“Incəsənət aləmində haqq nahaqqa qurban verilir”
Afaq Bəşirqızı: «Çünki sən hansısa məmurun «lyubimçiki» deyilsən»
«Elə bil, vəzifəyə qoyanda tapşırırlar ki, çal-çap, dağıt, məhv elə!»
DOSYE: Afaq Bəşirqızı. 1955-ci il avqustun 15-də Bakıda anadan olub. Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-ci ildən Sumqayıt Dövlət Dram Teatrında, 1989-cu ildən Musiqili Komediya Teatrında işləməyə başlayıb. Bu illər ərzində Səməni, Sənəm, Nisə, Səltənət, Məleykə, Məsmə və s. bir-birindən maraqlı obrazlar yaradıb. “Azərbaycanfilm”in istehsal etdiyi “Bəxt üzüyü”, “Girov” filmləri Afaq Bəşirqızının ifası ilə yadda qalıb. Milli televiziyada yaratdığı Zəhra xalaqızı (“Yaşıl eynəkli adam”), Suğra (“Bala başa bəla”), Darçınbəyim (“Evləri köndələn yar”), Ayka (“Yarımştat”), Gülya (“Nekroloq”) rolları aktrisanı daha da məşhurlaşdırıb. 1995-ci ildə Bəşir Teatrını yaradıb. 2003-cü ildə aktrisanın rəhbərliyi ilə eyni adlı teatr Moskvada fəaliyyətə başlayıb. Incəsənət Universitetinin professoru, respublikanın xalq artistidir. Ailəlidir, bir oğlu, iki nəvəsi var.
– Afaq xanım, sizi tanıyanlar bilir ki, nə çox danışmağa meyilli adamsınız, nə də gülməyə…
– Bilirsiniz, aktyorlar çox emosional olurlar. Yaradıcı adamların enerjisi adi adamların enerjisindən çox fərqlidir. Belə insanlar az danışıb çox iş görməlidirlər. Aktyor fəaliyyəti, istedadı, qeyri-adiliyə ilə seçilməlidir.
15 il Sumqayıt Dram Teatrında oynadığım rollar mənim böyük xoşbəxtliyimdir. Çünki bu gün ciddi rol məsələn, “Əsrə bərabər gün”də Nayman ananı canlandırırsansa, onun faciəsini oynayanda Söylünün komediyasını tapırsan. Yəni aktyorun dram teatrında yaradıcı ehtiyatı daha çoxdur, nəinki Musiqili Komediya Teatrında. Məni komediya aktrisası adlandıranda deyirəm ki, əgər 36 illik yaradıcılığımda ampula sözünü özümə yaxın buraxmamışamsa, sən bunu mənə necə deyə bilərsən? Aktrisa özünü ancaq bir planda sınamamalıdır. Ola bilsin ki, aktyorun yaradıcı həyatında gülüş doğuran obrazları, komediyaları dramadan daha çox olur. Götürək, Əliağa Ağayevi. Əliağa Ağayev uzun illər dram teatrında işləyib və mən onun ciddi rollarını görmüşəm. Amma nədənsə onu komediya aktyoru kimi tanıyırlar. Indi fikirlərin çaşqın olduğu, sənətə dayaz baxıldığı bir vaxtda mütləq öz bioqrafiyanı bildirməlisən ki, heç olmasa ondan çıxış edərək sənə müraciət etməyi bacarsınlar.
– Bəlkə yaratdığınız komik obrazlarla daha çox yadda qalmısınız deyə, sizi komediya aktrisası kimi tanıyırlar?
– Sənətdə kəmiyyət yox, keyfiyyət önəmlidir. Ola bilsin ki, aktyor bütün ömrü boyu bir və ya iki obrazla tamaşaçının yadında qalır. Halbuki 40 il aktyor işləyib. Hər aktyorun taleyində onun adı və soyadı ilə birlikdə oynadığı rolun adı çəkilir. Amma “bu gülüş aktyorudur, bu faciə rolları yaradır” bölgüsü aparılmasının əleyhinəyəm.
– Bəs, sizin adınızla birgə hansı rolunuzun adı çəkilir?
– Bəlkə də ona görə xoşbəxtəm ki, mənim mənim sənətdəki mövqeyimlə, cəmiyyətdəki mövqeyim paralel gedir. Mənə müraciətlər, haqqımda deyilən sözlər sənətim və insanlığımla bərabərdir. Yəni insani keyfiyyətlərimlə oynadığım obrazların adı paralel çəkilir.
“Heç bir aktyor güldürmək üçün səhnəyə çıxmır”
– İnsanların üzündən illərdir ki, gülüş çəkilib. Belə bir şəraitdə tamaşaçını güldürmək çətin deyilmi?
