfirləri hakimiyyətin nə deyəcəyindən asılı olmayaraq istənilən tanınmış şəxslə görüşər, fikir mübadiləsi aparardı. Təəssüf ki, bu gün biz bunu görmürük.
Xəyal