Sumqayıt-69: Əliyevin Moskvaya gizli məktubu

«Partiyada bir adam tapılmadı ki, KQB-dən rəhbər qoyursuz» deyən adam ilim-ilim itdi

 

Moskva, 4 dekabr 1988-ci il. Qardaşı Əhmədağanın Əhmədlə son görüşü… Bu görüş cəmi 15 dəqiqə çəkir. Jurnalist Eyruz Məmmədov “28-dən 29-a keçən gecə” kitabında yazır: “Sumqayıt hadisələrini araşdırmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixinə, az da olsa, ekskurs etmək pis olmazdı. Sözsüz ki, onun qaynaqlarından biri doğma şəhərim Sumqayıta, fevral hadisələrinə gətirib çıxaracaqdır”.

 

əvvəli ötən saylarımızda

***

Indi rəsmi informasiyaya inansaq müxtəlif müddətlərə azadlıqdan məhkum olunmuş 94 nəfər 250 min əhalisi olan şəhərdə 32 nəfəri qətlə yetirib, yüzə qədər hərbi qulluqçunu və milisi yaralamışdılar. Onlar evləri dağıdır, talan edir və avtomobilləri yandırırdılar. Bir sual da ortaya çıxır: Görəsən 94 nəfəri sakitləşdirmək üçün Sumqayıta qoşun və hərbi texnika yeritməyə ehtiyac vardımı? Tutaq ki, qoşunların Sumqayıta yeridilməsində gecikmə olub. Bəs Sumqayıta qoşun vaxtında yeridilsəydi, hadisə hansı ssenari ilə inkişaf edərdi? Sumqayıtda daha çox qan tökülər, daha çox müqavimət olardı. Əslində SSRI rəhbərliyi Azərbaycan-Ermənistan münaqişəsinin həllinə ikili münasibət bəsləyirdi. Ciddi mövqe tutmamaqla, əhaliyə informasiya verməməklə münaqişəni dərinləşdirirdi. Gah o cinahın,  gah da bu tərəfini tutmaqla daha qanlı faciələrə şərait yaradırdı.

Moskva arxivləri açmır!

Hörmətli oxucu! Azərbaycanda Sumqayıt həqiqətlərini üzə çıxarmaq çox çətindir. Ona görə ki, arxivlər üzümüzə bağlıdır, Moskvaya getməyə, Sov.IKP və SSRI “KQB”-nin arxivlərində işləməyə imkanımız yoxdur. Sağ qalan məmurlar hələ də səmimi ola bilmir, sifarişlə əmrləri yerinə yetirdikləri kimi, eyni qaydada susurlar. Qəribə burasıdır ki, 1988-ci ilin qanlı olaylarının yaranmasına şərait yaradanlar, qabaqlayıcı tədbir görməyənlər, yenə vəzifə sahibidirlər, yenə xalqın adından danışmaq imkanları var. Bilmirik, onları necə qıcıqlandıraq, necə danışmağa, həqiqəti demək yoluna çağıraq.
Çünki keçmiş və həmişəyaşar məmurlar “Niyə Sumqayıt” sualına 1988-ci ildə cavab tapmaq istəsəydilər, çox güman ki, nə 20 yanvar, nə də birinci Qarabağ savaşı olmazdı. Torpaqlarımızın 20 faizi işğal edilməzdi. Əgər həmin günlər bir az vətənpərvər ola bilsəydilər, ən azı kommunist olmaqdan əvvəl azərbaycanlı kimi hərəkət edə bilsəydilər, onlar axının yedəyində deyil, önündə gedər və başa düşərdilər ki, ehtirasları və hissləri cilovlamaq mümkündür.
Xalqın ayrı-ayrı nümayəndələri kommunist məmurlardan daha tez demokratik proseslərin axarını anladı. Amma onlar baş verə biləcək qanlı və qansız olaylara təsir etmək gücündə deyildilər. Moskvanın diktəsi ilə özlərini millətin “lideri” hesab edənlər nəsə etmək əvəzinə, “bəlkə şahlıq quşu mənim başıma qondu” fəlsəfəsi ilə yaşadılar, hətta Sumqayıtda tökülən ilk qanlar belə onları ayıltmadı. Onların bir çoxu “Kremlin qulu, millətin ağası” prinsipi ilə yaşadılar, təkəbbürlü iddialarını xalqın iradəsi kimi qələmə verməklə birinci olmaq fikrindən yaxa qurtara bilmədilər. Xalq eşitdiyi yalan, gördüyü həqiqət arasında çırpındı və idarəolunmaz kütləyə çevrildi.

“Qarabağ heç vaxt indiki kimi bizim olmayıb”?..

1992-ci ilin martında Qarabağa Xalq Yardımı Komitəsinin sədri, xalq yazıçısı Bayram Bayramovun Ali Sovetin sessiyasında dediyi “Qarabağ heç vaxt indiki kimi bizim olmayıb” fikri çoxlarına qəribə gəldi.

