saatli

Saatlıda pambığın kəsdiyi başlar

Strateji məhsulun istehsalçıları dilənçi durumunda

Pambıq zavodlarında qiyməti məmur-oliqarxlar müəyyənləşdirir

I YAZI

Saatlı rayonuna Azərbaycanın dilbər guşələrindən biri demək olmaz. Əslində heç bir zonada “dilbərlikdən” əsər-əlamət qalmayıb. O cümlədən Saatlıda. Rayonda sosial vəziyyət həddən artıq pisdir. Iş o yerə çatıb ki, pambıq əkib-becərməklə məşğul olan sahibkarlar belə, sevimli işlərindən əllərini çəkmək istəyirlər. Çünki bu sahədə inhisarlıq elə bir həddə çatıb ki, sahibkar il boyu çəkdiyi əziyyətin onda birini əldə edə bilmir. Qazancı yalnız sürünməkdir. Onun il ərzində nə qədər qazandığını araşdıranda ağlagəlməz rəqəmlə qarşılaşırsan. Düşünərsən ki, çəkdiyi əziyyətin müqabilində adam bu cür işin qulpundan yapışarmı?
Nədən sahibkar 780, şirkət 2600 qazanır?

Söhbət etdiyim sahibkarlar pambıqçılığa əlvida demək istəyirlər. Onların sözlərinə görə, rayonda sahibkarlar üçün işıq yeri də qoymayıblar ki, işləyə bilsinlər. Deyirlər ki, pambığı fabriklər onlardan 41 qəpiyə alır (39 qəpik sahibkara verilir, 2 qəpik isə daşınma xərcidir). Özləri mahlıcın kiloqramını 3.30 manata satırlar: “Heç bir əziyyət çəkməyən fabrik nədən bizdən çox qazanmalıdır? Bizə verilən 41 qəpiyin yarıdan çoxu fəhlələrə, texnikaya sərf edilir. Özləri isə milyonlar qazanırlar”.
Söhbət etdiyim sahibkar bildirir ki, bazar qiyməti 3.30 manatdan aşağı olmayan mahlıcın ən pis halda qiyməti 2.74, çiyid isə 50 qəpikdir: “Bir hektardan ən yaxşı halda 2 ton pambıq əldə etmək mümkündür”. Elə bunu nəzərə alıb xırda bir hesablama aparmaq qərarına gəldik. Deməli, 2 ton pambığın 800 kq-ı mahlıc, 1200 kq-ı isə çiyiddir. Öncə sahibkarın 2 tondan nə qədər qazandığını sizə təqdim edim. Təbii ki, sahibkar pambığı xammal kimi verir. Bu isə o deməkdir ki, 2 ton pambığın kilosu 39 qəpikdən 780 manat edir. Bəs fabriklər nə qədər qazanır? Fabriklər xammal kimi aldığı pambığı, yuxarıda qeyd etdiyim kimi, çiyid və mahlıc kimi satır. 800 kq mahlıcın kilosunu ən pis halda 2.50 qəpiyə satır (bu, ən aşağı qiymətdir. Sahibkarlar deyirlər ki, indiyə qədər mahlıcın qiyməti 2.50-yə enməyib. Sadəcə, hesablama rahat olsun deyibən rahat yolla 2.50-ni seçdik). Mahlıcdan əldə edilən məbləğ 2000, çiyiddən isə (1200 kq) 600 manatdır. Deməli, il boyu əziyyət çəkən sahibkar 780 manat qazandığı halda, fabrik 2600 manat gəlir əldə edir.

