Azərbaycanı ərzaq böhranı gözləyir

Samir Əliyev: «Rusiyada sosial partlayış baş versə, bu, Azərbaycana da təsir edəcək»

 

Dünyada ərzaq böhranının baş verəcəyinə dair növbəti proqnozlar səsləndirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzağın qiymətləri növbəti rekord həddə çatıb. Qurum ərzağın qiymətinin yaxın aylarda da yüksək olaraq qalacağını proqnozlaşdırır.
Maraqlıdır ki, bundan ən çox zərər çəkəcək ölkələrin arasında Çin, Hindistan, Indoneziya və Rusiyanın olacağı bildirilir. FAO Tunisdə və Misirdə baş verənlərin səbəbi kimi də ərzaq bahalaşmasını göstərir.
Nəzərə almaq lazımdır ki, Rusiyada baş verənlər Azərbaycana da təsirsiz ötüşmür. Bu ölkədə iqtisadi durumun ağırlaşması orada çalışan yüz minlərlə soydaşımızın, eyni zamanda onların Azərbaycandakı ailələrinin maddi durumuna mənfi təsir edir.
Ölkəmizdə yoxsulluq səviyyəsinin hələ yüksək olduğunu nəzərə aldıqda proqnozlaşdırılan ərzaq böhranının Azərbaycana da ciddi təsir edəcəyini ehtimal etmək çətin deyil…
Bütün dünyada ərzaq məhsullarının bahalaşması prosesinin getdiyini deyən iqtisadçı-ekspert Samir Əliyev qonşu ölkələrdə, əsasən də Rusiyada baş verəcək hadisələrin Azərbaycana da təsir edəcəyini bildirdi: “Rusiyada hər hansı dəyişiklik Azərbaycana öz təsirini göstərəcək. Baxmayaraq ki, orada ərzaq böhranının baş qaldıracağı ehtimalı azdır. Çünki dünyada neftin qiyməti qalxır. Azərbaycanda olduğu kimi Rusiyada da büdcə gəlirlərini əsasən neftin satışından gələn vəsaitlər təşkil edir”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanda milli valyutanın möhkəmlənməsi hesabına müəyyən qədər qiymət artımının qarşısının alınması prosesi gedir. Ancaq Rusiyada vəziyyət bir qədər fərqlidir. Çünki bu ölkə milli valyutanın möhkəmlənməsində maraqlı deyil: “Azərbaycandan fərqli olaraq Rusiyada ixracda qeyri-neft sektorunun payı yüksəkdir. Bu baxımdan Rusiyada milli valyutanın ucuzlaşması, qiymətlərin isə kəskin bahalaşması prosesi gedir. Təbii ki, Rusiyada sosial partlayış baş versə, bu, Azərbaycana da təsir edəcək. Çünki bizdə də qiymətlər artır. Dövlətin tənzimlədiyi qiymətlərin artımı vəziyyəti bir qədər də ağırlaşdırır. Bunun təsirini bu yaxınlarda görəcəyik. Yəni  Azərbaycanı da kəskin qiymət artımı dalğası gözləyir”.

 

Fizzə