Kamran Bağırov generallardan nələri xahiş etmişdi?
SSRİ baş prokurorunun müavini hadisələr barədə nə danışıb
1988-ci ilin fevralında Bakıda olan SSRİ baş prokurorunun müavini A.F.Katusevdən “Izvestiya” qəzeti müsahibə alıb. A.Katusev hadisələrlə bağlı deyir: “Şayiələr yayılır ki, şəhərdə kütləvi iğtişaşlardan qabaq qismən məhv edilmək üçün erməni millətindən olan şəxslərin siyahısı tutulurmuş. Guya, bir sıra zavodlarda xüsusi olaraq metal çubuqlar və başqa predmetlər hazırlanırmış. Guya, ermənilərin mənzillərində telefonları qəsdən şəbəkədən çıxarılıbmış və sair və ilaxır. Istintaq zamanı bu xəbərlərin heç biri təsdiq olunmamışdır…”.
“KQB”-dən şəhər partiya komitəsinə yalan məlumat…
Biz bəzi həqiqətləri üzə çıxarmaq üçün 1988-ci ildə hadisələr zamanı Sumqayıt şəhər partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş Yusif Taborskinin “Azərbaycan” qəzetinə müsahibəsi ilə də tanış olmuşuq (Həmin dövrdə “Azərbaycan” qəzetinin baş redaktoru Sabir Rüstəmxanlı, təsisçisi isə Qarabağa Xalq Yardımı Komitəsi idi – red.). Taborski müsahibəsində deyib: “Qəribə burasıydı ki, Ermənistan qanunsuz şəkildə torpaq iddiaları irəli sürürdü, bizsə bunu bir qrup ekstremistin və onların əlaltılarının tələbi adlandırırdıq… Fevralın 27-də fəallarımız Lenin adına meydanda başlamış mitinqlər zamanı camaat arasında iş aparırdılar ki, ”Qarabağda sakitlikdir, orada heç kəs öldürülməyib, şayiələrə inanmaq lazım deyil. Elə bu vaxt meydanda xəbər yayıldı ki, SSRI baş prokurorunun müavini Katusev radioda çıxış edərək Əsgəranda ermənilərin iki azərbaycanlını qətlə yetirdiyini deyib. Biz bundan sonra adamları necə inandıra bilərdik?
A.F.Katusev
Fevralın 27-də KQB-nin Sumqayıt şöbəsindən məlumat aldıq ki, yerli ermənilər DQMV ermənilərinin tələblərini müdafiə etmək üçün mitinq keçirəcəklər. Biz parka yollandıq, orada tam sakitlik idi. Geriyə, şəhər partiya komitəsinə qayıdanda artıq meydanda mitinq başlamışdı. Bu yalan məlumatı niyə vermişdilər, məqsəd nə idi?..
Qafandan gələn yaralılar və təzə qan…
“Başqa bir müəmma isə fevralın 28-də, mitinqin qızğın çağında şəhər partiya komitəsinin qarşısına bir avtobusun gəlməsidir. Avtobusdan əsəbi və həyəcanlı adamlar düşərək avtobusda yaralılar olduğunu söylədilər. Guya onları Qafandan gətirmişdilər. Mənə yaralıları xəstəxanaya aparmaq tapşırıldı. Mən avtobusda həqiqətən təzə qan gördüm, bu isə onların Qafandan gətirildiyini təkzib edirdi. Bir də elə bu yaralıları birbaşa xəstəxanaya aparmaq olmazdımı?”.
Y.Tabaroski daha sonra deyir: “Fevralın 28-də şəhərdə 4-5 general vardı. O cümlədən SSRI daxili qoşunlarının qərargah rəisi Dubinyak və general-leytenant Karayev Sumqayıtda olduğu halda 3-cü mikrorayonda və digər məhəllələrdə talançılıq davam edirdi. Biz onlara müraciət edəndə isə deyirdilər: bizə şəhərin planını verin, biz fəaliyyət planı hazırlayaq və bundan sonra hadisə yerinə gedib talan və qırğınların qarşısını alaq”.
20 yaşlı gənclərin şuluqluğu…
Hadisə vaxtı yalnız şəhər prokuroru Ismət Qayıbov vəzifə başında olub. Biz Sumqayıt hadisələrini araşdırarkən 1988-ci il mart ayının əvvəlində Ismət Qayıbovun hadisə ilə bağlı “Sosialist Sumqayıtı” qəzetinə verdiyi müsahibəni də diqqətinizə çatdırırıq. Şəhər prokuroru deyib: “Cinayətkar hərəkətlərə görə yaxalanmış şəxslərin tərkibinin təhlili göstərir ki, onların böyük əksəriyyəti Dağlıq Qarabağ və Ermənistan ətrafında baş vermiş hadisələrlə bağlı fitnəkar şayiələrin, təhrikçi söz-söhbətin təsiri altına düşmüş, qeyri-şüuri azğınlıq və emosiyalar şəraitindən istifadə edən cinayətkar ünsürlərin quldurluq hərəkətlərinin iştirakçısına çevrilmiş yetkin yaşı olmayan gənc adamlardır. Cinayətkar hərəkətlərdə ifşa olunmuş gənclərin orta yaşı 20 ilədəkdir. Milli tərkib müxtəlifdir.
