Zakir Qaralovdan özünüifşa əlaməti

Ölkənin baş prokuroru Zakir Qaralov da “antikorrupsiya görüntüsü” silsiləsindən davam edən şouda yer aldı. Adam prokurorları yığdı başına və açıq-açığına dedi ki, “korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq”!

Biz zatən bilirdik ki, ölkədə korrupsiyanın əsas “ocaqlarından” biri hüquq-mühafizə orqanlarındadır, amma bunu prokurorların başı olan Zakir müəllimin dilə gətirməsi qayət gözəl bir zad! Kişi, korrupsioner olduqlarını kişi kimi dedi, heç nədən çəkinmədi, qorxmadı, prokurorluğun rüşvət yuvasına çevrilməsinin bu yekəlikdə etirafından sonra işləməkdə davam etdi, “gözün üstə qaşın varmı, yoxmu?” deyə sorğu-sual ediləcəyindən qəti ürkmədi.
Ağlına gəlmədi ki, kimsə durub soruşar: Zakir müəllim, Respublika Prokurorluğunda korrupsiya varsa, bunun günahı kimdədir? Neçə ildi bu xaraba qoyduğunuz məmləkətin baş prokurorusan? Niyə “korrupsiyaya qarşı mübarizəyə başlamaq” haqda indi düşünürsən?
Axı, bu bədbəxt ölkənin xoşbəxt prezidenti korrupsiyaya qarşı mübarizəyə 2004-cü ildə start verib. Adam, 7 ildə indi sənə çatır ki, “başlamaq” lazımdır?
Baş prokuror deyir ki, “korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsinə qarşı mübarizə aparılmalıdır”.
Fikir verin, Zakir müəllim əsl kriminalist olduğunu fakt olaraq ortaya qoyub: “Əlamət”!
Ölkədə də millətin varına göz dikən korrupsiyalaşmış məmurlar cinayət yerində “əlamət” qoymurlar, axı… Hansının villası var? Hansı biri dəbdəbəli həyat keçirir? Hansının holdinqləri, şirkətləri göz deşir?

Heç görmüsünüz ki, Ziya Məmmədov ayı basıb yeyə? Yemir! Cənab nazirimiz Avropanın həsəd aparacağı qiymətə (!) yol tikmək, körpü çəkmək, tıxacları aradan qaldırmaq, şəhərimizin rifahı naminə 600 istiqamətə şütüyən marşrutların sayını 99-a endirib, bizi rifahlanan paytaxtımızdan saatlarla zövq ala-ala avtobus gözləməyə vadar etməklə məşğuldur!

Heç eşitmisiniz ki, Kəmaləddin Heydərov “Qəbələ” futbol klubunda oynamaq üçün milyonlar töküb xaricdən məşqçi, oyunçu gətirə? Bəlkə, onun Ingiltərədə keçirilən xeyriyyə tədbirlərinə 1 milyon dollar verdiyini oxumusunuz? Hörmətli nazirimiz sosial gərginlikdən özünü alışdıran “dəli olmuş” insanlarımızı söndürmək, kasıb əhalinin illərlə yığdığı pul bahasına aldığı evi “təhlükəli” tikildiyinə görə, yenə də altında qalıb ölməməyimiz üçün sökmək işinə baxır!
Heç danışırlarmı ki, Cahangir Əsgərov Avropa ölkələrində bir neçə yüz min dollara kirayə edilən avtomobillə adam vurub? Danışa bilməzlər! Yazıq Əsgərov bizi düşünərək, təhlükəsiz uçuşumuzu təmin etməkdən ötrü aviabiletlərin qiymətini qaldırmaq strategiyasını yürüdür. Ki, insanlarımız avtobusa üstünlük versinlər: axı, bizim göydə nə itimiz azıb? Göylə gedənik, bəyəm?

Xəyalınıza belə gətirə bilməzsiniz ki, Ramil Usubov hansısa restoranda içki içsin, sonra da Eldar Mahmudovun yanında xidməti silahını çıxarıb göyə güllə atsın! Adam ancaq cəmiyyətin keşiyindədir, milləti “narkomanlardan” qoruyur. Bax, uzunmüddətli izləmədən, axtarışlardan, çətinliklərdən sonra bir 19 yaşlı “narkomanı” da təzəcə tutdu.
Azərbaycanda dəbdəbəli həyat sürən, Dubayda, Türkiyədə, Baham adalarında xalqdan oğurladıqları hesabına villalar alan varmı?
Olsaydı, bu “əlamət”ləri Zakir Qaralov sezərdi.

Gömrükdə rüşvətin qarşısı alındı

Gömrükdə bir kiloqram parçaya görə alınan rüşvəti 3,5 dollara qaldırmaq istəyənlərə sahibkarlar yaxşıca dərs veriblər. Dərhal Gömrük Komitəsinin önünə gəlmək üçün yığışıblar!

Amma yarı yolda ayıq-sayıq polisimiz onları geri qaytarıb, fitnə-fəsadın qarşısı alınıb (yenə də Usubov!) və baş gömrükçünün adından danışan səlahiyyətli bir şəxs alverçilərə rəsmi mövqeni çatdırıb: “Gömrükdə heç bir rüşvət artımı yoxdur, bu vaxta qədər hər kiloqrama 1,7 dollar vermisiniz, yenə də belə işləyəcəyik!”
Sahibkarlar bu sözdən çox məmnun olublar və kükrəyən əsəbləri sakitləşib, narahatlıqları aradan qalxıb. Amma kimsə dilinə gətirməyib ki, “1,7 dollarlıq rüşvət” niyə verilməlidir, axı?!