YAP-çı deputat İlham Əliyevin Tunis və Misir hadisələrindən narahat olduğunu təsdiqlədi; «islahat şousu»nun mahiyyətini açdı
«Prezident Şərqdə baş verən hadisələrlə bağlı çox çevik siyasət yürüdərək, o dəqiqə tapşırıq verdi ki, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılsın»
YAP-çı deputat Eldar Ibrahimov Azərbaycan hakimiyyətinin Tunis və Misir hadisələrindən narahat olduğu barədə Azadlıqın yazdıqlarını təsdiqləyib. Deputat qafqazinfo.az xəbər portalına müsahibəsində açıq şəkildə bildirib ki, Ramiz Mehdiyevin Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirməsi məhz ərəb ölkələrindəki inqilabi proseslərlə bağlıdır.
Eldar Ibrahimov Tunis və Misir hadisələrinin Azərbaycanda da təkrarlana biləcəyi barədə səslənən fikirlərə cavab olaraq belə deyib: “Kimsə nəsə deyə bilər. Mən belə hesab edirəm ki, bizim prezidentimiz Ilham Əliyevin ağlı, siyasəti və gücü sayəsində bizdə hələlik belə bir proses yaşana bilməz. Mən demirəm ki, daimi olaraq, hələlik belə bir şey ola bilməz. Görürsünüz, prezident şərqdə baş verən hadisələrlə bağlı çox çevik siyasət yürüdərək, o dəqiqə tapşırıq verdi ki, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılsın. Əgər deyilən tapşırıqlara uyğun mübarizə aparılması həyata keçirilsə, Azərbaycana heç bir problem ola bilməz. Mən inanıram ki, bu, belə də olacaqdır”.
Göründüyü kimi, Eldar Ibrahimov korrrupsiya və rüşvətxorluğa qarşı mübarizənin məhz Tunis və Misir hadisələri ilə bağlı olduğunu açıq şəkildə deyib.
YAP-çı deputat müsahibəsində başqa maraqlı fikirlər də səsləndirib. Ramiz Mehdiyevin “korrupsiya iclası”ndan danışan Eldar Ibrahimov Azərbaycanda rüşvət və korrupsiyanın olduğunu etiraf edib. “Mən deyərdim ki, prezidentin tapşırığı ilə Ramiz Mehdiyevin rüşvətxorluq və korrupsiya ilə bağlı məsələni müzakirə etməsi çox böyük qınaqdır. Harada rüşvət varsa, orada inkişaf ola bilməz”,- deyə YAP-çı deputat bildirib.
Eldar Ibrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəqiblərini tənqid etməyi də unutmayıb. Yada salaq ki, Eldar Ibrahimov “fövqəlnazir”in yaxın çevrəsinə daxil olan şəxslərdəndir. YAP-çı deputat ad çəkməsə də, kənd təsərrüfatı Ismət Abbasovu vəzifəsinin öhdəsindən gələ bilməməkdə ittiham edib. Azərbaycanda aqrar sahə ilə bağlı xeyli qanunların qəbul olunduğunu deyən Eldar Ibrahimov kənd təsərrüfatının inkişafdan qalmasının səbəbinə gəlincə bildirib ki, bu, icra strukturlarından asılı olan məsələdir: “Təəssüflər olsun ki, müəyyən yerlərdə bizim müəyyən məmurlarımız bu tapşırıqları layiqincə həyata keçirə bilmir. Elə bunun nəticəsidir ki, yanvarın 27-də möhtərəm Ilham Əliyevin tapşırığı ilə, Prezident Administrasiyanın rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin başçılığı altında korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə komissiyasının iclası keçirildi və bu, çox əhəmiyyətlidir. Haradasa məsələn, gömrükdə korrupsiya ola bilər, aqrar sahədə isə olmamalıdır, kənddə yaşayan insanlar kasıbdırlar, hamı bunlara əl tutmalıdır, hamının, bütün insanların borcudur ki, onlara əl tutub, onları inkişaf etdirsin”.
YAP-çı deputat bu fikirləri ilə həm də Ismət Abbasovu korrupsiya və rüşvətxorluqda suçlayıb. Eyni zamanda iki daş arasında Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi vəziyyətdən çıxarmağa çalışıb. “Haradasa məsələn, gömrükdə korrupsiya ola bilər” fikri təsadüfi deyilməyib. Korrupsiya və rüşvətxorluğun ən çox tüğyan elədiyi sahə məhz gömrükdür. Hətta o dərəcədə ki, Eldar Ibrahimov da bu faktı etiraf edir və təbii sayır. Bununla da eyni komandada təmsil olunduğu Aydın Əliyevi vəziyyətdən çıxarmaq istəyir.
Onu da bildirək ki, Eldar Ibrahimovun Kəmaləddin Heydərovun rəqibləri arasında, xüsusilə Ismət Abbasova diqqət ayırmasının bir səbəbi də onun postuna göz dikməsilə bağlıdır.
Vidadi