Azərbaycan Misirə və ya Tunisə heç bənzəmirmi?

İslam ölkələrinin kafir diktatorları insan qurbanı tələb edirlər

Tunis və Misir, bunların ardınca Yəmən və Iordaniya… Bunların davamı olacaq hələ nə qədər Islam ölkəsində baş verən hadisələri eyni zamanda, müsəlmanların cihadı kimi dəyərləndirmək də olar. Islam ölkələrinin təbəələri daha tiran dövlət başçılarının özbaşınalıqlarına dözmək istəmir, “vətənpərvərlik” adı altında zülmə və “dövlətçilik” adı altında inzibati zorakılıqlara etiraz edirlər.

21-ci əsrdə müsəlman ölkələrin demokratiyaya can atması çox gecikmiş canatımdır. Bu ölkələrin və onların vətəndaşlarının reputasiyası kifayət qədər korlanıb. Dünyanın demokratiyanı və azadlıqları dadmış, demokratik idarəçiliklə öz dövlətlərini və cəmiyyətlərini quran millətləri daha artıq vətənpərvərdirlər. Çünki onlar millətləri oluşduran insanlara daha artıq dəyər verirlər. Amma Islam ölkələrinin demək olar ki, hamısı üçün mücərrəd “vətən” və bir o qədər də mücərrəd olan, heç nəyi ehtiva etməyən “millət” anlayışları yalnız diktatorların qoyduqları qaydaların toxunulmazlığı deməkdir. Başqa heç nə.

Səudiyyə Ərəbistanı dünya neftinin dörddə birini istehsal edən ölkədir: Insanları səfalət içindədir. Misir dünyanın ən nəhəng turizm mərkəzlərindəndir: Misir ərəbləri hökumətin verdiyi pulsuz çörək növbələrini kəsdirib dururlar. Tunis nefti olan ərəb ölkəsidir: vətəndaşları aclıq və səfalət içində sosial partlayış həddinə qədər sınağa çəkildi… Millət və dövlət üçünmü? Qətiyyən yox. Tunisdə vətən, millət və dövlət anlayışının dəyəri birinci ledinin oğurlayıb apardığı bir ton yarım qızılın dəyərindən də aşağı idi. Amma rəsmi təbliğat prezidenti “dünya şöhrətli siyasətçi” adlandırıb şişirdir, birinci ledini dünyanın ən humanitar və ən genişqəlbli mesenatı kimi təqdim edirdi. Misirin birinci ledisi məktəb və təhsil ilahəsi kimi qiymətləndirilirdi, misirlilərin parlaq və xoşbəxt gələcəyinin simvollarından biri idi.

Amma bu tiranların həqiqi siması bu deyildi, axı. Onlar bu saxta və murdar təbliğatın altında insanları kölə sürüsünə çevirmək, onları susqun və rəzil bir kütlə halına salmaqla öz heyvani dəyərlərinin təntənəsini yaradırdılar. Tunis diktatoru üçün Vətən və millət anlayışları özü üçün ucaltdığı imarətlərdən başqa heç nə deyildi. Və günün birində millət ondan hesabat tələb edəndə ata bildiyi ən düşünülmüş ilk addım da həmin milləti gülləbaran etməkdən ibarət oldu.

Tunisdəki, Misirdəki rejimin başqa bir müsəlman ölkəsi olan Azərbaycandan çoxmu fərqi var? Kimsə “var!” deyə bilməz. Bu rejimlər o qədər oxşar və o qədər qohumdurlar ki, hətta Azərbaycanda bu ideoloji qohumluğun şərəfinə abidə də qoyulub: Xırdalan parkı öz ölkəsində dalana dirənmiş Misir diktatorunun heykəli ilə bəzənir. O qədər qohum rejimdir ki, Azərbaycandakı rejim xanimanı dağılmış Hüsnü Mübarəkin heykəlini qorumaq üçün orada polis postu da yaradıb.

Tunisdə və Misirdə ölkəni azadlığa və hürriyətə qovuşdurmaq istəyən ölkə vətəndaşlarının qanı axıdıldı. Bu ölkələri qəsb edən diktatorlar onların qanını tökdü. Bu, müqəddəs qandır, şəhid qanıdır. Amma bu qanı tökmədən özlərinin yaratdıqları harın idarəetmə sistemini demontaj edə bilməzdilərmi?

Həmin Hüsni Mübarək Vətəndaş əzmi ilə ruhlanan insan selinin qarşısında qalıb məhv olmaq təhlükəsi ilə üzləşmədən öz quldur hökumətini istefaya göndərə bilməzdimi? Dünənə qədər təbəə və kölə saydıqları insanların iradəsi ilə razılaşmaq üçün hökmən qan axıtmaq lazım idimi?

Vətəndaşların iradəsini öz dərisi üzərində hiss etdikdən sonra qamarlaya bildiyi var-dövləti götürüb aradan çıxan, dünənki ortaqlarını xalqın qəzəbinə qurban verən diktatorlar hansı mənəvi haqla millətin rəhbəri elan edilir?

Dünənə qədər yırtıcı və acgöz baş naziri, çeşidli nazirləri ilə misirlilərə divan tutan, onların son qəpiklərini də öz atasının malı kimi əllərindən alan Hüsni Mübarək indi hansı haqla “mən daha onlardan deyiləm” deyə biləcək?! O, ortaqlarına xəyanət etmiş mafiya rəhbərindən başqa bir şey deyil.

Millətə divan tutmaq, milləti acgöz və simasız məmurların əli ilə soyub-talayıb didərgin günə salmaq olmaz. Günün birində bunun hesabı sorulur. Azərbaycan eynilə Tunis kimi, Misir kimi, Iordaniya kimi,.. korrupsiya məngənəsində boğulan bir ölkədir. Burada korrupsiyanın səviyyəsi daha artıqdır. Kimsə qalxıb “bizdə Misir variantı ola bilməz” deməsin. Bir ay bundan əvvəl Hüsni Mübarəkin və onun cinayət ortaqlarının da ağlına gəlməzdi ki, ölkə vətəndaşlarının səbir kasasının dolmasına bu qədər balaca zaman parçası qalıb. Hüsni Mübarək də iki ay əvvəl parlament seçkisi keçirib parlamenti saxta mandatlı “yapçı”ları ilə doldurmuşdu. Cəmi üç ay əvvəl seçki qanunvericiliyinə və ədalətsiz seçki kampaniyasına etiraz edən narazıların epizodik kütləvi aksiyalarına divan tuturdu.

Bir balaca tamahınızdan alın, Azərbaycan “mübarəkləri”! Kütlənin emosiyalarını coşduran son təkanın nə zaman və hansı motivlə yarandığını kimsə proqnozlaşdıra bilmir. Misirdə heç bir “göysatan” özünü yandırmadı. Yəməndəki göysatanı isə söndürdülər, ölməyə qoymadılar. Bu iş göysatanlıq deyil. Bu iş hansısa biçarə bir vətəndaşın son naləsinin yaratdığı əks-sədaya bağlıdır.

Azərbaycanda həmin nalənin əks-səda verəcəyi sosial mühit hazırdır. Bu naləni kimin qoparacağı və nə zaman qoparacağı isə bir “simə bənddir”.

Kimsə vətəndaş əzmi ilə axan selin qarşısını kəsə biləcəyini düşünməsin. Həm də,.. nə mənası var? Ağla gəlmək üçün hökmən insan qurbanı vermək lazımdırmı? Axı, Islam dini insan qurbanını qadağan edir…