Erməni millətinə məxsus şəxslər arasında itkin düşənlərin axtarışı aparılarkən məlum olmuşdur ki, onların bir çoxu azərbaycanlı ailələrin mənzilində sığınacaq tapmış, bəziləri isə Bakı şəhərinə getmişdir. Bir çox, həm də cürbəcür şayiələri bununla əlaqələndirmək olar…
K.Bağırov
Açığını deyim ki, haqqında danışdığımız pozuntuluq hadisələrinin baş verməsində fəhlə yataqxanalarında yaşayan, texniki peşə məktəblərində təhsil alan yeniyetmə və gənclərin də az rolu olmamışdır…”.
K. Bağırov generallardan xahiş etmişdi ki…
1988-ci il fevralın sonunda Sov. IKP MK-nın təklifi ilə Dağlıq Qarabağdan olan elm və incəsənət nümayəndələrinin Moskvadakı Ermənistan nümayəndəliyində görüşü keçirilir. Burada iştirak edənlərdən biri, akademik R.A.Srapinyans Siyasi Büronun keçmiş üzvləri, SSRI Ali Soveti sədrinin birinci müavini Demiçevlə Bakıda olan görüşündən danışıb. O, deyib: “Bakıda olan Demiçev və Razumovskinin Sumqayıt hadisələrindən xəbərləri olub, amma onlar heç bir tədbir görməyiblər. Demiçev bildirib ki, Azərbaycan KP MK-nın birinci katibi Bağırov silah işlətməməyi xahiş edib”.
Konovalov: “Biz sizə qaz və neft verməyi dayandırsaq, nə edəcəksiniz?”
General-mayor R.Arutyunov da bu görüşdə iştirak edib. O, Sumqayıt hadisələri ilə bağlı bunları deyib: “Sumqayıt hadisələri Azərbaycan KP MK-nın rəhbərliyi altında keçirilib. Mart ayının 3-də saat 3:30-da mən Ağdamdan Sumqayıta gəldim. Mən qardaş və bacılarımı axtarmaq üçün gəlmişdim. Evdə heç kim yox idi. Şəhər partiya komitəsinə gəldim, birinci mərtəbəyə girdim, bütün qohumlarım burada idi, onlarla söhbət etdim. Bir neçə dəqiqədən sonra Sumqayıt şəhər partiya komitəsinin birinci katibi C.Müslümzadə mənə yaxınlaşdı. On dəqiqə sonra məni üçüncü mərtəbəyə çağırdılar. Yuxarı qalxdım… Kamran Bağırov, Həsən Seyidov, Sov. IKP MK-nın şöbə müdiri Xarçenko da orada idi. Xarçenko hadisəyə belə qiymət verirdi: ”Siz orada xalqı ayağa qaldırmasaydınız, Sumqayıt hadisəsi baş verməzdi”. Mən Bakıya Mülki Müdafiə qərargahına gəldim, onlardan bilet almaqda mənə kömək göstərmələrini xahiş etdim. Bu vaxt Azərbaycan KP MK-nın ikinci katibi Konovalov zəng edib mənimlə görüşmək istədiyini bildirir. Mən azərbaycanlı şahidlərlə Mərkəzi Komitəyə gəldim. Konovalov DTK-nın, DIN-nin ideoloji işçiləri ilə müşavirə keçirirdi. On dəqiqə sonra müşavirə başa çatır. Içəridən çıxanların biri mənə yaxınlaşır:
– General Arutyunov sizsiniz?
– Mənəm,- deyirəm.
– Sizə Sumqayıt azdır, görün başınıza hələ nələr gətirəcəyik?!
Bütün bunlar ikinci katib Konovalovun qəbul otağında baş verdi. Mən onun otağına girib dedim: “Qarşınızda yefreytor oturmayıb, 30 il rus ordusunda xidmət etmiş general oturub. Siz məni dəvət etmisiniz, nə istədiyinizi deyin”.
Konovalov bunları söylədi: “Siz nə istəyirsiniz, başınızı hara gəldi soxursunuz, Ermənistanda konyak və daşlardan savayı nəyiniz var? Biz Sizə qaz və neft verməyi dayandırsaq, nə edəcəksiniz”?
***
Bəri başdan onu da qeyd edək ki, fevralda keçirilən görüş məhz noyabrda ona görə nümayəndəlikdə müzakirə edilirdi ki, Moskvada sona çatmaqda olan məhkəməyə təsir göstərsin.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala