“Öncə başınızın üstündə Tanrını görün, sonra…”

Qələm dostumuz Zümrüd Yağmurun yeni kitabı haqqında düşüncələrim…

Qələm sahibləri əsrlərdir ədəbiyyat deyilən bir yolun ardında həyatın əbədi suallarına cavab axtarışındadır. Hər yazılmış əsər bir cavabdı, bəlkə biri daha mükəmməl, o biri zəif sayıla bilər. Əslində, bu da nisbi müqayisədir. Nobel mükafatçısı Qabriel Qarsia Markesin anası jurnalistlərin “kiminlə qürur duyursunuz” sualına “rahibə qızımla” cavabı verəndə, hər kəs, hətta dünyaca məşhur oğlu da heyrətdən donub qalmışdı. Bəli, müdrik ana əsərlərində hakimiyyət yəhərinin üstündə insanlıqdan çıxaraq Tanrılıq iddiasına düşən diktatorları yetişdirən səbəblərin cavabını axtaran yazıçı oğlundansa, sorğu-sualsız Tanrıya xidməti qəbul edən qızına üstünlük vermişdi…

Bu fikirləri qələm dostumuz Zümrüd Yağmurun yenicə oxuyub başa çıxdığım “Allah qayıdır?!” kitabına giriş seçməyim təsadüfi deyil. Çünki o yaşlı qadının sözləri əslində Zümrüd xanımın romanında qoyulan “Allah hardadır?” sualının cavabıdır. Heç şübhəsiz ki, belə sual yalnız “Kralın ”böyüklüyündə” Allahı kiçiltmişlər üçün Allahla olmaq deyil, kralla olmaq daha vacibdir”(Z.Yağmur) düşüncəsi ortaya çıxan yerdə yarana bilər. Belə sual diktatura qanunları əsasında qurulmuş, böyük çoxluğun Allahın qulu deyil, “ilahi qüvvə” saydıqları bütlərin qulu olduqları bir krallıqda doğa bilər.  Belə sual insana aldığı nəfəs qədər yaxın olan Tanrının görməzliyə vurulduğu zaman meydana çıxa bilər…

Bütün xalqların tarixində millətin azadlıq arzularından yaranan inqilabi ədəbiyyat nümunələri var ki, onlar insanların formalaşmasında əvəzsiz rol oynayıb.

Zümrüd xanımın bu əsərinin də günümüzün ən cəsarətli ədəbiyyat nümunəsi olduğu barədə çəkinmədən mübahisə etməyə hazıram. Yazıçı günümüzdə çox zaman etiraf olunmayan və ya görməzliyə vurulan qadın cəsarətinin qarşı cinsdən daha irəli getdiyini də açıq-aşkar ortaya qoyub. Onun obrazları birəbir bizim gündəlik həyatdan tanıdığımız üzlərdir. Burada hər kəsin prototipini görə bilərsiniz. Haqsızlığın,  qansızlığın hökm sürdüyü, gözünün və qəlbinin qapısını Allahın üzünə bağlamış adamların güc sahibi olduğu bu yer hamımıza tanışdır. Zülmün ərşə dirəndiyi bu ölkədə ölüləri belə məzarda rahat uyumağa qoymurlar. Dağılan qəbiristanlıqların yerində krala yeni-yeni saraylar ucalır. Burada əzilən məsum insanlar – Leylalar, Teymurlar, Səidlər üçün yeganə çıxış yolu intihardır. Burada bütün yollar qaranlığa gedir, əxlaq çərçivəsindən kənar – Zəlimxan, Mehman, Dilbər kimilərin seçdiyi asan “xilas yolları” da…

Amma bütün bu pisliklərin içində mənəvi dəyərlərin keşiyini çəkən bir qrup qələm sahibi ölüm-dirim savaşındadır. Onların mübarizəsi həbsxanada belə dayanmır. Düşündükləri bircə şey var:

“Necə etsinlər ki, adamlar əlini kralın məmurlarına deyil, Allaha açsın…

Necə etsinlər ki, ədaləti ilahidən bilsinlər, kraldan yox..

Necə desinlər ki, Allahın adını eşitsinlər, kralı yox…

Necə etsinlər ki, mütləq, əbədi Allahı bilsinlər, kralı yox…” (Z.Yağmur).

Həyat gerçəkləri bəzən önəmli şeyləri dəyişməkdə kiçik bir azlığın qəhrəmanlığının da yetərli ola biləcəyini təsdiqləyir. Yazarın əsərin başından gələn ağırlığını sonda nikbin notlara bağlaması da bu düşüncəsindən irəli gəlir hər halda.

Zümrüd xanım bu əsəri şəhid jurnalist Elmar Hüseynovun xatirəsinə ithaf edib. Məncə, hər bir söz adamının dəyəri ilk növbədə öz ölkəsinin çiçəklənməsi naminə apardığı mübarizədədir. Elə Zümrüd xanımın özü də bunun ən gözəl nümunəsi sayıla bilər…

Sonda bir epizodu xatırladım. Şotlandiyada məşhur Findhorn xeyriyyə cəmiyyəti yarandığı zaman özünə belə bir şüar seçmişdi: “Öncə başınızın üstündə Tanrını görün, sonra ehtiyacınız olan hər şey sizə gələcək”. Zümrüd xanımın cəmiyyətə vermək istədiyi mesaj da elə budur.

Şübhəsiz, bir gün yolunu azmışlar da ONU görməyə məcbur olacaq…