Tüfeyli bir cəmiyyət yetişib

İradə Tuncay: «Pullu, vəzifəli adamlarda insanlığı az görmüşəm»

«Deqradasiyaya uğrayırıq və bunun da səbəblərini axtarmaq istəmirik»

 

ZƏRİF SİYASƏT

Rubrikamızın budəfəki qonağını müxtəlif cür təqdim etmək olar. Lakin özü adının kiminləsə bağlanmasının əleyhinədir. Tanınmış jurnalist, “Ədalət” qəzetinin baş redaktoru Iradə Tuncaya ilk sualımız da elə təqdimatla bağlı oldu.

“Atanın adının arxasında gizlənəcək yaşda deyiləm”

– Özünüzü daha çox hansı təqdimatda görmək istəyirsiniz? Məmməd Arazın qızı, Aqil Abbasın həyat yoldaşı, yoxsa jurnalist İradə Tuncay?

– Sizin rubrikanın adı “Zərif siyasət”di – mən də sizə desəm ki, həyatım boyu ancaq bir siyasətim olub- DÜZLÜK – bilmirəm inanarsız? Və həm də desəm ki, bu yanlış tərbiyənin nəticəsidi – bilmirəm, nə fikirləşəcəksiz. Zəriflik və düzlük bir araya sığışmır. Zəriflik, türklər demişkən “kıvırmağı” bacarmaqdı. Mən bunu edə bilmədim, acı nəticələrini yeməkdəyəm. Ona görə də valideynlərimdən çox narazıyam. Mənim atam bu dünyanın Adamı ola bilmədi, gəldi-getdi, ola bilmədi. Məni də özü kimi böyütdü, nəzərə almadı harada yaşayacağımı, cəngəllik qanunlarını nəzərə almadı. Mən Iradə kimi doğulmuşdum, ancaq indi Iradə Tuncayam, bunlar başqa-başqa insanlardı. Zərif siyasət yürütməyi öyrənməkdəyəm, uğurlu göstəricilər də var.

Artıq atanın adının arxasında gizlənəcək yaşda da deyiləm. Baxmayaraq ki, onun kölgəsi həmişə üstümdədir. Təkcə mənim yox, yüz minlərin, bəlkə milyonların. Uşaqlığımdan bu  tərəfə o adın ağırlığını daşıyıram. O guruldayan adı özümə təxəllüs də götürməmişəm, ondan qaçmışam. Hələ məktəb vaxtlarından gözəl inşalar yazırdım, ancaq məktəbdə deyirdilər ki, atası yazır. Bu ağırlıq həmişə üstümdədir. Oxuduqlarımı mənim əvəzimə atam oxumayıb, bildiklərimi o mənim əvəzimə öyrənməyib. O elə bir adam idi ki, həmişə məni ən çətin yerlərə itələyirdi. Heç vaxt istəmirdi ki, mənim həyatımı yüngülləşdirsin. Sonra heç fiziki imkanları da olmadı bunun üçün. Ancaq adı guruldayırdı. Vəzifəsi yox idi ki, məni harasa yerləşdirsin. Bunları deyəndə düzgün anlaşılmır. Elə bilirlər ki, Məmməd Arazın qızı üçün həmişə “yaşıl işıq” yanıb və bütün qapılar açıq olub. Elə deyil. Mən çox əziyyət çəkmişəm. Hər şeyi dişimlə-dırnağımla qazanmışam. Indi, kiminsə içində insanlığı olsa, o adı eşidəndə hörmət edib. Millətin içində belələri olsun, 10
faiz. Ümumiyyətlə, pullu, vəzifəli adamlarda insanlıq az görmüşəm. Çox adam mənə uzaqdan baxanda özündən razı, yekəxana, heç kəsi bəyənməyən bir adam kimi qiymətləndirirlər. Bunu hiss edirəm. Ancaq birmənalı olaraq elə deyil. Insanlara həmişə çox böyük sevgi ilə yanaşıram. Amma bunun qarşılığını heç vaxt görməmişəm. Əksinə, həmişə çalışıblar mənə badalaq vursunlar, nəsə pislik etsinlər. Bunu ən yaxın adamlarım da edib. Çox əziyyətlərdən keçmişəm.

