İctimai Palata mübarizənin önündə

Qurumun ilk sessiyası adından bəyanat yayıldı

 

İctimai Palata demokratikləşmə uğrunda vətəndaş hərəkatının məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu bəyan edir. Azərbaycan cəmiyyətini əmin edir ki, İctimai Palata elan etdiyi məram və məqsədlərə çatmaq, Azərbaycanda demokratiyanın qələbəsinə nail olmaq üçün üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirəcək. Bu barədə İctimai Palatanın ictimai-siyasi vəziyyətlə bağlı yanvarın 29-da keçirdiyi 1-ci sessiyasının bəyanatında deyilir.
Sənəddə deyilir ki, İctimai Palata real və sürətli islahatlar vasitəsi ilə cəmiyyətin əsas hissəsinin etimadına malik olacaq. “Azad və ədalətli seçkilərlə formalaşdırılan, müstəqil və qarşılıqlı nəzarət mexanizmlərinə malik icra, qanunvericilik və məhkəmə hakimiyyətinin formalaşdırılması, yeni konstitusiyanın qəbulu, korrupsiyaya və dövlət əmlakının oğurlanıb talan edilməsinə son qoyulması və bu talanın nəticələrinin aradan qaldırılması, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsi, azad siyasi və iqtisadi təşəbbüskarlıq və rəqabət mühitinin yaradılması, sosial dövlət prinsiplərinin bərqərar edilməsi, əmək haqlarının və sosial yardımların ölkənin iqtisadi imkanları səviyyəsinə uyğun dərəcəyə qaldırılması, Azərbaycanın ərazi bütövlüyü və torpaqların azad olunması uğrunda fəaliyyət göstərir”.
Bəyanata görə, siyasi hakimiyyəti, hüquq mühafizə orqanlarını və məhkəmələrə rəhbərliyi ələ keçirmiş bir neçə familiya və onların əlaltılarının xalqa zidd fəaliyyəti nəticəsində Azərbaycan cəmiyyəti dərin böhran dövrünü yaşayır. “Korrupsiya ictimai – siyasi həyatın bütün sahələrini əhatə edib. Dövlət qanunlarla deyil korrupsiya norma və qaydaları ilə idarə edilir. Neft-qaz gəlirləri daxil olmaqla ölkənin zəngin milli sərvətləri və insanların qanuni yolla qazandıqları gəlirlər və mülkiyyət məmur – oliqarxlar və onların yaxınları tərəfindən birbaşa oğurlanıb talan edilir və ya vergi, gömrük, digər çoxsaylı hüquq mühafizə, təhlükəsizlik orqanlarının təzyiqi vasitəsi ilə qəsb olunaraq mənimsənilir. Eyni zamanda, vətəndaşların mütləq əksəriyyəti yoxsulluq həddində yaşamaqda davam edir”.
Sənəddə deyilir ki, vətəndaş cəmiyyətinin mövcudluğunun zəruri şərti olan hakimiyyətlər bölgüsü prinsipi azad və ədalətli seçkilərin olmaması səbəbindən faktiki olaraq aradan qalxıb. “Qanunverici və məhkəmələr məmur –oliqarx hakimiyyətinin əlavəsinə çevrilib və onlara xidmət edir. Seçkili orqanların legitimliyi problemi dərinləşib. Seçkilər hakimiyyətin qanuni yolla əvəzlənməsi mexanizmi kimi sıradan çıxarılıb. Cəmiyyət indiki iqtidarın saxlandığı şəraitdə azad, ədalətli və demokratik seçkilərə ümidini ciddi şəkildə itirib. 2010- cu il seçkilərinin nəticələrinin saxtalaşdırılması bu istiqamətdə son nöqtə olub. Bu seçkilərdə azad siyasi rəqabət mühitini aradan qaldıraraq, qeyri qanuni vasitələrdən, o cümlədən repressiyalardan istifadə etməklə hakimiyyət real rəqiblərini siyasi səhnədən birdəfəlik sıxışdırıb çıxarmaq planını həyata keçirməyə səy göstərib”.
Fundamental siyasi azadlıqların məhdudlaşdırılması və faktiki olaraq qadağan edilməsi, söz və mətbuat azadlığının əngəllənməsi, hakimiyyətə və ona rəhbərlik edənlər barədə tənqidi yazılara və çıxışlara görə həbs və zorakılıq halları çoxalıb.