«O olmasın, bu olsun»un həyatda olan yeganə qəhrəmanı: «Filmdəki maraqlı yerlərin çoxu kəsildi»
Tamara Gözəlova filmin 55 illiyi ərəfəsində «Azadlıq»a nələri açıqladı?
DOSYE: Tamara Gözəlova. 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb. Ailəlidir, bir övladı var.
– Tamara xanım, necə oldu ki, məhz siz Gülnaz oldunuz?
– Məktəbimizdə ədəbiyyat, dram, xor dərnəkləri var idi. Biz bu məktəbdə oxuyurduqsa, mütləq onun ictimai həyatında, həmin dərnəklərdə iştirak etməli idik. Mən həm ədəbiyyat, həm xor dərnəyinin üzvü idim. Bayramlar ərəfəsində tamaşalar hazırlayır, dərsdə keçdiyimiz yazıçıların əsərlərini səhnələşdirirdik. Məsələn, Səməd Vurğunu keçirdiksə, “Vaqif”i, “Fərhad və Şirin”i hazırlayırdıq və s.
Yeddinci sinfə kimi ancaq qız məktəbi idi deyə oğlan rollarını da qızlar oynayırdı. Səkkizinci sinifdən məktəbləri birləşdirəndə oğlanlı-qızlı bir yerdə oxumağa başladıq. Həmin il məktəbə “O olmasın, bu olsun” filmini çəkmək üçün çəkiliş qrupu – rejissor Hüseyn Seyidzadə, operator Əlisəttar Atakişiyev, köməkçi rejissorlar və çəkilişin direktoru gəlmişdi. Onlar məktəbə müraciət edəndə müəllimlərimiz hər sinifdən 2-3 qız seçdilər. Bizim sinfə gələndə müəllimə məni elə təqdim etdi ki, sanki o məktəbin ən böyük aktrisasıyam. Tənəffüsdə direktorun otağına yığışanda gördüm ki, orada təxminən 50-60 qız var. Onların arasından məni seçdilər. O qədər gözəl qızlar gətirmişdilər ki, heç kim inanmırdı ki, məni seçərlər. Elə oldu ki, məni seçdilər və 3-4 aylıq böyük bir proses başladı. Əvvəlcə foto, sonra kino çəkilişləri oldu.
Məndən başqa xeyli əlavə qız da seçmişdilər və hamımızın fotolarının çəkilişi təxminən bir ay çəkdi. Fotoşəkillərin hamısı təsdiq olunmaq üçün Moskvaya göndərildi. Təsdiq olunandan sonra sınaq çəkilişləri başladı. Iki aylıq sınaq çəkilişlərindən sonra kinonu çəkməyə başladılar. Əsas söz-söhbət də bundan sonra başladı. Əvvəlcə evdə, sonra da məktəbdə narazılıq yarandı. Hələ səkkizinci sinifdə oxuyurdum, həm dərslərimi çatdırmalı idim, həm çəkilişlərə getməli idim. O vaxt da dərsdən qalmaq söhbəti yox idi. Əgər sağlamsansa, məktəbə getməlisən. Atam da nizam-intizamı xoşlayan, ağır xasiyyətli insan idi. Nə isə, uzun söz-söhbətdən sonra atamı razı saldılar. Məktəblə də razılığa gəldilər, bir şərtlə ki, dərslərdən geri qalmayım.
Beləliklə, məni Gülnaz roluna çəkdilər. Mənə və Sərvər roluna çəkilən Arif Mirzəquliyevə müəllim tutdular. Fatma xanım Qədri 8 ay bizə incəsənətdən, səhnə davranışından, gəzməkdən, söhbət etməkdən dərs keçdi. Bunların hamısı bizə yad idi. Arifin heç olmasa təcrübəsi var idi, bundan əvvəl “Görüş” filminə çəkilmişdi. Mən tamam təcrübəsiz idim. Əsas çəkilişləri də yay ayına salmışdılar ki, tətil vaxtına düşsün, mənə asan olsun.