Aldım qoz, satdım qoz…

Indi diqqətinizi yazıq sahibkarın bir hektardan qazandığı 780 manata yönəldək. Bu 780 manat nələrə xərclənir? Torpaq iki dəfə şumlanmalıdır. Hər dəfəsinə 36 manat, bu edir 72 manat. 2 dəfə mala çəkilməlidir, hər dəfəsinə 15 manat sonda 30 manatla yekunlaşır. Bir dəfə səpin üçün sahibkar 15, 4 dəfə kultivasiyaya isə 60 manat (hər dəfəsinə 15 manat) xərcləməlidir. Fəhlə 1 kq yığdığı pambıq üçün 10 qəpik alır. Deməli, 2 ton pambıq üçün sahibkar daha 200 manat ödəməlidir. Bundan əlavə, 1 hektar torpağa 200 kq azot gərəkdir ki, onun kisəsi (50 kq) 10 manatdır. 40 manat da belə getdi. Bir hektar əkin sahəsinə 70 kq toxum lazımdır. 1 kq toxum isə 30 qəpikdir. Bu da 21 manat edir. Ən yaxşı halda 10 manat da su pulu. Indi hesablayaq görək sahibkar nə qədər xərclədi. Nə az, nə çox, bir hektardan ən yaxşı halda 2 ton pambıq əldə edən sahibkar 448 manat xərcləyir. 780-dən 448-i çıxanda isə 332 edir. Deməli, sahibkar 1 hektar torpaqdan 2 ton pambıq (təkrar edirəm, ən yaxşı halda) əldə edir, 780 manat qazanır, onun 448-i “rasxod”a çıxır. 332 manat hələ tam qazanc deyil, pambığın seyrəltməsi və 4 dəfə alaq pulunu da çıxsaq, sahibkarın sözün əsl mənasında fəhlə olduğunu dərk etmək elə də çətin olmaz. Məsələn, fəhlə briqadaları var, tutaq ki, 40 nəfərlik briqada çağırırsan, 200 manat fəhlələrə, 40 manat da sürücüyə verməlisən… Bunun nəticəsidir ki, çoxları torpağını pambıq zavodlarına icarəyə verib elə öz torpaqlarında fəhlə kimi işləyirlər. Zavodun fəhləsi kimi günəmuzd onlar 5 manat alırlar. Bax belə…
Qiyməti məmur- oliqarxlar diqtə edir…

Sahibkarlarla söhbət zamanı məlum oldu ki, bu il onlara satılan toxumlar dərmanlanmadığından gəmiricilər məhsulu məhv edib. Gəmiriciyə qarşı dərman ikinci dəfə veriləndə isə məlum olub ki, bu dərmanların da vaxtı ötüb. Yəni, bunun da heç bir təsiri olmayıb. Amma bütün bunların pulu sahibkardan alınıb.
Zavodlar sahibkarlarla müqaviləni birtərəfli bağlayırlar. Bu isə sonda sahibkarın müqaviləyə heç bir təsiri olmadan imza atması deməkdir. Əgər ötən illərdə müqavilə imzalanarkən pabığın bazar qiymətinə uyğun olaraq sahibkardan alması nəzərdə tutulurdusa, bu ildən etibarən bu bənd də ləğv edilib. Sahibkarlar şirkətlərin bunu qəsdən etdiklərini deyirlər: “Çünki bilirlər ki, pambıq ildən-ilə bahalaşır. Onlar da məcburdurlar ki, müqaviləyə uyğun bizdən məhsulu baha alsınlar. Ona görə də həmin bəndin üstündən xətt çəkdilər”.
Sahibkarların başqa bir haqlı narazılığı drenajlar – kollektorlarla bağlıdır. Onların sözlərinə görə, kollektorlar vaxtlı-vaxtında təmizlənsə, bir hektardan 5-6 ton pambıq əldə etmək olar: “Bunu dövlət etməlidir. Dövlət büdcəsindən bu sahəyə pul ayrılmalı, şoranlaşmış torpaqlar yuyulmalıdır. Heç bir sahibkar öz cibinin hesabına kollektorları təmizləyə bilməz”.
Sahibkarlar bildirirlər ki, şirkətlərə verdikləri 1 ton məhsulun 25-30 faizi zibilə çıxarılır: “Heç nə yoxlanılmır. Deyirlər ki, bu gün bizə göstəriş verilib ki, qəbul etdiyimiz pambıqda bu faizdə zibil çıxaq. Razı olmayıb başqasına üz tuturuq, orada da həmin vəziyyət, yəni hamısı bir-biri ilə əlbir işləyir, bir-birinə xəbər verir, bir sözlə, hamısı bir əldə – monopoliyadadır”.
Zavodlar məmur-oliqarxların nəzarətindədir. Məsələn, Saatlıdakı zavodlara nəzarətin Kəmaləddin Heydərovda olduğu deyilir.
Saatlı sahibkarları dövlətdən kömək gözləyirlər. Ümidlərini itirsələr belə…
Onlar düşünürlər ki, tez bir zamanda səslərinə hay verilməlidir. Çünki bu şərtlər altında işləyə bilmirlər. Həm də pambıq alan şirkətlər MKT və Şəki Ipək zavodu sahibkarlarla istədikləri kimi davranırlar. Onların heç bir istəyi nəzərə alınmır. Buna görə də yaxın zaman kəsiyində rayonun sahibkarları pambıqdan imtina edəcəklər. Bu isə sonda kütləvi işsizliyə səbəb olacaq.
Heç bir halda sahibkarları qınamaq olmaz. Min bir əziyyət, zəhmət hesabına il ərzində qəpik-quruş əsiri olurlarsa, kabinetlərdə oturanlar isə əlini ağdan-qaraya vurmadan 2600 manat irəli düşürlərsə, əlbəttə, bu, qul yerinə qoyulan sahibkara sərf etməz.

Ramin DEKO, Bakı-Saatlı-Bakı