Adam gördüyünə, eşitdiyinə inana bilmir. Hamının artıq perspektivsiz və bir qədər aciz hesab etdiyi mavrlar (Avropada ərəbləri və bərbər tayfalarını bu cür adlandırırdılar) eyni vaxtda bir neçə ölkədə əsl inqilab başlayıblar. Indi biz inqilab arzuladığımız halda eyni vaxtda bir neçə inqilabın şahidi olmuşuq. Bu, bir inqilab deyil, əsl inqilablar silsiləsidir, təbiətdə baş versəydi, buna inqilablar paradı deyərdilər, lap planetlərin paradı kimi. Hətta permanent inqilablar nəzəriyyəsinin banisi L.Trotski beləcə bir halı təsəvvür edə bilməzdi. Tunisdən sonra Misir, Əlcəzair, Iordaniya, Livan – hamısı bir-birinə dəyib. Mən bu sətirləri yazanda artıq H.Mübarəkin ölkədən London istiqamətində qaçması haqda xəbərlər dolaşırdı. Təbii ki, hələ yekun nəticə çıxarmaq bir qədər tezdir, ona görə də məcburam ki, yazımda buna cəhd edim. Hər halda, bu yazı işıq üzü görəndə üç haldan biri qəti şəkildə reallaşacaq. Ya Mübarək oğlunu və ya özünü növbəti dəfə prezident etmək fikrindən əl çəkəcək, ya onun ölkədən qaçması haqqındakı xəbərlər tamam təsdiqini tapacaq, ya da o, ölkəni nəzarəti altına qaytara biləcək. Etiraf edim ki, sonuncu perspektiv – ölkədə inqilabi dalğanın yatırılması mənim heç də ürəyimdən deyil. Bilirsiniz, niyə görə? Bəlkə də Şekspir Otellonu mavr kimi təqdim etməsəydi Avropada ərəblərə və Şimali Afrikanın bərbər tayfalarına heç də mavr adı yapışdırılmayacaqdı. Düzdür, artıq bu ad da tarixi məzmun kəsb edir və indiki müqayisələrdə ərəbləri Şərqin ispaniyalıları adlandırırlar. Amma bir aşağılamaq cəhdi, bir aşağılıq kompleksi həmişə var. Çoxları ərəb dünyasına perspektivsiz region kimi baxır, ərəbləri çarəsiz siyasi tənbəllər kimi dəyərləndirirdilər. Amma, əvvəlki yazıda qeyd etdiyim kimi, əksinə ərəb passionarlığından danışanlar da vardı. Indi ərəblərin passionarlığının ikinci fazası başlanır. Bir neçə on illər əvvəl müstəqillik əldə etmiş ərəblər indi demokratiya uğrunda çarpışırlar. Düzdür, bununla bağlı bir qədər mübahisə var, çünki müsəlman dünyasında bəzi hallarda demokratik quruluş deyəndə teokratiya, teokratik respublikalar nəzərdə tutulur, məsələn, Iranda olduğu kimi. Elə bu detal da dünyanı qorxudur. Bir çox hallarda onlar seçməli olur: despotik, amma dünyəvi rejim, yoxsa teokratik respublika? Bəzən məhz bu səbəbdən, könülsüz olsa da, birinciyə üstünlük verilir.
Gənc Camalın arzuları
Doğrusu, mən C.Mübarəkin yaşını bilmirəm. Əgər atasının 81 yaşı varsa, o, bir o qədər də cavan deyil. Səksən bir yaş, otuz illik hakimiyyət, prezident hakimiyyətinin oğula ötürülməsi mənə nəyisə xatırladır… Görən, sizlərə bu tanış gəlmir ki? Bəli, tanışdır. Amma bir az əvvəl bu, Suriyada oldu. H.Əsəd hakimiyyəti oğlu B.Əsədə ötürdü. Amma deyəsən Camalın arzuları ürəyində qalacaq. Bir vaxtlar Şərq (Şərq deyəndə mən keçmiş sosialist düşərgəsini nəzərdə tuturam) ilə Qərb arasında ciddi geosiyasi çəkişmə vardı. Ona görə hərənin öz bəslədiyi, sevdiyi diktator olurdu. Indi artıq bu, yoxdur. Israilə qarşı nisbətən loyal münasibəti ilə seçilsə də H.Mübarək bir siyasi fiqur tək artıq özünün aktuallığını itirib, çünki əvvəlki geosiyasi sifariş yoxdur. Həm də Misir cəmiyyəti o qədər də geridə qalan cəmiyyət deyil. M.Baradeyi və hətta, səhv etmirəmsə, B.Qali misirlidirlər. Avropa ilə arasında bircə dəniz olan Misir yenidən siyasi qaranlığa qərq olacaqmı? Bunu heç istəməzdik…
Kiçik sözardı
Bahar gələndə güllər hamısı birdən çiçəkləyir… “Yasəmən inqilabı”nın da davamı olacaqmı? Çox güman ki. Bilirsiniz, əsas nədir? Odur ki, insan özü-özünü vicdanı qarşısında haqlı hesab edə bilsin. Mən buna etiraz etdim! Ən əsası budur. Deyəsən, Sartr da deyib ki, nəticə haqqında çox da fikirləşmə! Hərəkət et! Düzdür, siyasət taktikanı və strategiyanı çox sevir, siyasətçi bir qayda olaraq atdığı addımları hesablamağa cəhd edir. Amma mən vətəndaş məsuliyyətindən danışıram. Bir çox hallarda çatışmayan, məhz o, vətəndaş məsuliyyəti olur. Hamının özünü siyastəçi hesab etməsi heç də yaxşı hal deyil…