Yeddiqat çempion niyə qətlə yetirilib?

 

Bir neçə il əvvəl «Lotu Quli»yə görə həbs edilən Samir Ağayevin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb

 

Karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionu Samir Ağayevin qətli ilə bağlı maraqlı məlumatlar yayılıb. Xatırladaq ki, Samir Ağayev yanvarın 22-də qətlə yetirilib. Sabunçu və Yasamal Rayon Polis Idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Rasim Mirzəyev və Nemət Cəfərov tutularaq istintaqa təhvil veriliblər.

 

“Bizim Yol” qəzetinin yaydığı məlumatda bildirilir ki, Samir Ağayev namus üstə qətlə yetirilib. Iddia edilir ki, Samir Ağayev Nemət Cəfərovun bacısına sataşıb. Bundan xəbər tutan Nemət isə Samiri qətlə yetirmək qərarına gəlib. O, xalası oğlu Rasim Mirzəyevlə birgə Samir Ağayevi xəlvət yerə aparıb və orada idmançıya balta ilə zərbələr endirib.

Məlumatda, həmçinin bildirilir ki, təqsirləndirilən şəxslər “Razin” yarmarkasının sahibinin bacısı oğlanlarıdır.

Samir Ağayevin qətli ilə bağlı başqa məlumatlar da dolaşır. Əvvəlcə oxucuların diqqətinə çatdıraq ki, Samir Ağayev bir neçə il əvvəl həbs edilib. Ondan kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifova qarşı ifadələr almaq istəyirdilər. Lakin Baş Mütəşşəkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində amansız işgəncələrə məruz qalmasına baxmayaraq Samir Ağayev Nadir Səlifovun əleyhinə ifadə vermədi. Bundan sonra o, bir neçə il müddətinə azadlıqdan məhrum edildi. Yəni, Samir Ağayev müəyyən mənada kriminal aləmə bağlı şəxs olub. Bu baxımdan onun kiminsə bacısına sataşması inandırıcı görünmür. Bəzi mülahizələrə görə  Samir Ağayevin qətli onun kriminal aləmə bağlı olması ilə əlaqəlidir.

İnformasiya şöbəsi