Sumqayıt-88: Əhmədi niyə güllələdilər?

“Silva Kaputikyan məhkəməyə gəlir, axıra qədər otururdu”

Moskvadakı Azərbaycan nümayəndəliyindən kimsənin məhkəməyə gəlməsi bir yana, proseslə uzaqdan-uzağa da maraqlanmırdılar

 

Bəlkə müraciət etməyinizi gözləyiblər?..

əvvəli ötən saylarımızda

Sumqayıt, 2011-ci il, yanvar… Əhmədin qardaşı Əhmədağa ilə söhbətdən…

– Mən niyə müraciət etməliydim ki?.. Orada əslində Əhmədin, Ilhamın və Yavərin hansısa iğtişaşda iştirakından çox, milli söhbət gedirdi. Bilirsiniz ki, bu hadisələrin də səbəbkarı Moskva, ermənilər idi. Bu haqda hər halda Ilyas Ismayılov, Azərbaycan rəhbərliyindəki şəxslər fikirləşməliydi. Vəzifəlilər dura-dura mən gedib kimdən nəyi xahiş etməliydim? Ikincisi, əgər hadisə Sumqayıtda baş vermişdisə, məhkəmə niyə Moskvada keçirilirdi? Niyə təşkilatçı kimi təqsirləndirilən Qriqoryanın məhkəmə prosesi Bakıda keçirildi? Biz məhkəmənin Azərbaycanda keçirilməsinə nə qədər cəhd etsək də, nail ola bilmədik? Sumqayıtın o vaxtkı prokuroru Ismət Qayıbovun yanında oldum, dedi ki, bu məsələnin həlli mənlik deyil.

– Moskvada məhkəmə proseslərində Nəcəfov soyadlı tərcüməçi olub, onun kimlər tərəfindən göndərildiyini bilirdinizmi?
– O, çox fikirləri düzgün tərcümə etmirdi. Bilmirəm, ona da hansısa təzyiq edilmişdi, ya yox, amma məhkəmə zalında şəxsən mən bir neçə dəfə prosesin gedişini düzgün tərcümə etmədiyini ona irad tutmuşdum. Üzümə baxıb heç nə demirdi. Məsələn, məhkəməyə bir kostyum gətirilmişdi, Əhmədin deyildi, biz nə qədər çalışdıq sübut edə bilmədik. Mən, hətta hakimə dedim ki, əgər siz bu pencəyin Əhmədinki olduğunu iddia edirsinizsə, əyninə geyindirin.

Əhmədin digər qardaşı Möhübbət söhbətə müdaxilə edir:

– Şəhər milis şöbəsindən bir nəfər gəlmişdi, dedi ki, guya Əhmədə 50 rubl pul lazımdı, onunla aram yaxşıdır, guya Əhməd ona deyib ki, kostyumumda qan ləkəsi var. Amma Əhmədin hadisə vaxtı əynində olan kostyumunda hər hansı qan ləkəsinin olduğu ekspertizada təsdiq olunmamışdı…
Həmin adam deyirdi ki, guya Əhmədin əynində qara kostyum olub. Halbuki hadisə vaxtı Əhmədin əynində boz kostyum olub. Bizi kostyum məsələsində aldatmaq üçün belə oyunlar qururdular. Amma ailəmizdə heç kəs onların dediyi kimi ifadə vermədi.

“SSRI baş prokuroru bizi otağından qovdurdu”

Məmmədağa: “Əhmədə işgəncə verənlər azərbaycanlı müstəntiqlər olub, ruslar yox”

– Əhməd məhkəmədə müstəntiq Arif Babayevin adını çəkib, ona çox zülm verdiyini bildirib. O, kim olub?

– O, Bakıdan gəlmişdi, Sumqayıtda istintaqı aparan qrupun üzvlərindən idi. Əhmədin guya təqsirli olduğunu sübut etmək üçün evimizə tez-tez gəlirdi. Əhməd məhkəmədə Arif Babayevin istintaq zamanı ona çox işgəncələr verdiyini, başqa təzyiqlər göstərdiyini desə də, əhəmiyyət verilmədi. Ermənilər ona güllələnmə hökmünün çıxarılması üçün bütün səylərini birləşdirmişdilər. Axırda Əhməd elə əsəbiləşmişdi ki, hakimi, erməniləri söyürdü. Bu zaman böyük hay-küy yaranırdı.

– Siz hökmün dəyişdirilməsi ilə bağlı Qorbaçova da müraciət etmisiniz?

– Qəbuluna düşə bilmədim. Amma ölüm hökmünün dəyişdirilməsi ilə bağlı 4 məktub yazmışdım. SSRI baş prokurorunun qəbulunda olmuşdum. 1989-cu il mayın 16-da rəhmətlik atamla birgə getmişdim. Görüş 15 dəqiqə nəzərdə tutulmuşdu, heç 5 dəqiqə oturmadıq. Dedim ki, Əhməd adını əməlli-başlı yaza bilmir, o necə təşkilatçı ola bilərdi. Qriqoryanın adını çəkəndən sonra isə düyməni basdı, qapı açıldı, dedi ki, çıxın kabinetimdən.

– Əhmədin erməniləri qətlə yetirməsi ilə bağlı onu güdaza verənlər kimlər idi?..

– Məhkəmədə vəkil də bu məsələni qaldırdı. Inanırsınız, o vaxt bizə heç fikir verən yox idi. Təzyiq vardı, əvvəlcədən hər şey həll olunmuşdu. Məhkəmə prosesinin ikinci günüydü, mən vəkillə söhbət edirdim, bir erməni qadın yaxınlaşıb dedi ki, heç nəyin xeyri yoxdur, Əhməd onsuz da güllələnməyə gedəcək. Əgər getməsə, biz Qorbaçovu da bu işə qoşarıq. Deməli, nəyəsə arxayın idilər ki, bizə belə deyirdilər. Onlar əvvəlcədən məhkəmənin hansı qərarı çıxaracağını bilirdilər. 41a məhəlləsində yaşayanların 20-yə qədəri məhkəmədəki ifadələrində Əhmədi tanımadıqlarını demişdilər. Hətta bir rus qadın dedi ki, hadisələr vaxtı erməniləri evinə aparıb. O deyirdi ki, qapı döyülüb, çöldən mikrofonla deyiblər ki, “imenem zakona otkroyte dver”. Amma o adam təmiz rus dilində danışırdı. Biz qapını açdıq, amma gələn Əhməd deyildi.

– Sizin yaşadığınız binanın blokunda o vaxt bir neçə erməni ailəsi yaşayıb. Maraqlıdır, Əhməd erməni öldürən idisə bunlara niyə toxunmurdu?

– Qapıbir qonşumuz erməni idi, hadisə vaxtı onları biz bu evdə saxlamışıq, 2-3 gün burada qalıblar. Əhməd də burada yaşayıb, bu günlərdə onlara heç bir pis söz belə deməmişdi.

– Siz həmin ermənilərin istintaqa və məhkəyə gətirilməsinə, ifadələrinin alınmasına cəhd etmədinizmi?..

Bu vaxt Möhübbət Əhmədlə bağlı hökmün icrası haqda gələn məktubu gətirir və söhbətin mövzusu dəyişir…

– Baş prokuror Ilyas Ismayılovla görüşüb ölüm hökmünün ləğv olunması ilə bağlı məktubun hansı əsasla yazıldığını soruşdunuzmu?

– Yox. Çünki o vaxt aləm bir-birinə qarışmışdı. Ilyas müəllim də yoxa çıxmışdı. Mən ona məktub yazırdım, çoxu gedib çatmırdı, yaxud cavab verilmirdi. Yalandan deyirdilər ki, məktubunuza baxacağıq. Bilirsiniz, elə situasiya yaranmışdı ki, hara müraciət edirdiksə, nəticəsi olmurdu. Ona görə əlacsız qalıb məsələni talenin hökmünə buraxmışdıq. O vaxtkı müraciətlərimizin sayı-hesabı yox idi. Sənədlərin çoxu xalamız oğlu Ramiqdəydi, onların bir hissəsi artıq yoxa çıxıb (Ramiq Süleymanoğlu həm də Əhmədin bacısının əridir, o, 2010-cu ilin avqust ayında dünyasını dəyişib. Bu haqda bir qədər sonra).

Möhübbət: “O, bu işlə çox maraqlanırdı, ona görə nəsə etmişdilər”

– Məhkəmə prosesinin ilk günündə iclas zalında 60-a qədər milliyəti bilinməyən gənc olub. Onlar kimlər idi?

– Xatırlamıram, zalda cavanlar da, qadınlar da olub və böyük əksəriyyəti ermənilər idi.

– Silva Kaputikyan, Zori Balayan proseslərdə iştirak edirdilərmi?

– Balayanı görməmişəm, bəlkə də olub, amma tanımamışam. Kaputikyan isə oradaydı.

– O, məhkəmənin gedişinə zaldan təsir edirdimi?

– Kaputikyan prosesin gedişindən narazı qalanda sədrlik edən hakimin üstünə qışqırırdı. Hətta bəzən elə müdaxilələr olurdu ki, proses yarımçıq dayanırdı. Əhməd bir proses zamanı haqsızlıqlara görə tamam hövsələdən çıxmışdı, erməniləri, hətta hakimi də söydü, aləm bir-birinə qarışdı. Bizə də hücum çəkdilər, içəridə KQB-nin xüsusi nəzarətçiləri vardı, bizi hərəkət etməyə belə qoymurdular. Əslində məhkəmə tamamilə sifariş yerinə yetirirdi. Prosesdə nə Əhmədə, nə də digər iki nəfərə elan olunan maddələr üzrə ittihamlar sübut olunmurdu. Bu səbəbdən Əhməd hirslənib demişdi ki, buradan çıxsam ermənilərin hamısını qıraram. Bundan sonra zaldan çıxarmışdılar, sonradan gətirəndə isə artıq əllərinə qandal vurmuşdular. Görünür, kiməsə hücum edəcəyindən çəkinirdilər. Əhmədi hirsləndirmək, hövsələdən çıxarmaq üçün saysız-hesabsız belə cəhdlər olurdu. O proses zamanı bizi başqa yerdən bayıra çıxartdılar, sonra xüsusi maşınlarla qaldığımız evlərə gətirdilər. Proses bir həftə dayandı. Yenidən başlayanda isə mən artıq elə həddə çatmışdım ki, zala ov bıçağı ilə gedirdim. Atam-anam ordaydı, onlara qarşı təxribat edə bilərdilər, təhlükəni hiss etdiyimdən bu addımı atmışdım. Təzyiqlər elə həddə çatmışdı ki, hətta söz deməyə imkan vermirdilər. Hər hansı söz deyən kimi erməni arvadları üstümüzə cumurdular.

– Proses zamanı ermənilərin Əhmədə, digər iki nəfərə hücum etmək cəhdi olurdumu?

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala