Spikerin təhdid etdiyi hüquq müdafiəçiləri AŞ PA-nı məsələyə reaksiya verməyə çağırır
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarda keçirilən qış sessiyasında Azərbaycandan deputatlarla yanaşı, bir sıra yerli hüquq müdafiəçiləri (Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev, Norveç Insan Haqları Evinin Azərbaycandakı bürosunun rəhbəri Vüqar Qocayev, Demokratiya və Insan Haqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun sədri Emin Hüseynov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli) də iştirak etmişdi.
Məhz bu hüquq müdafiəçiləri keçirdikləri görüşlərdə ölkədə insan haqları və demokratiyanın real durumu, son parlament seçkisinin hansı şəraitdə keçdiyini AŞ PA nümayəndələrinin diqqətinə çatdırmağa çalışıblar. Təbii ki, bu da Azərbaycan hökumətini narahat edib. Milli Məclisin fevralın 1-də keçirilən iclasında spiker Oqtay Əsədov sözügedən hüquq müdafiəçilərinin barəsində ölçü götürülməsinin vacibliyindən danışıb: “Bu sessiyada Azərbaycan nümayəndə heyətindən əlavə, 25-30 şəxs gedib. Yalnız Azərbaycandan bu qədər insan dəvət olunur. Ora gedənlərin birindən də müsbət fikir eşitmirsən. Elə bil hamısı əvvəlcədən planlaşdırılmış çıxışlardır vəÿ ancaq mənfi formadadır.ÿGərək bu məsələlərə diqqət edək”.
Hüquq müdafiəçiləri isə spikerin bu çıxışını özlərinə qarşı təzyiq, həmçinin fəaliyyətlərinə müdaxilə kimi qiymətləndirirlər. Odur ki, birgə bəyanat yayaraq, yerli və beynəlxalq qanunların vətəndaşlara verdiyi hüquq və azadlıqları bir daha Əsədovun nəzərinə çatdırıblar: “QHT-lərin, o cümlədən hüquq müdafiəçilərinin istənilən beynəlxalq təşkilatın iclaslarına qatılmaq, oradakı müzakirələrdə iştirak etmək, fikirlərini bölüşmək haqqı var. Ölkə Konstitusiyasının 47-ci maddəsi, Avropa Konvensiyasının 10-cu maddəsində, eləcə də digər yerli və beynəlxalq aktlarda fikir və ifadə azadlığına təminat verilir”.
Hələ bir neçə il əvvəl vitse-spiker Ziyafət Əsgərovun “Azadlıq”ın yazarı Mirzə Sakit barəsində tədbir görülməsinin vacibliyi barədə çıxışını və bundan cəmi iki həftə sonra yazarın həbs olunduğunu yada salan hüquq müdafiəçiləri indi Oqtay Əsədovun da “gərək bu məsələlərə diqqət edək” fikrini birbaşa təhdid kimi qiymətləndirir.
“Biz demokratik cəmiyyətdə yüksək vəzifə tutan şəxslərin belə məzmunlu çıxışlarının yolverilməz olduğunu vurğulamaqla, beynəlxalq ictimaiyyəti, xüsusən, AŞ PA-nı bu hadisəyə reaksiya verməyə, hüquq müdafiəçilərinə dəstək göstərməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.
Aytən Məmmədova