– Şərait zamandan asılıdır, zaman da öz çarxını fırladır. Bu gün insan evində, ailəsində baş verən hansısa hadisədən sevinir və ya kədərlənir. Əgər kimsə qəmli, dərdlidirsə, mütləq onu güldürmək lazımdır anlayışı düzgün deyil. Hələ zəmanənin firavan vaxtlarında gülmək də çətin olub, güldürmək də. Hətta güldürmək gülməkdən də çətindir. Heç bir aktyor güldürmək üçün səhnəyə çıxmır. Bu yaxınlarda Üzeyir Hacıbəyovun “Ər və arvad” tamaşasını səhnəyə qoyduq. Klassikadır, orada gülməli hadisə var, amma tamaşaçının özündən getməsi üçün heç nə yoxdur. Buna baxmayaraq hər dəfə sonda tamaşaçı bir neçə dəqiqə əl çalır. Pərdə bağlanır, tamaşaçı bizi buraxmır. Pərdə bağlanır, bir də açılır. Tamaşaçı ancaq gülməyə gəlir demək həm aktyora damğadır, həm də tamaşaçının özünə.
Aktyorları onlara aid olmayan məsuliyyəti çəkməyə məcbur etmək düzgün deyil. Yaradıcı insan qeyri-adi insan olur. Onun istər xasiyyəti, istər yerişi-duruşu, istər həyata baxışı fərqli olur. Onu məcburi dilləndirmək də lazım deyil ki, sən bu dəqiqə cəmiyyətdə baş verən hadisəyə münasibət bildir. O bunu edə bilməz. Bəlkə də hansısa aktyorun dediyi söz siyasətçinin dediyi sözdən kəsərli olar. Amma o yaradıcı adam fikrini düzgün ifadə etməsə, bu, artıq cəmiyyətdə səs-küyə səbəb olacaq. Çünki üzdə olan, sevilən adamın sözünə daha çox diqqət olur, nəinki adi bir siyasətçinin, politoloqun.
“Heç kim deməsin ki, işimin müqabilində heç nə istəmirəm”
– Məgər, yaradıcı insanlar – məsələn, elə xalq artisti adını daşıyan sənətkarlarımız ictimai fəallıq göstərə bilməzlər? Bəlkə elə hesab edirsiniz ki, onlar bir siyasətçi, bir politoloq qədər peşəkar yanaşa bilməzlər? Məsələ burasındadır ki, insanlar öz sənətkarlarından məqamı düşəndə ictimai mövqe də gözləyirlər.
– Yaradıcı adam hər baxımdan özünü qorumalıdır. Həqiqi sənətkara mən nadir bir inci kimi baxıram. Mən istəmirəm ki, onlar xaosda olsunlar. Sənət adamları həddən artıq kövrək olurlar. Hərdən onların bu kövrəkliyini elə qabardır, qəlblərinə elə dəyirlər ki, o insanlar həyatdan küsür. Sənət adamları həmişə öz titullarından istifadə edərək onlara kömək üçün müraciət edənlərə dəstək olublar. Ən azından dəstəyi götürüb bir rəisə, bir nazirə, bir idarə rəhbərinə zəng edib kiminsə xahişini çatdırıblar. Bu yaxınlarda islahat məsələsi gündəmə gələndə siz görərdiniz ki, bizim sahənin insanları nə vəziyyətə düşmüşdülər. Hamı qorxurdu. Aparıcı, ortabab qüvvələr də, burada əsnəməklə gün keçirən ölü canlar da qorxurdu. Yaradıcı adam uşaq kimidi. Deyir, nəyə görə onda var, məndə yoxdur? Niyə ona verdilər, mənə yox? Axı mən layiq idim. Nəyə görə dayısı güclü olan mənim haqqımı aldı? Nəyə görə, başqa teatrlarda mənim ranqımda olan adamlar elədir, amma mən belə? Biz həmişə dua edəndə də deyirik ki, Ilahi, sən özün haqqı nahaqqa qurban vermə. Incəsənət aləmində bu gün elə insanlara qarşı haqsızlıqlar olur ki… Bizim sahədə haqq nahaqqa qurban verilir. Çünki sən hansısa bir məmurun xoşuna gəlmirsən, sən onun “lyubimçiki” deyilsən. Bu tək incəsənət adamına qarşı deyil. Handa bir Azərbaycan ziyalısına, Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını yüksəldən insana aiddir. Ad qoyan, can qoyan insanın haqqını alıb verirlər bir başqasına. Heç kim deməsin ki, mən işimin müqabilində