Bəs deyirdiniz ölkədə hamı hər şeydən razıdır?

Dünən qəzetlərdə Şeyxin deputat qudası Hacı Qalibin qəzəbli bir çıxışını gördüm, ərinmədim oxudum. Adam məmurların bələdiyyələrə işləmək imkanı verməməsindən gileylənirdi, özbaşınalıqların bələdiyyə sədrlərini boğaza yığmasından danışırdı və sonra da bircə-bircə sadalayırdı: “Maştağa bələdiyyəsinin sədrinin ürəyi partladı öldü. Kürdəxanı bələdiyyəsinin sədri özünü asdı. Balaxanı bələdiyyəsinin sədri həbsdə çürüyür”.

Bəli, gerçək Azərbaycanın mənzərəsidir bu. Üstəlik, biz demirik, özləri deyirlər. Əgər məmurlar hələ bələdiyyə sədrlərini bu vəziyyətə gətirib çıxarıblarsa, görün onda sadə insanlarla bağlı vəziyyət necədi.

Sonra da vicdanları zərrəcə sızlamadan ölkədə hüququn, ədalətin təntənəsindən danışırlar. Dövlət quruculuğu haqqında üyüdüb tökürlər. Budur da sizin qurduğunuz dövlət, budur da! Biz demirik ki, özünüz deyirsiniz. Öz təyin etdiyiniz deputat deyir.

Çox əcaib bir vəziyyət yaranıb. O qədər əcaib bir vəziyyət ki, artıq həqiqətləri xalça altına süpürmək mümkün deyil. Ölkədə dərəbəylik, başıpozuqluq, yiyəsizlik elə bir həddə çatıb ki, hətta rejimin öz əlaltıları da dilə gəlmək məcburiyyətindədir. Çünki artıq hər kəs təhlükəni kürəyində hiss edir. Anlayır ki, heç kim avtoritarizm adlı bu azğın maşının təkərləri altında xurd-xəşil olmaqdan sığortalanmayıb.

Mən bilmirəm, Şeyxin qudasının xətrinə harda dəyiblər ki, o bu qədər əsib-coşur. Ya da bəlkə qabaqdangəlmişlik edir, hələ heç nə baş verməyib, sadəcə, baş verməsi gözlənilir, hər şey mümkündür. Amma istənilən halda, o tək deyil. Biz son vaxtlar rejim yandaşlarının belə odlu-alovlu çıxışlarını çox görürük. Görürük ki, onlarda da hamı nədənsə narazıdır.

Bu çox maraqlı, diqqətəlayiq məqamdır. Və çoxlu da səbəbləri ola bilər. Ola bilər ki, haqsızlığın hamını danışdırmaq kimi bir qüdrəti var. Ola bilər ki, doğrudan da, hakimiyyətin içində böyük çaxnaşmalar yaşanır. Başqa səbəblər də ola bilər, amma səbəblər hər nə olursa olsun, bir şey dəqiqdir, yüzdəyüzdür: “Ölkədə hamı hər şeydən razıdır” deyən bir zehniyyətin öz içində belə, hamı çox şeydən razı deyil.

Və bu, Azərbaycandakı mutant rejimin incəldiyi yerdən qopacağına əmin olmaq üçün gəlinən ən gözəl nöqtələrdən biridir.

Ermənistanda mitinqlər niyə köhnəlmir?

Dünən hakimiyyətin nəzarətindəki informasiya portallarında Ermənistan müxalifətinin Irəvanın mərkəzinə mitinq təyin etməsi barədə xəbərlər göz deşirdi.

Hətta belə xəbər saytlarının biri mənasız bir azərbaycanlı politoloqdan Irəvanda davamlı mitinqlərin keçirilməsi barədə münasibət öyrənmişdi, o da bu aksiyaları Sərkisyan hakimiyyətindən narazılıqların get-gedə artmasının nümunəsi  kimi izah etmişdi.

Di gəl, həmin politoloqdan Azərbaycan müxalifətinin planlaşdırdığı hansısa mitinq, yürüş, piket haqqında soruşsan, başqa hava ötəcək, mütləq və mütləq deyəcəkdi: “Bilirsiniz, mən hesab edirəm ki, artıq mitinqlər dövrü 90-cı illərdə qalıb, müxalifət yeni mübarizə yolları haqqında düşünməlidir”.

Indi tutasan adamın yaxasından, deyəsən, ay qırışmal, bəs Ermənistanda niyə mitinqlər köhnəlmir? Orada niyə yeni mübarizə yolları haqqında düşünmürlər?

Problemin adı

Azərbaycanda çox adam müxalifəti hakimiyyətə gələ bilmədiyinə görə tez-tez qınayır. Mən despotik, xalqa və hüquqa sırtını dönmüş rejimlərdə bu cür yanaşmanı yersiz və məntiqsiz sayıram.

Çünki müxalifətdəki qüvvənin hakimiyyətə gələ bilməsi üçün iqtidardakı qüvvənin hakimiyyətdən getməyə iradəsi və əxlaqı çatmalıdır. Yox, əgər iqtidardakı qüvvə hakimiyyətdə qalmaq üçün ən ağılalmaz metodlara baş vurur, ən dəhşətli saxtakarlıqlara imza atır, ən çirkin əməllərdən çəkinmirsə, günahkarı başqa yerdə axtarmaq gülməlidir.

Bir sözlə, problem müxalifətin hakimiyyətə gələ bilməməsi deyil, iqtidarın hakimiyyətdən gedə bilməməsidir.