Misir, bayramın mübarək

Bundan sonra Misir inqilabı məğlubiyyətə uğrasa belə, yenə də bu xalqa təbrik düşür. Milyon yarım polis, onun yarısı qədər qurdbasan köpək onların qarşısını kəsə bilmədi. Öncə Mübarəkin varisi ölkədən qaçdı. Ardından Hüsnünün o diktator əzmi qırıldı, illərlə yeri-göyü əsdirən hikkəsi, mənəm-mənəmliyi iki qəpiklik oldu və hökuməti bütövlükdə istefaya göndərib, indiyəcən bütün diktatorlar kimi həşərat zənn elədiyi xalqdan aman dilədi.
Bu yerdə Mirzə Ələkbər Sabirin misralarını xatırlamamaq olmur:
“Ay köpək oğlu əncümən, mən deyən oldu, olmadı?”
Sözün açığı, ərəb dünyasını bürümüş inqilablar haqda düşünəndə ağlıma bir fikir gəlirdi ki, deyək, məsələn, Misirdə əhali çoxdu, altmış milyon okean kimi bir şeydi, kükrədimi, qarşısını almaq olmaz. Ancaq inqilabı altmış milyon eləmir. Onun içindən 20-30 min adam qalxır və diktatorun taxtını laxladır. Fikirləşirdim ki, bu 20-30 min ancaq 60 milyonun içindən çıxa bilər. Yəni o boyda əhalidən bu qədər adam ortalığa çıxa bilirsə, onda doqquz milyonun içindən nə çıxacaq?
Ancaq indi düşünürəm ki, yox, inqilabı eləyən 20-30 min deyil, say burda mütləq rol oynamır. Vacib olan insanların daha köhnə qaydada, alçalaraq, təhqir olunaraq, talanaraq, adam yerinə qoyulmayaraq yaşamaq istəməməsi, qələbəyə olan inam və azadlığa verilən yüksək qiymətdi. Bunlar olmayandan sonra istəyir yüz milyonu meydana çıxar, xeyri yoxdu. Ideyası olmayan yüz milyon insan kütləsinin yüz milyonluq qoyun sürüsündən heç bir fərqi yoxdu.
Deməli, mən yanlış düşünmüşəm. Ümiddən düşməyə dəyməz. Bir kərə meydanları dolduran, azadlıq eşqi ilə coşub-daşan xalq bir gün yenə də özünə qayıda, öz böyüklüyünü, öz gücünü dərk eləyə bilər. Bax, o zaman dünyanın heç bir diktatoru, zülm aparatı, şərə dəstək verən hansısa xarici dövlət xalqın qarşısında dayana bilməz.
Dünənəcən özünü çarəsiz, gücsüz hesab eləyən Misir xalqı indi misri qılınc kimi şərin qollarını kəsib atır, onu yalvarmağa məcbur eləyir. Indi meydanlarda Mübarəkə rədd olub getməsini tələb eləyən hər fərd dünənəcən onun adını dilinə gətirə bilmirdi qorxudan. Bu gün artıq o fərdlər dünənki qorxaqlıqlarını yada salıb heyrətlənir, hətta xəcalət çəkirlər.
Qəribə bir şeydi. Tarixən inqilablar olub. Ən məzlum hesab olunan cəmiyyət, xalq belə birdən-birə kükrəyib, şirə dönüb və ən qəvi, ən qəddar, ən yenilməz hesab edilən diktatorları, tiranları, padşahları, çarları, kralları dünyaya gəldiklərinə peşman eləyiblər. Bunları tarixdən bilməyən yoxdu. Həm kütlələr bunu bilir, həm də diktatorlar. Ancaq maraqlı olan budur ki, hər yeni diktator zənn eləyir ki, o əbədidi, yenilməzdi. Kimsənin onun taxtını devirməyə gücü yetməz. Və xalq da hər yeni situasiyada hansı gücə sahib olduğunu unudur, illərlə bir bambılı diktatorun ayaqaltısına çevrilir.
Kütlə bəzən düşüncədən məhrum ola, hətta illərlə vecsiz sürüyə çevrilə bilər. Bəs axı diktatorlar fərd olaraq hər şeyi yaxşı bilirlər! Bilirlər ki, bir toplumu sonsuzadək kölə kimi aşağılamaq olmaz, bunun bir sonu olacaq və həm də necə bir son!
Məncə, təbiət də insan cəmiyyətinə haqsızlıq eləyib. Bəşəriyyət yaranandan bəri nə qədər kataklizmlər olub, nə qədər heyvan növləri yer üzündən silinib. Məgər təbiət diktatorları da dinozavrlar kimi tarixin arxivinə yollaya bilməzdimi?
Deyəsən sonuncu inqilablar elə təbiətin insan oğluna bağışlayacağı ən böyük hədiyyə olacaq. Diktatorları nəsli kəsilmiş varlıq olaraq muzeylərdə görmək arzusuyla… Qoy, 2011-ci il tarixdə belə qalsın!