– Həmin vaxt səhnədə kifayət qədər peşəkarlaşmış və məşhurlaşmış qadın aktrisalarımız var idi. Onlardan bu rola çəkilmək istəyənlər olmuşdumu?
– O vaxt mənim 14 yaşım var idi deyə belə şeyləri düşünmürdüm. Amma sonralar özlüyümdə fikirləşdim ki, bəlkə də onlar bu rola çəkilmək istəyərdilər. Qıraq-bucaqdan çoxlarını çağırırdılar. Məsələn, mən kənardan çağırılmışdım. “Qızmar günəş altında” filminə Sara Manafovanı dəvət etmişdilər. “Uzaq Sahillərdə” filmində Anjelikanı oynayanı Rusiyadan çağırmışdılar. Bu da müəyyən dərəcədə onlara təsir edirdi ki, necə olur, biz institut qurtarmışıq, bu sahədə püxtələşmişik, yaşımız keçir, amma filmə başqalarını dəvət edirlər. O dövrün aktrisalarından Nəcibə xanım gözəl-göyçək bir xanım idi. Amma nə onun, nə Leyla xanımın qabaritləri Gülnaz roluna uyğun gəlirdi. Onlar 14 yaşlı qızı canlandıra bilməzdilər. Hələ mənə o qədər pal-paltar geyindirəndən sonra 15-16 yaşlı qıza oxşadırdılar. Indi biz yubka deyirik, o vaxt tuman deyirdilər. Həmin tumanlardan dördünü-beşini geyindirirdilər. Hərəsi də on-on iki metrlik parçadan tikilirdi. Sonra ağır arxalıqlar var idi. Mənim uzun hörüklərim var idi. Saçlarımı qaydaya salmaq üçün tağ ayırırdılar və yapışqan vururdular ki, yaxşı görünsün.
O vaxt indiki kimi, üzr istəyirəm, qaş almaq yox idi. Ona görə qrim eləyəndə 2-3 saat otururdum, nazik görünməsi üçün qaşlarıma yapışqan vururdular. Hər dəfə də elə etməli idilər ki, bugünkü qaşım dünənkinə uyğun olsun. Qrimdə vaxtım çox gedirdi. Saat 9-da çəkiliş başlayırdısa, 6-dan mənimlə məşğul olur, saçlarımı, qaşlarımı qaydaya salırdılar. Amma mənə bir o qədər qrim eləmirdilər. Məsələn, yanaqlarım elə anadangəlmə qırmızı idi. Pal-paltarı hazırlamağa, geyinməyə çox vaxt gedirdi.
Indi uşaqlar filmlərə çəkiləndə və ya bir dəfə efirə çıxıb oxuyanda özlərini ulduz hesab edirlər. Amma o vaxt mən hesab edirdim ki, bu işi görmək lazımdır. Mən bunu vəzifə kimi görürdüm. Hələ indi-indi soruşanda etiraf edirəm ki, Gülnaz roluna çəkilən mənəm. Deyirəm, sonra da danışmağa utanıram. Elə bilirəm, nəsə qəbahət iş görmüşəm. Görüb-tanıyanlar olanda çox vaxt deyirdim ki, yox, səhv salırsız, mən Gülnaz deyiləm. Tələbə yoldaşlarımın 90 faizi bilmirdi ki, mən filmdə çəkilmişəm. Biri mən efirdə çıxış eləyəndən sonra zəng edib demişdi ki, bəs, biz neçə il bir yerdə oxumuşuq, neçə ilin dostuyuq, hələ indi xəbər tuturam. Tələbəlik illərində neçə gənc oğlanı uduzdurmuşam. Məsələn, biri o biri ilə mərcə gəlirdi ki, o filankəsdir. Mənə yaxınlaşanda deyirdim ki, yox, kiminləsə səhv salmısınız.