Məmməd Araz təkcə mənim atam deyil. Böyük bir millətin mənəvi atasıdır. Mənim atam Ibrahimov Məmməddir. Onun da mənə kömək etməyə elə də böyük imkanları olmayıb. Bunu qoyduq bir tərəfə. Gələk çoxunun diqqət mərkəzində olan Aqil Abbasa. Mən Aqil Abbasa ərə gedəndə o evi-eşiyi, bir qəpik pulu olmayan bir oğlan idi. Ancaq o vaxt Mən (məhz Mən) onu seçdim, işıq gördüm içində. Sonralar onun başına yığışan zəlilər Aqilin kasıb vaxtlarında harda idilər? Aqil də… tez unutdu həmin münasibəti. Onun ətrafında olan adamlar insanları ancaq vəzifəsinə və puluna görə sevirlər. Bu da mənim böyük səhvlərimdən biridi – təmənnasızlıq. Bunu da düzəltməkdəyəm. Vaxtında bütün fədakarlığımla məhz öz adıma xidmət etsəydim, bu gün təqdimatla bağlı bu sualı mənə verməzdiniz. Mənim həm şəfəqlərim çox güclüdü, ətrafımda nə  qədər məsafəni işıqlandırır və həm də görünür, mən o qədər zənginəm ki, artıq-urtuğumla nə qədər adamın qarnı da doyur, başqa üzvləri də.

“Aqil Abbas publikanın damarını tutmağı bacaran adamdır”

– Deputat Aqil Abbasın fəaliyyətindən razısınız?

– Razı qaldığım və qalmadığım məqamlar var. Həm də bilirəm ki, bu reallıqda nə mümkündüsə, onu eləməyə çalışır. Ümumiyyətlə, Aqil Abbas yaxşı deputatdı. Aqil Abbas publikanın damarını tutmağı bacaran, publikayla işləməyi sevən adamdır. Camaat da onu sevir. “Bibi Yusifi, Yusif də bibini ”sevir” prinsipi işləyir burda. Əlindən gələni edir, bunlar gözümün qabağında olur.

“TV-də mənfi istiqamətə dəyişiklik var”

– Televiziyada işləmisiniz. Indi daha çox tənqid edilən sahə televiziyadır. Hətta MTRŞ rəhbəri də gileylənir. Siz işdən çıxandan bəri TV-də hansı istiqamətə dəyişikliklər olub?

– Mənfi istiqamətə dəyişiklik var. Biz mədəniyyət kanalından danışırıq, belə bir kanal qurmaq barədə düşünürük. “Space” elə mədəniyyət kanalı idi. Heç bir yardım, sponsor olmadan, öz qüvvəmizlə çalışırdıq. Televiziyada işləyənlər bunun necə çətin olduğunu bilir. O vaxt Mehriban Ələkbərzadənin tarixlə bağlı filmləri efirə gedirdi, Nadir Bədəlovun müəllif proqramları vardı, “Gecə kanalı” özünə xeyli tamaşaçı  yığmışdı. Həmin adamlar yenə var. Amma nədənsə onlara yer  tapılmır bu günün televiziyasında. Niyə tənqid edirlər ki? MTRŞ təkcə tənqid eləməsin, həm də sahib çıxsın professional kadrlara. Bir düşünün necə ağır sahədi. Ssenarilərindən tutmuş, çəkilişə, montaja xeyli vaxt gedir. Bir filmin hazırlanması beş-altı ay çəkir. On gün səhər saat 10-dan gecə 12-yə qədər montaj otağından çıxmırsan. Artıq o filmi əzbər bilirsən. Indi fikirləşirəm ki, biz həmin dövrdə doğrudan da çox böyük fədakarlıq etmişik. Indi “GünAz” TV-də o filmləri yerləşdiriblər. Az qala həftənin əvvəlində də, axırında da verirlər. Deməli, bu

filmlər lazımdır. O vaxt mənim də altı filmim getmişdi. Fikirləşirəm ki, həmin dövrlərdə bütün kanallarda maarifçiliyə yönəlmiş bir tendensiya var idi. Bu itdi. Nə qədər tənqid etsək də, həmin dövrdə “Lider”də də “Azərbaycan” studiyası fəaliyyət göstərirdi. Onlar da belə maarifçi verilişlər verirdi. O dövrdə ANS də bir başqa cür işləyirdi. Sonra nə isə elə bil söndü.

“Televiziyaya rəhbər işə gedərəm”

– Yenidən televiziyaya qayıtmaq istəmirsiniz?

