DİN Şeyxin qudasına cavab verdi

 

Ehsan Zahidov Hacı Qalib Salahzadənin polis rəisinin ünvanına səsləndirdiyi ittihamları məntiqsizlik adlandırdı

 

Qafqaz Müsəlmanları Idarəsinin (QMI) sədri Hacı Allahşükür Paşazadənin qudası, deputat Hacı Qalib Salahzadə Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında şok açıqlamalar verib.

 

Iclasda bələdiyyələrin fəaliyyəti müzakirə olunarkən Hacı Qalib Salahzadə ayrı-ayrı dövlət qurumlarının yerli özünü idarəetmə orqanlarının işinə qanunsuz müdaxilələri sərt şəkildə tənqid edib: “Hərə gəlib bir vəsiqə göstərir və bələdiyyələrin işinə yersiz müdaxilə edir. Ölkədə ən müxtəlif qurumlar bələdiyyələrin fəaliyyətinə əngəllər törədirlər… Mən bir daha bəyan edirəm ki, bələdiyyələrin vəziyyəti acınacaqlıdır. Bəli, Bilgəh bələdiyyəsi nümunəvi idi. Ancaq vəziyyət ona görə yaxşı idi ki, oranın rəhbəri mən idim, heç kim qanunsuz yoxlamalara gələ bilmirdi. Amma Maştağa bələdiyyəsinin sədrinin ürəyi partladı öldü. Kürdəxanı bələdiyyəsinin sədri özünü asdı, Balaxanı bələdiyyəsinin sədrini  isə torpaq satmaqda günahlandırıb həbs etdilər”.

Şeyxin qudası Sabunçu rayon Polis Idarəsinin rəisinin də ünvanına ittihamlar səsləndirib. “Sabunçunun polis rəisi burda torpaq satmaqla məşğuldur. Bu rayonda torpağı ancaq o, satır. Bu qanunsuzluğa son qoyulmalıdır”,- deyə Hacı Qalib Salahzadə bildirib.

DIN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Azadlıq”a açıqlamasında deputatın sonuncu fikirlərini məntiqsizlik kimi qiymətləndirib: “Sabunçu polis rəisi torpaq satmaqla məşğul deyil. O, tutduğu vəzifəyə uyğun fəaliyyət göstərir, polis rəisi  olduğu rayonda asayişin qorunmasını təmin edir. Hesab edirəm ki, deputatın polis rəisini torpaq satmaqda ittiham etməsi əsassız və məntiqsizlikdir”.

İnformasiya şöbəsi