– Tamara xanım, bildiyimizə görə, film nəzərdə tutulduğundan uzun alınıb. Və sonradan bir çox parçaları filmə daxil etməyiblər. “Qayçılanan”, ekrana çıxmayan hissələrdən danışa bilərsiniz?
– Həqiqətən də “O olmasın, bu olsun” saat yarımlıq nəzərdə tutulmuşdu. Amma çəkilişlər o qədər yaxşı gedir, aktyorlar o qədər yaxşı oynayırdılar ki, film üç saata yaxın alındı. O vaxt da bildiyim qədər rəngli film saat yarımdan artıq ola bilməzdi. Ona görə çox yerləri kəsdilər. Mən dəfələrlə demişəm ki, arxivi axtarmaq lazımdır. Sonradan kəsilən o qədər yaxşı yerlər var ki, onları üzə çıxarmaq olar. Onları əlavə etsələr, film indikindən də gözəl alınar.
Kəsilən yerlərdən biri filmdəki məşhur dava səhnəsidir. O səhnədə dava qurtarır, Rüstəm bəy səhər lampa ilə içəri girib taxçanı açır. Açanda görür ki, taxçanın içində dava eləyənlər qucaqlaşıb yatıblar, Məşədi Ibad oturan kreslonun yan-yörəsindən, stolun altından adamlar çıxır. Pəncərənin altında da qucaqlaşıb yatanlar var. Qonaqlıqdan sonra 30-32 adamdan beş-altısı getmiş, qalanları Rüstəm bəyin evində qalmışdı. Məsələn, Möhsün Sənani stolun üstündə necə yatmışdısa, elə də qalmışdı. Davanı o qədər səmimi, canlı oynamışdılar ki, bəzən unudurdular ki, roldadılar.
Mənzərə o qədər gözəl idi, mənim özümü də gülmək tutmuşdu. Bu səhnələrin hamısını çıxarıblar. Məşədi Ibadın başmağını çıxarıb qaçdığı hissə var. Əslində o başmağı adamlar bir-birinə ötürürlər. Iyrəndikləri üçün biri dəsmalla tutur, biri çuxasının qırağı ilə, biri əsası ilə. Yaxud faytonu Sərvərin 6 dostu ilə bir yerdə mən də bəzəmişdim. Çox gözəl bəzədik, amma təəssüf ki, o yeri də çıxartdılar.
– Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Barat Şəkinskaya, Münəvvər Kələntərli kimi ustad sənətkarlarla eyni filmdə rol almaq sizin üçün nə demək idi? Münasibətləriniz necə idi, onlardan aktyorluq sənətini öyrənə bilirdinizmi?
– Əvvəlcə onu deyim ki, heç nə öyrənmədim. Çünki onların çəkilişində çox vaxt olmurdum. Mən Əliağa Ağayevlə, Gəraybəyli ilə, bir də əsas tərəf müqabilim Arif Mirzəquliyevlə təmasda idim. Dava səhnəsində bir-iki dəfə olmuşam, çünki o səhnəylə bizim səhnəni eyni vaxtda çəkirdilər. Rüstəm bəy – Ağasadıq Gəraybəyli çox mülayim insan idi. Uşaq olduğum üçün birdən darıxırdım, özümdən çıxırdım. Məni sakitləşdirirdi ki, əsəbiləşmə. Deyirdi, bax, 14 yaşın var, səni elə bir yaşda kişiyə versələr, neyləyərsən, bunu təsəvvür elə və özün-özünü oyna. Barat xanım məni çox qoruyurdu. Eyni anda kinostudiyada başqa çəkilişlər də olurdu. Barat xanım imkan vermirdi ki, kimsə mənə yaxınlaşsın, kimsə əlavə bir söz desin. Ümumiyyətlə hamısı – lap rejissorun özü, operator çalışırdılar ki, mənim ətrafımda söz-söhbət olmasın. Mənə görə özlərini cavabdeh hiss edirdilər. O qədər qayğıma qalır, o qədər müdafiə edirdilər ki, hamısından çox razıyam. Dünyalarını dəyişiblər, Allah hamısına rəhmət eləsin.
– Tamara xanım, filmdə bəzi maraqlı səhnələr olub ki, təbii üsulla heç cür alınmayıb. Məsələn, Qoçu Əsgərin keçisini bəyirtmək üçün qulağına iynə batırıblar, Məşədi Ibadın alnına milçəyi yapışdırıblar və s.
– Milçək və keçi məsələsi ssenaridə, ümumiyyətlə, yox idi. Çəkiliş vaxtı keçi təsadüfən başını salıb başlamışdı kişmiş yeməyə. Onu görəndən sonra iki-üç gün bu səhnəni yaratmaq istədilər. Amma keçi heç cür kişmişi yemək istəmirdi. Ona görə keçini bir neçə gün ac saxladılar və qıraqda otu əllərində tuta-tuta məcbur elədilər ki, gəlib kişmişi yesin. Amma iynə batırmaq məsələsini, açığı bilmirəm. Dediyim kimi, çəkilişlərin hamısında iştirak etmirdim deyə bir çox şeydən xəbərsiz idim. Milçək də Məşədi Ibadın alnına təsadüfən qonmuşdu. Həmin vaxt hamımız gülüşdük və rejissor da qərara gəldi ki, onu filmə daxil etsin. Amma bu dəfə də milçək qonmaq bilmirdi deyə, onu yapışdırmalı oldular.
Tamara Gözəlova “Gülnaz”a görə nə qədər qonorar alıb?
“O olmasın, bu olsun” dünyanın neçə ölkəsinə satılıb?
Ekrana çıxan kimi tənqidçilər filmi niyə “topa tutublar”?
Bu tənqidçilərdən biri ilə Tamara xanımı nə bağlayır?
Məşhur hind aktyoru Rac Kapur “Gülnaz xanıma” nə deyib?
Tamara Gözəlova aktrisalıq karyerasına niyə son qoyub?
Tamara xanım illərlə Mirmövsüm Ağanın ayağının altını niyə süpürüb?
Bu və başqa sualların cavablarını növbəti sayımızda oxuyun
***
“İndiki aktyorlarda saxtalıq çoxdur”
Tamara Gözəlova: «O vaxt bu filmin üstündən qara bir xətt çəkmişdilər»
– Tamara xanım 1956-cı il sizin üçün uğurlu bir il olub. Eyni ildə tamaşaçılar sizi ekranda həm aktrisa Gülnaz xanım kimi, həm də AzTV-nin ilk xanım diktoru kimi görüblər. Sizi filmdə bəyənib diktorluğa dəvət etmişdilər, yoxsa əksinə?- Hamı elə bilir ki, mən birinci filmdə görünmüşəm, sonra televiziyada. Amma əksinə. Birinci televiziyada görüblər, sonra film ekrana çıxıb. Film ilk dəfə 56-cı ilin iyul-avqust aylarında nümayiş etdirilib, Dövlət Televiziyasının açılışı isə may ayında olub. Televiziyaya ədəbiyyat müəlliməmiz Gültəkin Cabbarlının, rejissor Rauf Kazımovskinin səbəbinə gəlmişəm. Bəlkə də rejissordan mənim şəkillərimi alıb baxmışdılar. Gültəkin xanım bir dəfə tənəffüsdə dedi ki, bəs, televiziyaya diktor yığırlar, səni də gözləyirlər, dərsdən sonra gedərsən. Mən də elə məktəbli formasında məktəbdən telestudiyaya getdim. Həyətə girdim, elə gözəl qızlar var idi ki, hamısı da bərli-bəzəkli. O vaxt qızlar bir o qədər də üz-gözlərinə çəkmirdilər. Ümumiyyətlə mən xarici ölkələrdə çox olmuşam, bu filmin hesabına Orta Asiyanı gəzmişəm. Amma Azərbaycan gözəllərini heç yerdə görməmişəm. Telestudiyadakı o qızları görəndən sonra düşündüm ki, məni