Yalan da söz azadlığına daxildirmi?

Heç vaxt yanlış anlaşılmaqdan qorxmamışam. Söylədiyim bir fikrin, yazdığım bir cümlənin səhv başa düşülməsindən, beləcə, topa tutulmaqdan əndişələnməmişəm.
Hətta bəzən xoşuma gəlib, çünki belədə polemika üçün bəhanə yaranır. Həqiqətin isə məhz belə fikir toqquşmalarından ortaya çıxdığı, nə qədər şablon görünsə də, eyni zamanda dəyişməz və ali gerçəklikdir.
Amma ilk dəfə, bəli, bəli, ilk dəfə yanlış anlaşıldığıma, yazdıqlarımdan arzu etmədiyim nəticələr çıxarılmasına görə üzüldüm. Çağdaş publisistikamızın “ağır toplar”ından Xaliq Bahadırın (məhz Xaliq Bahadırın!) öz yazısında məni bir fikrimdən yana “avtoritar düşüncə adamı” kimi alqılaması, nə gizlədim, ağırıma getdi.
Sonra dönüb Xaliq bəydə bu qənaəti yaradan “Əxlaqsızlığın tərifi” adlı yazımı bir daha oxudum. Içim rahatladı. Ortada gerçəkdən bir yanlış anlaşılma vardı. Mən o yazıda kimsənin fərqli düşünməsinə qarşı çıxmamışdım. Sadəcə, əxlaqsız saydığım bir davranış biçimindən bəhs etmişdim.
Bəli, mən həm bir insanı, indiki situasiyada konkret olaraq, Elçibəyi “aqil adam, adil adam, dürüst adam, yalansız adam, vətənini və dövlətini sevən adam” adlandırıb, həm də ardınca “amma o prezident olmamalı idi” deyənlərin əxlaqından şübhə edirəm. Çünki belələrinin məntiqi ilə prezident olmalı adam – zülm edən, yalan danışan, talayan, soyan, sümürən, özünü vətən və dövlət anlayışının üzərində görən adamdır. Xaliq bəy fərqində deyil bəlkə, elə isə hörmətli bəyin nəzərinə çatdırım ki, bu, Azərbaycanın 40 illik bir tarixini oğurlamış ata və oğula bəraət qazandıran bir “məntiq”dir.
Xaliq bəy məlumatsızdır bəlkə, bir neçə illik yazarlığım dönəmində bir çox dostlarım kimi, məni də gecə-gündüz “heç kimi bəyənməməkdə”, “hərəyə bir qulp qoymaqda”, “Azərbaycanın mənəvi və siyasi xadimlərinə tənqidi yanaşmaqda” suçlayırlar. Çünki mən xidmətlərindən asılı olmayaraq, hər kəsin tənqid adlı gözəl nemətdən dadmalı olduğuna inanıram. Heç kimin toxunulmazlıq statusu olmadığına inanıram. Ancaq Xaliq bəy növbəti dəfə yanlış bir qənaətə gəlir, belə çıxır ki, mən nəinki “avtoritar düşüncə adamı”, hələ üstəlik, kiminsə dəlicəsinə fanatıyam.
Hörmətli bəyin hər iki səhv qənaətinin kökündə, məncə, onun konkret situasiyanı qoyub ümumi mənzərədən bəhs etməsi dayanır. Mən Elçibəyi, yaxud bir başqasını tənqid etməyə qarşı çıxmıram. Edilən tənqidin təbiətindəki riyakarlığa qarşı çıxıram. Edilən tənqidin içində gizlənən ədəbsizliyə qarşı çıxıram. Mən heydərizmin qoltuğuna sığınaraq Rəsulzadəyə, Elçibəyə atəş açmağı əxlaqsızlıq sayıram. Rəsulzadəni, Elçibəyi, elə bu günün siyasi liderlərini tənqid etmək lüksünə yalnız irticanı tənqid etməyə iradəsi və cəsarəti çatanların malik olduğuna inanıram.
Və ən pisi, mən Xaliq bəyin yanaşmasında bir az da özünü “konstruktiv” adlandıranların arqumentlərini görürəm. Onlar da bizdən tez-tez öz fikirlərinə hörmət tələb edirlər. Hansı fikirlərinə? Ölkədəki yağmaçılığa, talançılığa, mənəviyyatsızlığa, çirkaba bəraət qazandıran fikirlərinə! Necə yəni, indi hörmətli Xaliq bəyin məntiqi ilə, biz onların bu tələbinə uymalıyıqmı?
Əlbəttə, bütün fikirlərin yaşamaq haqqı var. Əlbəttə, heç kimin söz azadlığı zərrəcə məhdudlaşdırılmamalıdır. Amma bu zaman aydınlaşdırmalıyıq, yalan danışmaq da söz azadlığına daxildirmi? Lap deyək ki, söz azadlığına daxildir, çox gözəl, amma əxlaqa necə, daxildirmi? Bu mümkün ola bilərmi?
Və əgər Xaliq bəy diqqət edibsə, mən də yazımı məhz belə adlandırmışdım: “Əxlaqsızlığın tərifi”.