Əməl olunmayan tövsiyələr və qan gölləri…

Çünki Azərbaycan KP MK həmişə Qarabağ problemini şirələməklə məşğul olmuşdu və çətin anlarda onu gələcək üçün dondurmuşdu.
Mircəfər Bağırov Stalin-Beriya ilə yaxın münasibətlərinə, Imam Mustafayev və Ali Sovetin sədri Mirzə Ibrahimov Azərbaycan dilini və milli məsələni qabartmalarına, Vəli Axundov 1967-ci ildə Stepanakertdə baş verən olaylara və sonradan Ermənistanla sərhədyanı rayonlardan bir sıra ərazilərin onlara verilməsi ilə bağlı 1969-cu ilin mayında Azərbaycan SSR Ali Sovetinin qərar qəbul etməsinə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Vəli Axundovun vəzifədən çıxarılmasında 1969-cu ilin mayında Azərbaycan SSR DTK-nin sədri Heydər Əliyevin Sov.IKP MK yanında Nəzarət- Təftiş Komitəsinə yazdığı çox səhifəli məktub da az rol oynamamışdı. Bir fakt da diqqəti cəlb etməyə bilmir. Vəli Axundov öz yerinə bir neçə nəfərin namizədliyini versə də, onların heç biri Sov.IKP MK-da qəbul olunmamış və geri qaytarılmışdı. Azərbaycan Respublikasının baş prokuroru Qambay Məmmədov “Moskovski Komsomolets” qəzetinə verdiyi müsahibədə demişdi: “Əliyevi birinci katib kimi təqdim etməyə Moskvadan Kapitonov gəlmişdi. O, Əliyevi təqdim edərkən rayon katiblərindən biri ayağa qalxaraq dedi: ”Həqiqətənmi, Azərbaycan KP MK-da birinci katib təyin etməyə bir adam tapılmadı, gərək “KQB”-dən təyin edəydiniz? Kapitonov cavab olaraq bildirdi ki, dövlət təhlükəsizliyi də  partiya orqanıdır. Söhbət də bununla bitdi”.
Əliyev təyin olunandan bir həftə sonra həmin birinci katibi gördüm deyən olmadı.
***
Əliyevin öz yerinə təyin etdirdiyi Kamran Bağırov, Qorbaçovun Əliyevin adamlarına qarşı çıxardığı Vəzirov və Ayaz Mütəllibov Qarabağ dalğasında vəzifələrini itirdilər. Müstəqillikdən sonrakı tarixdə isə prezident Əbülfəz Elçibəy də Qarabağ savaşı fonunda daxili çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırıldı.

Ermənilərə torpaq lazımdır, vəssəlam

SUMQAYIT. 1988-ci il. Martın əvvəli… SSRI DTK-si sədrinin müavini Filip Bobkov yazır:
“Sumqayıt hadisələrinin səhəri günü mən bir erməni qadınla söhbət etdim. O dedi:
– Siz elə bilirsiniz Yerevanda o ziyalılar bizim haqqımızda, ermənilər barədə düşünürlər? Onlar yalnız torpaq haqqında düşünürlər. Qarabağ onlara bu məqsədlə lazımdır.
Bundan bir neçə ay sonra mən Moskvaya gələn Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini Kirokosyanla görüşdüm. O, müxtəlif arqumentlərlə mənə sübut etməyə çalışdı ki, məsələ ermənilərin xeyrinə bu səbəblərdən həll edilməlidir:
-Bizə torpaq lazımdır.
-Niyə? – mən soruşdum.
-Ona görə ki, ermənilər ölkəni torpaqları olmadığına görə tərk edirlər.
-Hara gedirlər?
-Stavropol diyarına, Sibirə, Mərkəzi Rusiyaya.
-Burada pis nə var ki?
-Beləcə, ermənilər köçüb gedirlər. Bu köçün qarşısını almaq üçün bizə torpaq lazımdır.
Bu sözlərlə sumqayıtlı erməni qadının sözləri üst-üstə düşürdü. Beləliklə, ermənilərə torpaq lazım idi. Qarabağ münaqişəsi başlayan kimi KQB-ni Mərkəzi Komitəyə məlumat verməməkdə suçladılar”.

Bobkov… Sumqayıt barədə məlumat alır

Bakı. 2010-cu il. Vəkil Aslan Ismayılovun “Sumqayıt. SSRI-nin süqutunun başlanğıcı” kitabından:
1985-1990-cı illərdə Azərbaycan KP MK-nın komissiya sədri olmuş R.Axundov Stepanakertdəki bir söhbəti Aslan Ismayılova danışarkən deyib: “Stepanakertdə baş vermiş hadisələr barədə adi, darıxdırıcı söhbət zamanı Bobkov gözlənilmədən mənə belə bir sual verdi: ”Ermənilərin bundan sonrakı hərəkətlərini siz necə proqnozlaşdırırsınız”? Mən bir qədər fikirləşəndən sonra cavab verdim: “Mənim fikrimcə, onlar Azərbaycan şəhərlərinin birində hər hansı təxribat təşkil edəcəklər”?..

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala