“ABŞ Türkiyəni daha yaxşı dinləməlidir”

“Newsweek” Vaşinqtonu Yaxın Şərqlə bağlı strategiyanı yenidən nəzərdən keçirməyə çağırdı

 

ABŞ-ın həftəlik “Newsweek” jurnalında Misirdə yaşanan olylarla bağlı analitik yazı dərc olunub. Məqalədə bildirilir ki, Yaxın Şərqi inqilab dalğası bürüdüyü bir zamanda ABŞ administrasiyası bölgə ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməlidir.

 

Tanınmış jurnalist və siyasi şərhçi Stefan Kinçer məqaləsində yazır ki, Vaşinqtonun proseslərə yanaşmasında yeni müttəfiqlərə ehtiyacı var:“Müsəlman Yaxın Şərqindəki ən yaxın ABŞ müttəfiqi Türkiyəni daha diqqətli dinləməsi uğurlu başlanğıc ola bilər”.

Müəllif yazısında ABŞ-ın Yaxın Şərqdə yanlış bir strategiya sərgilədiyi üçün olaylara təsir imkanlarının azaldığını vurğulayıb. Stefan Kinçer İranın “Hizbullah”, “HƏMAS” və İraqdakı Şiə partiyaları kimi seçkiləri qazanan populyar qüvvələrin yanında yer aldığı zaman, ABŞ-ın həmin yüksələn güclərə qarşı qoymaq üçün Misir prezidenti Hüsnü Mübarək kimi dostlarına güvəndiyini yazıb:“ABŞ-ın uzunmüddətli Yaxın Şərq strategiyasının yenidən nəzərdən keçirmək ehtiyacı indiki qədər gərəkli olmamışdı. Türkiyəylə daha sıx məsləhətləşmələr uğurlu başlanğıc ola bilər. İkinci addım isə İrana qarşı siyasəti güc işlətmədən səmimi bir uzlaşma tapmaqla qaydasına salmaq mümkündür”.

Siyasət şöbəsi