Hakimiyyətin davranışında əsəbilik görünür”

Leyla Yunus: “Korrupsiyaya qarşı mübarizə tədbirləri gözdən pərdə asmaqdır”

“Cabbar Savalanın həbsi gəncləri qorxutmaq üçündür”

“Ərəb dünyasında siyasi sarsıntılar avtoritar rejimləri öz ölkələrində sosial partlayışların qarşısını almağın yolları barədə düşünməyə vadar edib. Belə ki, Rusiyada korrupsiyaya qarşı mübarizə haqqında söhbətlər hətta terrorizm problemini ikinci plana keçirib. Azərbaycan hakimiyyətinin davranışında da əsəbilik müşahidə olunur”.  Bu fikri “Turan”ın müxbiri ilə söhbətində Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus bildirib.
L.Yunus deyib ki, son günlər Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizə haqqında ritorikanı gücləndirib. Lakin bütün bunlar sovet dövründə gözdən pərdə asmaq üçün atılan addımları xatırladır. Hər gün bu və ya digər nazirlik korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər haqqında məlumat verir. Lakin bu tədbirlər kiçik fiqurlara – aşağı vəzifəli məmurlara aiddir. Xüsusən, Şəkidə yerli biznesmenin intiharı ilə əlaqədar rayon icra hakiminin müavini və şəhər memarı həbs edilib.
«Bəs niyə rayon icra hakiminin özü həbs olunmur? Niyə minlərlə vətəndaşın evini sökərək, onların hüquqlarını kütləvi şəkildə pozan Bakı meri Hacıbala Abutalıbov və Nəsimi rayon icra başçısı həbs olunmur? Bu gün məhkəmələrdə şəhər hakimiyyətinə qarşı 300 iddia var», – deyə Yunus bildirib.
L.Yunusa görə, digər tərəfdən, hakimiyyət repressiv tədbirlərlə sosial partlayışın qarşısını almağa çalışır və ilk növbədə ən fəallara – gənclərə təzyiq göstərilir. Misal kimi L.Yunus AXCP-nin gənc fəalı Cabbar Savalanın həbsini göstərib: «Bu, gəncləri qorxutmaq üçün bir aksiyadır».
O, belə tədbirlərin səmərəliliyinə şübhə edir. Belə ki, əsassız həbslər və hakimiyyətin digər ədalətsiz hərəkətləri əhalinin daha çox narazılığına səbəb olacaq.
SDİ direktoru hesab edir ki, sosial gərginliyin aradan qaldırılması üçün hüquqsuzluğa son qoyulmalı, demokratik azadlıqlara hörmət olunmalı və real siyasi islahatlar aparılmalıdır.