AŞ PA hesabatında müxalifət niyə təhqir edilir?

Bir qrup hüquq müdafiəçisi və QHT təmsilçisi Avropa Şurası Parlament Assambleyasının son sessiyasından qayıdıb. Onlar Azərbaycanda 7 noyabr 2010-cu ildə keçirilən parlament seçkilərinin müzakirəsində iştirak edib. Onların açıqlamaları adamı xeyli düşündürür. Məlum olur ki, Avropa Şurasında müxtəlif ölkələrdən olan bir qrup deputat açıq şəkildə, gizlətmədən Azərbaycanın saxtakar siyasi rejiminin əl-üzünü yumaqla, onları müdafiə etməklə, cinayətlərini gizlətməklə məşğuldurlar. Əvvəllər belələri imitasiya yolu tuturdular, çalışırdılar ki, “nə şiş yansın, nə kabab” qaydası ilə vəziyyətdən çıxsınlar və bizim hakimiyyətin əleyhinə çıxış etməsinlər. Amma son illərdə bir qrup deputat çəkinmədən seçkiləri saxtalaşdıranları müdafiə edir, hətta YAP-çılar kimi demokratiya tələb edən müxalifətə qarşı çıxış edirlər.

AŞ PA-nın seçkilərlə bağlı hesabatı isə çox ciddi siqnaldır. Onu oxuduqda adamı heyrət bürüyür. Hakimiyyət haqqında deyilməyən tənqid tonu bu sənəddə müxalifətə qarşı yönəlib. Hesabat nəinki əvvəlki illərdə olduğu kimi həqiqəti əks etdirməkdən yayınmağa xidmət edir, üstəlik, bu sənəddə hüquqları tapdalanan müxalifət təhqir edilir. Məsuliyyətsiz və xırdaçı adlandırılır. Hesabatda deyilir ki, müxalifət açıq ictimai debatların baş tutmamasında məsuliyyət daşıyır, real problemlərin üstündə dayanmaq əvəzinə, eqosentrik siyasi xırdaçılıqla məşğul olur.

Bakıda oturub Avropanı, avropalıları söyməklə məşğul olmaq istəmirəm. Amma vəziyyət siyasi müxalifəti bəzi addımlar atmağa dəvət edir. Mən əminəm ki, Avropa qurumları ilə işləmək, onların dəstəyini qazanmaq faydalıdır və bunu başqalarından demokratiya ummaq kimi yozmaq yanlışdır. Biz heç kimdən Azərbaycana gəlib ədalətli seçki keçirməyi tələb etmirik. Həqiqəti olduğu kimi deməlidirlər. Demirlərsə, heç olmasa yalan danışmasınlar. Üstəlik, onların da üzərinə götürdüyü öhdəliklər var…
Elə bilərsiniz ki, mən AŞ PA-nın hesabatını oxuyub, sadəcə emosional bir reaksiya ifadə edirəm? Yanılırsınız. Bu hesabat AŞ PA-nın özündə də bir çox avropalı deputatları hiddətə gətirib. Isveçdən olan deputat və parlament seçkilərində müşahidə missiyasının tərkibində olan Marietta de POURBAIX-LUNDIN öz çıxışında deyib: “Bizim dinlədiyimiz hesabatın ümumi tonu bizim qrupun seçki günü, xüsusən də səsvermə zamanı müşahidə elədiklərinə baxanda, həddən artıq pozitivdir. Bu seçkilərdə Azərbaycan xalqının doğrudan da azad seçim imkanı olduğunu demək çox çətindir. Mən digər həmkarımla birgə müşahidə missiyasının hesabatına dəyişiklik edilməsi üçün müraciət etdim, amma təəssüf ki bunu diqqətə alan olmadı. Bu, çox pisdir, mənim üçün yox, Azərbaycan xalqı üçün”.

Göründüyü kimi, bir çox avropalı deputatlar bu bəyanatı sakit qarşılaya bilməyiblər. Müxtəlif ölkələrdən olan deputatların çıxışları sanki belə bir nidaya söykənib: Allahınız olsun, belə hesabat olar? Bu qədər yalan olar?! Seçkini ATƏT standartlarında tərəqqi adlandıran bu hesabata normalda başqa bir reaksiya uyğun da gəlməzdi.
Amma nədən bütün Avropada və öz ölkələrində mürtəce mövqe tutan AŞ PA deputatlarını ifşa edən kampaniya aparılmasın? Avropa liberallarını təmsil edən Böyük Britaniyadan olan deputat Michael HANCOCK haqda Müsavat Partiyası daxil olduğu liberallar ittifaqında müzakirə açmalı deyilmi? Təbii ki, bu təkcə Müsavatın da qayğısı deyil.
Etiraz kampaniyaları bir istiqamətdir, eyni zamanda həqiqəti deyən, Azərbaycan xalqının ağrısını yaşayan Marietta de POURBAIX-LUNDIN kimi deputatlara təşəkkür etməliyik…