heç nə istəmirəm. Yalan sözdür. Hamı öz zəhmətinin müqabilini, hamı öz qiymətini istəyir. Ən azından quru bir “sağol” istəyir. Indi deyirlər ki, “Ehh, hamısı ucdan tutma xalq artistidir də”. Halbuki bu, hansısa insanın ümdə arzusudur, həyatının amalıdır, bu həyata niyə gəldin, nə etdin və necə getdin sualına cavabıdır. Amma sən onu da saldın ayaqlar altına. Sən onu da ucuzlaşdırdın. Niyə? Kim sənə bu haqqı verib? Elə bil, insanları vəzifəyə qoyanda, ona tapşırırlar ki, çal-çap, dağıt, sındır, məhv elə! Düşünürlər ki, fürsətdi, düşüb əlimə, necə lazımdırsa, istifadə edəcəm. Insanlıq odur ki, öhdəsindən gəlmədiyini görüb deyəsən ki, mən bacara bilmirəm. Amma bu sözü deyə bilən adam yoxdur. Höte ilə Götenin əkiz qardaş olduğun düşünən insanlar gəlib sənin taleyini həll edirlər, sənin haqqında fikir yaradırlar. Insanların teleyi, mənliyi, şəxsiyyəti ilə oynayırlar. Sən tabeçiliyində olan 30-40 nəfərin yox, xalqın taleyi ilə oynayırsan. Naşı-naşı adamlar verilişlər açdılar. Bəzi jurnalistlərimizə qulaq asanda ürəyim ağrıyır. Teatr aktyoruna teleaktyor deyirlər. Yaxud deyirlər ki, 5-6 il əvvəl öznəməxsus yaradıcılığı ilə tanınan adamdan müsahibə alırıq. Beş-altı ildir televiziyaya çıxmıramsa, bayağı, mənə yaraşmayan verilişlərə getmirəmsə, belə demək lazımdır?
Özümü nəzərdə tutmuram, ümumi deyirəm.
“Bir məmurla sözüm çəp düşdü, dedim ki…”
– Bayaq dediniz ki, kimin “dayısı” var başqasının haqqını asanlıqla mənimsəyir. Sizə qarşı belə haqsızlıqlar olubmu?
– Çoxları istəyir ki, mən bunları deyim. Amma mən çox qüdrətliyəm, çox möhkəməm. Bir dəfə bir məmurla sözüm çəp düşdü. Ona dedim ki, vaxt olacaq bir qeyrətli oğul və ya qız bir divara mənim barilyefimi vuracaq ki, bu evdəmi, bu küçədəmi, bu kandardamı filankəsov filankəs yaşayıb. Amma sənin barəndə deyəcəklər filankəs. Hansı filankəs? Filan vəzifədə işləyən. Hansı, nə vaxt? Axırda onu başının filan hissəsinə çıxan şişlə tanıyacaqlar ki, yadındadır, başında qozvari şiş olan kişi vardı ha. Inanın ki, indi həmin adam həmin o əlaməti ilə tanınır. Sənətkar adını almırlar, qazanırlar. Sonra kağızda təsdiq olunur. Bu təsdiqi görmədən ürəyi partlayıb ölən adamlar var. Bu, məni çox ağrıdır. Yaxud o əmri görməyəndə elə orada ürəyi partlayanlar var. Deyirlər ki, teatr asılqandan başlayır. Teatr qeyri-adi, gözə görünməyən bir ilahiyyatdır. Hamı bilməlidir ki, aktyor yoxdursa, teatr da yoxdur.
“Verilən maaş heç dərmanpuluna çatmır”
– Şəhriyara deyiblər ki, niyə el arasına çıxmırsan, deyib, qorxuram xalqım mənim əynimdəki paltarı görüb utanar. Bu misalı müsahibələrinizin birində çəkmisiniz. Bu gün həqiqi sənətkarların da vəziyyəti bucürdürmü?
– Aktyorların durumu çox dözümsüzdür. Qəpik-quruş maaş, təyin olunmamış iş saatı, məşqlər, köhnə tamaşaların təzədən bərpası, axşamkı tamaşa, səhərki musiqi dərsi, məşq, məşqdən sonra rəqs dərsi, sonra orekstr. Verilən maaş heç dərmanın pulunu eləmir…
ardı var
Gültəkin Knyazqızı,
Foto Elmin Həsənlinindir
Bəşir Səfəroğlu niyə 3 il lal-kar olub?
Görkəmli sənətkar niyə qızı Afaqı boğub öldürmək istəyib?
Afaq Bəşirqızı həyat yoldaşını niyə 8 ay polisdə get-gələ salıb?
Tanınmış aktrisa bəzi televiziya verilişlərini niyə “boykot” edib?
Bu və başqa sualların cavabını növbəti sayımızda oxuyun