İran müxalifəti rejimə qarşı üsyana çağırır

Musəvi və Kərrubi rejimi dinə zidd adlandırdı, Rəfsəncani isə Tunis və Misiri nümunə göstırdi

 

 

Kərrubi və Musəvi

İran müxalifətinin liderləri olan Mirhüseyn Musəvi və Mehdi Kərrubi İran islam inqilabının ildönümü münasibətilə fevralın 8-də birgə bəyanat yayaraq ölkədə din adı altında şahlıq dövründəki zülmkarlıqların bərpa edildiyini bildiriblər.
“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, ölkəyə hökmranlıq edən təbəqə öz mənafeyini qorumaq üçün dindən geniş şəkildə sui-istifadə edir: “Ölkə konstitusiyasının xalqın hüququna dair hissəsi, 3-cü fəsli tamamilə kənara qoyulub. Hər şey ölkəyə hökmranlıq edənlərin mənafeyinə uyğunlaşdırılıb. Belə ki, onların şəxsi mənafeyinin qorunub saxlanması məqsədilə qüdrətə üzdəniraq müqəddəs və səmavi cilvə verilib.
Ölkədə hakim olan hazırkı siyasi şərait keçmiş şahlıq dövründəkindən fərqlənmir. Yeganə fərq varsa, o da hazırda hakimiyyətin irsi olmamasıdır. Hakimiyyətdəkilər dindən bir səngər düzəldib arxasında gizlənərək daima belə bir təbliğat aparırlar ki, guya onlar olmasalar din əldən gedəcək və bu bəhanə ilə cəmiyyətdəki dindar əhalini hakimiyyət ətrafında səfərbər etməyə çalışırlar.
Halbuki cəmiyyətdəki dini inanclara və atmosferə ən böyük zərbəni vuran yeganə amil hakimiyyətin vətəndaşlara qarşı dinə zidd addımları, zülmkar rəftarıdır”.
Musəvi və Kərrubi yaydıqları birgə bəyanatda ölkədə müsbət dəyişiklik yaratmaq üçün yalnız dinc mübarizə üsuluna üstünlük verdiklərini də vurğulayıblar.

***

Rəfsəncani

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani isə internetdə yerləşdirdiyi yazıda Tunis və Misirdəki inqilabları İrana nümunə göstərib.
Rəfsəncani deyib: “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır: Heç bir diktator, xarici qüdrətlərin geniş dəstəyindən nə qədər bəhrələnsə də, xalq hərəkatının qarşısını ala bilməz. Necə ki İran şahı Məhəmməd Rza Pəhləvi o qədər iddiası və xarici himayədarı ilə xalqın mübarizəsinin qarşısında dayana bilmədi.
Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq və hələ də istibdad altında idarə olunan ölkələrdə yaşayan xalqların iradəsi və göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”.