Bir müşavirədən əldə-ovucda qalan

Gəlin əyri oturaq, düz danışaq.
Ərəb dünyasını vuran inqilab dalğasından əl-ayağa düşüb, altını batırıb həmən “islahat şousu” düzəldən, “korrupsiyaya qarşı mübarizə tamaşası” quran hakimiyyət illərdir uğrunda min cür hoqqadan çıxdıqları “yaxşı Ilham Əliyev” obrazını camaata daha asan həzm etdirmək üçün məlum müşavirəni bizzat əlahəzrətin hüzurunda niyə keçirmədi? Heydər Əliyev olsaydı, bu fürsəti əldən verərdimi?
Hansısa müşavirəni Ramiz Mehdiyevə tapşırıb, başlanan hansısa “xoşməramlı təşəbbüs”ün əsas memarı rolunda da onun qəbul görülməsini istərdimi?
Əlbəttə, yox. Indi olmasın, iş başında ata Əliyev olsaydı, nazir-mazirləri mütləq o hüzuruna yığar, saxta bir ciddiyyətlə, kameralara poz verərcəsinə hamısını yıxıb-sürüyər, ala itdən urvatsız eləyər, demədiyini buraxmazdı.
Bu, əlbəttə, bir şou olmaqdan irəli getməyəcəkdi. Amma səbəb hər nə olursa olsun, ata Əliyevin belə bir cəsarəti, belə bir təcrübəsi, belə bir üstünlüyü vardı.
Oğlunun isə bəlli ki, hansısa oliqarxa bir az yüksək səslə dinəcək, ona “qaşın üstə qara var” deyəcək lüksü olmadığı üçün, məlum “tamaşa-müşavirə”ni Mehdiyev şəxsən özü aparmalı oldu. Hər halda “Ilham Əliyev yaxşıdır, ətrafı pis” nağıllarına milləti inandırmaq üçün ələ bunca gözəl bir fürsət düşmüşkən onun boşa verilməsinə başqa ağlabatan izahat tapmaq mümkün deyil.
Buradan həm də başqa bir nəticə çıxır:
– Bizim kral həzrətləri yalnız xalqı görəndə, onu əzmək, onun haqlarını çeynəmək, onun azadlıqlarını tapdalayıb keçmək lazım gələndə güclü olur, qüdrətli olur. Amma sıra başdan ayağa korrupsiyaya, yağmaçılığa, talançılığa bulaşmış nazir-mazirlərə gələndə əl-qolu yanına düşür, ürəksizləşir, ürkəkləşir.
Qısası, Ramiz Mehdiyevin keçirdiyi müşavirədən əldə-ovucda qalan bir neçə günlük rüşvət yasaqları, süründürməçilik qadağaları-filan deyil. Demokratiyanı boğmaq lazım gələndə yeri-göyü inlədən bir kralın sıra korrupsiyaya gələndə gücsüz, zəif birinə çevrildiyi həqiqətinin isbata yetməsidir. Geri qalan nə varsa, mifdir, əfsanədir, fil-filodur.

Çingiz Abdullayev hansı haqla oğrulardan narazıdır?

Ciddi ədəbiyyata heç bir dəxli olmayan… Boş verin ciddi ədəbiyyatı, hətta gerçək bir dedektiv ədəbiyyatının belə, yanından yel olub ötəcək qədər istedad çatışmazlığı yaşayan… Yazdıqları olsa-olsa, bir müstəntiqin baş-ayaq cümlələrlə hazırladığı istintaq materiallarından irəli getməyən AYB katibi Çingiz Abdullayev kitablarını pirat üsulları ilə nəşr edib satanlara savaş açdığını dedi.
Haqqı var, yazdığı hər nə olsa belə, əziyyəti yerə vurularkən, qazancına göz dikilərkən, mənfəətinə yan gözlə baxılarkən bir yazıçının çıxıb buna etiraz etmək, üsyan etmək haqqı var. Amma bir şərtlə…
Əgər adını yazıçı qoymuş o adam, ziyalı çağrılmaq üçün əldən-ayaqdan gedən o adam bütöv bir millətin sərvəti oğurlanarkən, malı-mülkü bir ailənin bitib-tükənməyən iştahına qurban gedərkən dinməzsə, dilini qarnına qoyub sakitcə oturarsa, hələ bu da azmış kimi, çıxıb xalqın cibini soyan rejimə vəkillik eləməyi öz əxlaqına və vicdanına sığışdırarsa, sonra heç bir haqla hansısa kitabının əyri yollarla satışından dad eləmək lüksünə malik deyil.
Sən millətin malına göz dikənlərə züy tutarsan, onların budağında oturub dil-dil ötərsən, bir gün əlbəttə, o oğruluq, o əyrilik gəlib öz bostanında bitər. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

Ana hekayəsi

Keçən gün anam zəng elədi. Yarızarafat, yarıciddi “Bu nə yazılardır yazırsan, bir gün səni öldürəcəklər, amma özün bil, dədənnən sonra gözümdə yaş qalmayıb…” – dedi. Bilmədim gülümsünüm, yoxsa kədərlənim.
Sadəcə, bir daha anladım ki, analar övladlarının ictimai əzabkeşliyi, cəsarəti, dönməzliyi, prinsipiallığı, fədakarlığı qarşısında böyük maneədirlər. Amma…
Amma yenə anadırlar.