seçməzlər. Məktəb formasında, əlimdə portfel, öz-özümə danışa-danışa qalxdım ikinci mərtəbəyə. Bir anlıq fikrimdən daşındım, geri qayıtmaq istədim. Amma elə oldu ki, rejissor qıpını açdı və məni qaçmağa qoymadı. Dedim, bu qədər gözəl qız var, onsuz da mən düşməyəcəm, icazə verin gedim. Içəri salıb yavaşca qulağıma pıçıldadı ki, sən düşmüsən, diksiyanı yoxlamağa çağırmışıq. Mətni oxudum və bəyəndilər. Həmin vaxt mən və Nailə Mehdibəyova seçildik. Aprel ayı boyunca məni göstərməsələr də mətnləri Azərbaycan və rus dillərində oxuyurdum. Mayın 1-də rəsmən açılış oldu. Qərara gəldilər ki, rusdilli olduğu üçün rus dilində verilişləri Nailə, Azərbaycan dilində verilişləri mən aparım. Sonra yavaş-yavaş diktorlar artdı. Sevda Cənizadə, Sara Manafova, Rəna Nəsirli və Ədilə Bayramovanı götürdülər. “Heç vaxt aktrisa olmaq istəməmişəm”
– Sizi bu qədər bəyəndikləri halda necə oldu ki, nə diktorluğu davam etdirdiniz, nə də aktrisalığı?
– Diktorluqdan ali məktəbə hazırlaşmaq üçün uzaqlaşdım. Çox arzulayırdım ki, həkim olum. Üç 5 alsam da, birindən kəsildim deyə qəbul oluna bilmədim. Bəlkə də elə həkimlik arzusu məni bu iki profilə getməkdən çəkindirmişdi. Tibb məktəbinə daxil oldum və yenə bir müddət televiziyada işlədim. Universitetə daxil olandan sonra işləmək mənə çox ağır gəldi. Ona görə 59-cu ilin avqust ayında ərizəmi yazıb televiziyadan getdim. Məktəbi qurtarandan sonra məni Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya Institutuna göndərmək istəyirdilər. Dedilər ki, təqaüd də, qalmaq üçün yer də verəcəklər. Nəsə razılaşmadım. Bir sözlə, mənlik deyildi. Özümü heç vaxt aktrisa kimi görməmişəm.- Axı, Gülnaz rolu kifayət qədər uğurlu alınmışdı…
– “O olmasın, bu olsun”dan sonra Azərbaycanda məni bir neçə başqa filmə, eləcə də “Koroğlu”ya dəvət etdilər, getmədim. Özbəkistana gedəndə çox israr etdilər ki, qal, televiziya diktoru ol, kinolarımızda çəkil, ev də veririk sənə. Razı olmadım. Tacikistandan dəvət etmişdilər, yenə imtina etdim. Hardasa öz yolumu özüm bağlamışam. Ona görə ki, bu sənətə elə bir həvəsim də olmayıb. Həm də təvazökar, utancaq idim. Bu xüsusiyyətlər məndə indiyə qədər qalıb. Özümdən asılı olmayaraq şöhrəti, təriflənməyi sevməmişəm. Birdə ki, Gülnaz rolunun, ümumilikdə filmin uğurlu alındığını indi deyirlər. O vaxt demirdilər axı.
– Yeri gəlmişkən, film ekrana çıxan kimi kino tənqidçiləri onu “topa tutublar”. Iradları da bu olub ki, filmdə əcaib kadrlar var, səhnələr mənasız və zövqsüzdür, rejissor işi pərakəndədir, lazımsız vuruşma-qaçışmalar, eybəcər oyunbazlıqlar var. Necə oldu ki, Azərbaycan kinosunun şahı sayılan bu film həmin vaxt belə kəskin tənqidlərə tuş gəlmişdi?
