Misirdə demokratiyaya kim hazır deyil?

Devrilməkdə olan Misir diktatoru H.Mübarək son vasitəyə əl atdı – insanları vətəndaş müharibəsinə çəkdi. Indi bir çox insanlar Misirdəki inqilabdan və azadlıq uğrundakı mübarizədən daha çox, iğtişaşlardan və bir də vətəndaş müharibəsindən danışmağa üstünlük verirlər, çünki sonuncu elə onların arzuladığı və Misirdə görmək istədiyi “bədəvi ərəb” obrazına daha yaxındır. Amma reallıqdırmı bu? Doğrudanmı, “mavrlar” və yaxud “bədəvi ərəblər” hələ azadlıq uğrunda mübarizəyə hazır deyillər?..

Mən sualları davam etdirə bilərəm, çünki ədalətsiz mühit həmişə cavabsız suallar doğurur. Amma söz heç də sualların bolluğunda deyil. Fəqət, bircə sual var ki, onu təkrar etmək məcburiyyətindəyəm: bu gün Misirdə kim demokratiyaya hazır deyil? Bəli, mənə elə gəlir ki, bu sualın cavabını bilirəm: bu gün Misirdə demokratiyaya Israil hazır deyil və bir çox ölkələr, elə ABŞ da daxil olmaqla, Misirdəki son proseslərə Israilin maraqları prizmasından baxırlar. Həmişə kiçik bir dövlət olduğu üçün Israili müdafiə etmişəm, onun var olmaq haqqını da tanıyıram və bu gün nədən ehtiyat etdiyini də başa düşürəm, amma Israil bu dəfə çox ifrata varır, dostları hansısa mürtəce rejimlərin timsalında deyil, millətlərin simasında axtarmaq lazımdır. Ən mürtəce rejim belə yalnız bir neçə on illər mövcud ola bilər, millətlər isə əbədidir…
Mən bu sətirləri yazanda hələ də Mübarəkə verilən ultimativ müddət bitməmişdi. Güman edirəm, ən pis halda Mübarəkin hakimiyyəti sentyabrdan o tərəfə çəkməz. Hər halda misirlilər iki problemi həll ediblər: Mübarək və oğlu artıq prezident olmayacaq! Amma bu vətəndaş müharibəsi perspektivi və dünya dövlətlərinin çox anlaşılmaz münasibəti məni bir qədər ehtiyatlandırır. Rusların bir misalı var: şeytan nə ilə zarafat etmir ki?! Hələ tam məlum deyil ki, Misirdə inqilab tərəfdarlarına qarşı vuruşan mülki geyimlilər kimdir… Bu, elə üsuldur ki, ondan dünyanın ən axsaq diktaturaları istifadə ediblər. Kütləvi aksiyalar zamanı məgər azmı görmüşük belə “mülki geyimlilər”i… Indi səhnədə söz zorundur. Zor həmişə ya insanları tam sındırır, ya da əksinə onların tufan kimi kükrəməsinə səbəb olur. Ümid edək ki, Misirdə sonuncu olacaq – inqilab tərəfdarları diktatorun iradəsini qıracaq, onu hakimiyyətdən əl çəkməyə məcbur edə biləcəklər…

Neomonarxiyaya qarşı qiyam

Bəli, ərəb ölkələrində baş verən hadisələrin məğzi budur. Nəinki qondarma, hətta əsl monarxlar qorxuya düşdülər, Iordaniya kralı özünü sığortalamaq üçün dərhal hökuməti buraxdı. Elə qondarmalar da yaman təlaş içindədirlər – yaman vurnuxurlar! Artıq Yəmən prezidenti də növbəti seçkidə nə özünü, nə də oğlunu namizəd kimi görür. Fəqət, bu da son deyil, hələ B.Əsəd və M.Qəddafi var. Elə bilirsiniz, Misirdə inqilabın baş tutmamasını təkcə Israil arzulayır? Yox. B.Əsəd, M.Qəddafi də bunu arzulayır, çünki biri prezidentliyi atasından irs alıb, o birisi isə artıq bəlkə də 30 ildir ki, hakimiyyətdədir. Elə “əsl monarx” adlandırdıqlarımız da onlardan fərqlənmirlər, onların da necə monarx olması nisbi məsələdir, hamısı Ikinci Dünya müharibəsindən sonra peyda olublar və soyuq müharibənin bətnində pərvəriş tapıblar. Bu prosesə inanmaq olarmı? Yəni, inanmaq mümkündürmü ki, neomonarxiyaya qarşı qiyam geniş vüsət alacaq? Bu yaxınlarda V.Putin deyib ki, axı, demokratiya kartof deyil ki, bir tarladan götürüb o birində əkəsən! Amma Putin yanlış bir fikir söyləyib, çünki kartof da vaxtında başqa tarladan götürülüb Rusiyada əkilmişdi. Hətta əvvəlcə insanlar onunla nə etmək lazım gəldiyini bilmirdilər, qiyam edirdilər. Tarixdə “kartof qiyamları” olub. Amma indi kartof rusların mətbəxinin ayrılmaz hissəsidir.
Ümid edək ki, demokratiya da belə olacaq, əvvəl başa düşmürdülər, sonra isə əl çəkmək istəmirdilər!.. Bu aspektdən yanaşanda mən optimistəm. Monarxiyaların sonu yoxdur, ancaq ənənə əsiri olan millətlər onun tərəfdarı ola bilərlər! Hər şeyi xoşbəxt sonluqla, böyük ümidlərlə bitirmək lazımdır. Belə daha yaxşıdır. Belə olanda insanlar daha ümidli olurlar.