Misirdə iqtidar-müxalifət razılaşması

Yeni konstitusiya hazırlanır; mediaya azadlıq verilir; siyasi dustaqlar buraxılır

 

Fevralın 6-da Misir müxalifətini təmsil edən qüvvələr, o cümlədən “Müsəlman qardaşlar” hərəkatının təmsilçiləri vitse-prezident Ömər Süleyman və baş nazir Əhməd Şəfiqlə danışıq aparıblar.

 

Danışqılar zamanı konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Hökumət sözçüsü Maqdi Radi bildirib ki, gələn ayın ilk həftəsinə kimi konstitusiyaya lazımi dəyişikliklərin edilməsi üçün komitə yaradılacaq. Komitə məhkəmə hakimiyyəti və bəzi siyasətçiləri əhatə edəcək.

Konstitusiyaya ediləcək dəyişiklikləri hazırlayan komitə əvvəlcə prezident seçkisinə daha çox namizədin iştirakına zəmin yaradacaq, bundan əlavə prezidentin neçə dəfə seçilə biləcəyini müəyən edən dəyişikliklər üzərində işləyəcək. Komitə bu və ya digər dəyişikliklərlə bağlı işlərini mart ayının ilk həftəsinə qədər yekunlaşdıracaq.

Bundan əlavə, iqtidar mətbuat azadlığını məhdudlaşdırmamağa, SMS vasitəsilə mesajlaşmağa mane olmamağa, internetə məhdudiyyətlər qoymamağa razılıq verib.

Tərəflər hökumətin siyasi məhkumların şikayəti və tələblərini dəyərləndirəcək blok yaradılması sahəsində də razılıq əldə edib. Razılığa görə, nümayişlər başlayandan bəri saxlanılanlar sərbəst buraxılacaq. Hökumət korrupsiya ilə mübarizə, onun arxasındakıların müəyyən edilməsi üçün iş aparacaq.

Ömər Süleyman prezident Hüsnü Mübarəkin səlahiyətlərini icra etmək barədə müxalifətin təklifini rədd edib.

Görüşün nəticələri “Müsəlman qardaşları”nı tam qane etməyib. Təşkilatın rəsmilərindən olan Abdülmanem Abdülfatuh görüşdən sonra verdiyi açıqlamada müsbət fikirlərin olduğunu, ancaq bunların köklü dəyişikliklər olmadığını bildirib. Abdülfatuh konstitusiyanın 76 və 77-ci maddələrinin dəyişdirilməsini, parlamentin buraxmasını, bütün siyasi məhbusların azad edilməsini və fövqəladə vəziyyətin aradan qaldırmasını tələb etdiklərini bildirib.

“Tələblərimiz yerinə yetirilənədək gənclər küçələrdə olacaq və bununla paralel olaraq görüşmələrə davam edəcəyik”, deyə Abdülmanem Abdülfatuh əlavə edib.

Kontitusiyanın adıçəkilən maddələri prezident seçkisi ilə bağlıdır. Bu maddələr Mübarəkin lideri olduğu iqtidar partiyasının növbəti prezidentin kim olacağını təyin etməsinə imkan verir, seçilən şəxsin növbəti seçkidə yenidən namizəd olmasına heç bir məhdudiyyət qoymur.

Qeyd edək ki, hökumətin müxalifətlə görüşünə “Müsəlman qardaşları” ilə yanaşı, yanvarın 25-dən başlayan nümayişlərdə yer alan bəzi qruplar da qatılıb. Misir iqtidarı son 50 ildə ilk dəfə “Müsəlman qardaşları” ilə eyni masaya oturub.

Muxalifət liderlərindən olan Məhəmməd Əl Baradeyin təmsilçisi Mustafa Naqqar toplantının müsbət hal olduğunu, ancaq bunun sadəcə bir başlanğıc olduğunu deyib