-Doğrudan da təəccüblüdür. O vaxt uşaq idim, heç nə başa düşmürdüm. Indi bəzi tənqidçilərin yazılarını oxuyuram, amma yenə də başa düşmürəm. Qəbul edə bilmirəm ki, filmi niyə belə sərt tənqid etmişdilər. Azərbaycanın elə bir filmi yoxdur ki, orada “O olmasın, bu olsun”da olduğu qədər peşəkar aktyorlar oynasın. Elə bil ki, bütün qaymaqlar ora toplaşmışdı. Tutalım, mən cavan, təcrübəsiz idim, bəs onlar? Bəs rejissorun, operatorun əməyi? O vaxt bu filmin üstündən qara bir xətt çəkmişdilər. Nədənsə yaşlı aktyorlar da bu tənqidlərə qarşı etiraz etmədilər. Görünür, onlar da incik düşmüşdülər. “Filmi tənqid edənlərdən biri elə həyat yoldaşım olub”- Maraqlıdır ki, bu gün filmi ən çox sevdirən səhnələr – Rüstəm bəyin evindəki qonaqlıq, həmçinin bazar, hamam səhnələri o dövrün “Kommunist”, “Ədəbiyyat və Incəsənət” qəzetlərində “çirkin səhnələr” kimi şərh olunmuşdu.- “Kommunist” qəzetində tənqidi məqalə yazanlardan biri ilə elə mənim sonradan tanış olduğum həyat yoldaşım Alp Ağamirov olub. Bəlkə də, tənqidçilərin rejissorla hansısa ədavətləri olub. Amma dəqiq səbəbini bu gün də bilmirəm. “O olmasın, bu olsun” dünyanın 70-dən çox ölkəsinə satılmışdı. Onların arasında dünyanın aparıcı dövlətləri də var idi. Film pis olsaydı, bu qədər yayılmazdı ki. Müstəqilliyə qədər filmi ancaq ildə bir dəfə verirdilər. O da Novruz bayramında. Amma indi təsəvvür eləyə bilmirəm ki, ayda heç olmasa bir dəfə o filmi göstərməsinlər. Bayramlarda isə istisnasız olaraq bütün telekanallar verirlər. Bu filmi indikilərlə müqayisə edəndə görürsən ki, yerlə göy qədər fərq var. Onların elə bir duruşundan başa düşürsən ki, nə demək istəyir. O aktyorlarda saxtalıq yox idi. Hərəkətləri elə təbii idi ki, adama elə gəlirdi həqiqi Məşədi Ibaddır, həqiqi Rüstəm bəydir. O vaxtın aktyorları indi yoxdur. Məndən inciməsinlər, qəşəngdilər, hər şeyləri var, amma o təbiilik yoxdur. Saxtalıq daha çoxdur. Halbuki indi imkanlar çoxdur, hər cür texnika, şərait var. Bəlkə də indi yaxşı məktəb yoxdur. O aktyorları səhnə məktəbindən başqa həyat məktəbi də öyrədirdi. Bu il həm televiziyanın, həm filmin 55 illiyi olacaq. Amma hələ ki, sakitçilikdir. Dəvət edəcəklər ya yox onu da bilmirəm. Onu bilirəm ki, 50 illiyində demişdilər ki, o aktyorların hamısı dünyasını dəyişib. Halbuki orada məni tanıyanlar var idi və deyə bilərdilər ki, həyatdayam.
Rac Kapur da “Gülnaz xanıma” bənd olub…
– Tamara xanım, öz mütəxəssislərimiz filmin üzərindən xətt çəkdikləri bir vaxtda məşhur hind aktyoru Rac Kapur filmə və sizin aktrisalıq qabiliyyətinizə böyük qiymət vermişdi..