– Mən televiziyaya getsəm elə-belə işə getmərəm. Çox böyük rəhbər işə gedərəm. Özümü ancaq həmin statusda görürəm.

– Təklif olmayıb?

– Yox, olmayıb. Nağıl danışmayaq.

“Nəsə olub bizə – ağlımızı itirmişik”

– Televiziyada daha çox bayağı əyləncə verilişləri, son vaxtlarda evlilik verilişləri tənqid olunur. Övladınız evlənmək üçün ora üz tutsaydı, reaksiyanız necə olardı?

– Nə gülünc söhbətdir. Insanlar 30-40 il bir-birini tanıyır, birlikdə yaşayır, axırda məlum olur ki, bu ailə heç normal ailə deyilmiş. Çəki ilə, boy-buxunla, göz rəngi ilə olmur axı ailə. Saxta əxlaqla yanaşmayaq. Ümumiyyətlə, elə fikirləşmirəm ki, əxlaq hansısa orqanla bağlı anlayışdır. Yaxud da ki, kişi ilə qadın arasındakı münasibətlərlə bağlıdır. Əxlaq tamamilə başqa şeydir. Söhbət mənəvi əxlaq, böyük mənada əxlaqdan gedirsə, bu tamamilə başqa bir şeydir. O gün televiziyada veriliş gedirdi. Qonaqlar nə istədiklərini izah edə bilmədilər. Ay, “nənələrimiz təndirə çörəyi belə yapırdılar”, “babalarımız belə deyirdi”. O əxlaq deyil. Onda bugünkü bardakı qızları kim doğub? Həmin nənələr doğub, tərbiyə etməyib? Söhbət ondan gedir ki, biz özümüz  deqradasiyaya uğrayırıq və bunun da səbəblərini axtarmaq istəmirik. Biz nəticələrlə döyüşürük. Ancaq bu səbəbləri araşdırmaq lazımdır. Səbəb nədir, nə olub, nə baş verir?! Bunun hamısını cəhalətlə bağlayıram. Insanlar əziyyət çəkmək istəmirlər. Oxumaq istəmirlər. Istəyirdim deyəm ki, mənim övladlarım artıq evlidilər, ora gedəcək yaşda deyillər – amma orda hər yaşda adamlar var. Nəsə olub bizə – ağlımızı  itirmişik.

“Hara getdi yekə-yekə danışdığımız nənələrin əxlaqı, babaların tövsiyələri?”

– Televiziyada işləmiş adam kimi şou xarakterli, əyləncəli verilişləri necə qiymətləndirirsiniz?

– Hər kəsi çirkaba bulaşdırmayaq və ad qoymayaq. Istedadlı  adamlar da olur, onlara da dəstək olurlar. Amma bütövlükdə mənzərə məlumdu. Ora qızlar niyə çıxır? Ümumiyyətlə, o ulduz layihələri nədən ötrüdür? Bunu hamı bilir. Özü də bunu kim edir? Bizim kişilərimiz. Əlində rıçaqlar olan kişilər, azacıq pulu olan kişilər. Heç kim başa düşmək istəmir ki, bu, bumeranqdır. Siz bu qızları pozğun edib atırsınız çöllərə. Bunlar bumeranq kimi qayıdır bizim üstümüzə. Sabah oğluna, nəvənə, qardaşına ilişir. Onların içində də bir qəzəb var. Onlar da cəmiyyətə nifrət edirlər. Bəlkə həmin anda anlamırlar. Onlar elə bilirlər ki, çox rahat həyata gedirlər. Nədir ki, gözümü kor etməyəcəm, oxumayacam, işləməyəcəm. Gedib 50 manat pulumu alıb gələcəm. Amma başa düşmür ki, necə təhqir olunacaq, nə vəziyyətlərə düşəcək. Bizim insanlar hər şeyi rahat əldə etmək istəyir. Zəhmət çəkmək istəmirlər. Mən Iradə Tuncay olana qədər gözlərim kor olub axı. Öyrəndiyimi, çəkdiyim zəhmətləri kim çəkib? 20 yaşım var idi, dünya gözəli bir qız idim.

