Misirdə hərbi çevriliş xəbərdarlığı

Vitse-prezident müxalifəti hədələdi; müxalifət eyni dildə cavab verdi

 

Polis yenə qan tökdü

Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbiylə 16 gün öncə başlanan nümayişlər dünən də davam edib. Kütləvi etirazlar ölkənin digər şəhərlərini bürüyüb. Qahirədən 500 km cənubda yerləşən Vadi əl Cədid bölgəsində nümayişçilərlə polis arasında insident zamanı bir nəfər həlak olub.

Süveyşdə 6 minlik tətil aksiyası

Dünən hökumət əleyhdarlarının toplaşdığı Təhrir meydanının yaxınlığında yerləşən Misir parlamentinə nümayişçilərin daxil olmasının qarşısı alınıb. Əsgərlərin qoruduğu binanın önündəki aksiyada toqquşma qeydə alınmayıb.
Bundan əlavə, Qırmızı dənizi Qara dənizə bağlayan, beynəlxalq dəniz daşımaçılığının 8 faizinin həyata keçirildiyi Süveyş kanalında təxminən 6000 işçi tətil aksiyasına çıxıb.

Hökumət meydan oxudu

Misirdə yayımlanan bəzi qəzetlərin redaktorlarıyla bir araya gələn ölkənin vitse-prezidenti Ömər Süleyman nümayişçilərin dərhal istefa verməsini istədiyi prezident Hüsnü Mübarəkin vəzifəsinin başında olduğunu söyləyib.
Vitse-prezident paytaxt Qahirədə davam edən antiMübarək mitinqlərinə toxunaraq hökumətin nümayişlərin uzunmüddətli olmasıyla razılaşmayacağını bildirib. Ömər Süleymanın sözlərinə görə, böhran ən qısa zamanda həll olunmalıdır. O, hakimiyyətin mövcud gərginliyin dialoq yoluyla yatırılmasının tərəfdarı olduğunu və problemləri polis vasitəsiylə aradan qaldırmaq istəmədiklərini xatırladıb.
Misirin vitse-prezidenti dialoqun yetərli olmayacağı halda isə böhrandan çıxış yolunun alternativi kimi hərbi çevriliş variantına əl atılacağını bildirib. Ömər Süleyman nümayişçilərə xəbərdarlıq etməyi də unutmayıb: “Belə bir çevriliş nəticəsi hesablanmayan, düşüncəsiz atılan addımlarla birlikdə bir çox məntiqsizliyi də ortaya çıxaracaq”.

“70 milyon misirlinin qarşısında necə dayanacaqlar?”

Ömər Süleymanın sözlərini təhdid kimi qəbul edən müxalifət isə buna etirazını bildirib. Təhrir meydanındakı 5 gənclər təşkilatının yaratdığı koalisiyanın təmsilçisi Əbdül-Rəhman Samir vitse-prezidentin “fəlakət ssenarisi” yazdığını söyləyib.
“Bizi meydandakı hər kəsin güc yoluyla dağıdılması anlamına gələn fövqəladə rejim qanunlarıyla təhdid edir. Amma arxamızdan gələcək 70 milyon misirlinin qarşısında necə dayanacaqlar?”, – deyə Rəhman Samir bildirib.
Altı il öncə keçirilən prezident seçkilərində Mübarəkə rəqib olan müxalifət lideri Eymən Nur “Süleyman bizə bir seçim buraxır. Çünki dialoq variantı mümkün deyil. Yəni bizə təqdim olunan seçim imkanı çevrilişdir” deyib.

Mübarəkin qəzeti də ondan üz döndərdi

Misir prezidenti Hüsnü Mübarək 30 il boyunca ölkəsində populyar qalmasını təmin edən media üzərində nəzarəti itirməyə başlayıb. Diktatoru dəstəkləyən media artıq onun yanında yer almaqdan imtina edib.
Yarı-rəsmi mətbu orqan kimi tanınan “Əl-Əhram” qəzeti rejimin əleyhinə olanların tərəfinə keçib. Qəzetin yayım direktoru Üsəma Səraya ötən gün bir məqaləylə çıxış edib. O, məqaləsində Misirdə baş verənləri inqilab adlandıraraq nümayişləri tərifləyib. Qəzetin bu qərarında yaşanan olaylar sırasında bir müxbirinin ölməsinin təsiri olduğu təxmin edilir.

Bayden misirli həmkarı qarşısında tələb qoydu

ABŞ-ın vitse-prezidenti Co Bayden Misirdə hakimiyyətin demokratik qüvvələrə verilməsi ilə bağlı hazırlanmış konkret tövsiyələr siyahısını Misirin vitse-prezidenti Ömər Süleymana çatdırıb. Bu barədə Co Bayden və Ömər Süleymanın telefon danışığı olub.
Bayden ABŞ-ın Misirdəki daxili münaqişədə birmənalı olaraq müxalifəti dəstəklədiyini və Misir hökumətinin ilk növbədə təqdim edilən təkliflərin reallaşdırılması prosesinin sürətləndirilməsinin vacibliyini bildirib. Bundan əlavə, ABŞ rəsmisi Misirdə fövqəladə hal rejiminin aradan qaldırılmasını, müxalifət fəallarına və media təmsilçilərinə qarşı repressiyaların dayandırılmasını Ömər Süleymandan tələb edib.

“Google” meneceri gənclərin təmsilçisi oldu

“Facebook” sosial şəbəkəsinin 150.000-dən çox istifadəçisi “Google” axtarış sisteminin Yaxın Şərq üzrə marketinq meneceri 30 yaşlı Vail Qonimə hökumət ilə danışıqlar aparmaq üçün Misirin inqilabi gənclərinin nümayəndəsi kimi tam səlahiyyətli olmasına səs verib. Vail Qonim yanvarın 25-də baş vermiş və sonradan kütləvi etiraz aksiyaları və toqquşmalara səbəb olan “qəzəb günü”nün təşkilatçılarından biridir.
O, digər fəallarla yanaşı “Facebook” vasitəsilə ölkədə vəziyyəti dəyişmək üçün Misir gənclərini küçələrə çıxmağa çağırışlar edib. Lakin Qonim Misir təhlükəsizlik xidməti tərəfindən həbs edilərək 12 gün həbsxanada yatıb. Qonim azad olunandan sonra Misirin inqilabi gənclər hərəkatının liderlərindən biri seçilib.

Turan