.- 56-cı ilin may ayında Azərbaycanda Hind kinoları festivalı keçirilirdi. Məşhur “Avara” filmindən on nəfərlik nümayəndə heyəti, eləcə də filmin baş qəhrəmanı Rac Kapur Azərbaycana gəlmişdi. “O olmasın, bu olsun”u ilk rəngli film olduğu üçün onlara göstərmişdilər. Telestudiyada oturub filmi müzakirə etmişdilər. Rac Kapur filmdən, onu bəyənməyindən danışarkən mən içəri girmişəm. Içəri girəndə gördüm ki, Rac Kapur filmdəki musiqini çala-çala mənə baxır. O vaxt rejissor Hüseyn Seyidzadəyə birgə film çəkmək və məni də filmə dəvət etmək istədiyini bildirmişdi. Amma nədənsə bu təklif reallaşmadı. – Filmin çəkilişləri iki ilə yaxın davam etmişdi. Həmin müddətdə sizə də bütün aktyorlar kimi, qonorar verirdilər?
– Əlbəttə. Aktyorlardan bəzisi aylıq, bəzisi də illik alırdı qonorarını. Mən hər ay o vaxtın pulu ilə 2 min rubl alırdım. Bu da o vaxt üçün böyük pul sayılırdı. O biri aktyorların qonorarı nə qədər idi, onu bilmirdim. Təbii ki, onların maaşı ilə mənim maaşım arasında fərq var idi. Onlar hamısı sanballı aktyorlar idi və hər birinin öz “stavkası” var idi. “Sərvər o qədər yaxşı insan idi ki…”
– Çəkilişlər başa çatandan sonra Sərvər rolunu canlandıran Arif Mirzəquliyevlə görüşürdünüzmü?
– Sərvər o qədər yaxşı insan idi ki, mən onunla kino çəkilişləri qurtarandan sonra da əlaqə saxlayırdım. Tez-tez də olmasa arada görüşürdük. Işlədiyim kitabxanada ev kooperativi var idi. Təsadüfən o da həmin kooperativə yazılmışdı. Iki-üç aydan bir gəlirdi. O vaxt 5 saylı poliklinikada həkim-nevropatoloq işləyirdi. Həyat yoldaşı da həkim idi. Iki övladı var, hər ikisi də ailəlidir. Sonradan oğlu da, qızı da gəlib məni tapmışdı. Arif də mənim kimi aktyorluğa meyl etmədi. Hələ o Ümumittifaq Dövlət Kinematoqrafiya Institutuna da getdi, amma sonra yarımçıq qoyub gəldi.
– Tamara xanım, eşitdiyimizə görə, Içərişəhərdə yaşayanda Mir Mövsüm Ağa ilə yaxın qonşu olmusunuz?
– Həqiqətən də elədir. Sizə Mir Mövsüm Ağa ilə bağlı bir şey danışım. Üzr istəyirəm, anamın məndən əvvəl iki oğul övladı olub, hər ikisi ölüb. Ona görə də, mən anadan olanda nənəm nəzir deyib ki, əgər sağ qalsam, ta Mir Mövsüm Ağa dünyasını dəyişənə qədər gedib ayağının altını süpürüm. Bir yaşım olanda mənə balaca süpürgə və kətil almışdılar. Indi Mir Mövsüm Ağanın şəklinin asıldığı yerdə əvvəl təndirxana var idi. Üç pəncərəsi olan böyük bir otaq var idi, ortaya da Mir Mövsüm Ağanın oturması üçün kreslo qoymuşdular. O kresloda otururdu, gələnlər də onun başına fırlanıb çıxırdılar. Hər gün səhər məni aparırdılar, ayağının altını süpürür, sonra da qucaqlayıb öpürdüm. O da məni yanında oturdub başımı sığallayırdı. Dünyasını dəyişənə kimi hər gün onun ziyarətində olmuşam. Çox vaxt sual verirlər ki, uşaqlığın necə keçib, oynamısanmı, küçəyə çıxmısanmı. O vaxt hər şey tam başqaydı. Müharibədən sonrakı illər idi. Hər kəsin başı özünə qarışmışdı. Ona görə vaxtımı elə kitab oxumağa sərf edirdim, məktəbə gedib-gəlirdim.
Gültəkin Knyazqızı