Birinə diplom işi, birinə kurs işi yazıb çörək qazanırdım. 5 il məni televiziyada işə götürmədilər. Ştatdankənar müxbir işləyirdim. Sonra deyirsiniz Məmməd Arazın qızısan. Götürərdilər də. Savadım, ya görkəmim yerində deyildi, bəlkə adım-sanım yox idi? Ancaq həmişə hər şeyi öz zəhmətimlə əldə etməyə çalışmışam. Indi kiminsə mənə hörməti olubsa, bu başqa. Insanların Məmməd Araza olan sevgisini heç vaxt itirə bilmərəm. Amma zəhmət çəkmədən nəyisə istəməyi qəbul etmirəm. Ordakı qızları da ancaq elə qiymətləndirirəm. O gün toy verilişində qıza mətni veriblər, oxuyur. Deyir siz bizə çox böyük yaxşılıq etmisiniz. Biz özümüzə tay tapa bilmirdik. Insanlar 50-60 ilə özlərinə tay tapa bilmirlər. Sən getdin orada yarım saata özünə tay tapdın. Axı gülüncdür. Özü də mentalitet deyimi boş sözdür. Belə çıxır ki, bizim mentalitetimizi elə ruslar formalaşdırmışdı? Elə bil hamının zənciri qırılıb. Bəs hara getdi yekə-yekə danışdığımız nənələrin əxlaqı, babaların tövsiyələri?

“Saxtakarlığı, riyakarlığı qəbul etmirəm”

– O yollarla gəlib müğənni olanlar Məmməd Arazın sözlərinə mahnı oxuyanda Sizə necə təsir edir?

– Pis. Mən, ümumiyyətlə, heç kimdən saxtakarlığı, riyakarlığı qəbul etmirəm. Ən yaxın adamımdan tutmuş cəmiyyətə qədər. Məni cəmiyyətdə ən çox incidən saxta əxlaq, saxtakarlıq və riyakarlıqdır.

– Vəziyyətin bu həddə çatmasında daha çox kim günahkardır? Dövlət, cəmiyyət, məmurlar, yoxsa başqa kimlərsə?

– Cəmiyyətin özü. Tüfeyli, zəhmət çəkmək istəməyən bir cəmiyyət yetişib.

“90-ci ildən bəri anadan olanlar itirilmiş nəsildir”

– Çıxış yolu nədədir?

– Ancaq ideoloji təbliğatın düzgün qurulmasında. 90-ci ildən bəri anadan olanlar, artıq, itirilmiş nəsildir.

İtirilmiş nəslin tərbiyə etdiyi nəsil necə olacaq?

– Onların içində də yaxşılar var. Hamını ləkələməyək.

“Əlimdə səlahiyyət olsa, birinci nəşriyyatı təmizləyərəm”

– Belə bir durumda qadınların fəallığı qaneedici hesab edilə bilər?

– Ümumiyyətlə, sənətdə, yaradıcılıqda, işdə cinsiyyət ayrı-seçkiliyinin əleyhinəyəm. Əgər beynin, istedadın varsa, bu işlə məşğul ol. Bu binada nə qədər qadın var? Əksəriyyəti reket qəzetlərdə çalışanlardır. Əgər sənə vəsiqə lazımdırsa, gedib özünə adam axtarasan, bu başqa məsələ. Mənim əlimdə səlahiyyət olsa, birinci bu nəşriyyata aid olmayanları təmizləyərəm. Bu binanın tikilməsi, təhvil verilməsi gözümün qabağında olub. Necə hörmətli bina idi. Mən sözlə bağlı  məkanın belə ad çıxarmağını qəbul edə bilmirəm. Əgər bunlar bu işlə məşğuldursa, qırmızı vəsiqə vermək lazımdı. Necə ki, xaricdə edirlər. Getsinlər, xüsusi məhəllələri olsun. Vergisini ödəsin və bu işlə məşğul olsun. Heç kim də ona heç nə deməsin. Kimsə özünə belə həyat yolu seçib. Onu rahat yol hesab edir. Ayrı şeyə ağlı çatmır. Ancaq bir istiqamətdə fəaliyyət göstərir. Ona görə qadının əgər ağlı yerindədirsə, qoy getsin ağlı ilə işləsin. Yox, yerində deyilsə, nahaq yerə yaxşı kişinin yerini tutmasın.

Mən bayaq dedim Zərif siyasəti öyrənirəm. Amma deyəsən, bu müsahibədə alınmadı. Hər bir halda əvvəlki Iradə yoxdu. Iradə Tuncay var – cəmiyyətin hələ qiymətini vermədiyi  Iradə Tuncay. Yer üzünə xoş gəldin!

Fizzə Heydərli