Istər istibdadın yanında olsun, istər qarşısında… Istər azadlığı seçsin, istər köləliyi… Istər həqiqətin dostu olsun, istər həqiqətin düşməni… Istər millətçi olsun, istər liberal… Istər şahsevən olsun, istər vətənsevər, əlqərəz, kim olursa olsun, Elçibəy haqqında hər kəsi eyni fikirlər birləşdirir bu ölkədə:
– təmiz adam idi;
– millət və dövlət aşiqi idi;
– böyük ürəyi və əxlaqı vardı;
– oğru deyildi;
– əyri deyildi;
– yalansız idi;
– səmimi idi;
– rəhmli idi;
– aqil idi;
– adil idi…
Sizi bilmirəm, ancaq mən çox şahidi olmuşam, belə söhbətlərin sonunda mütləq biri çıxıb utanmadan-qızarmadan əlavə edir: “Bütün bunlar öz yerində. Amma gərək prezident olmayaydı…”
Məntiqə baxın, ağıla baxın: bir insan təmiz qəlbli olacaqmış, millət və dövlət aşiqi olacaqmış, böyük ürək və əxlaq sahibi olacaqmış, aqil olacaqmış, adil olacaqmış, amma prezident olmayacaqmış!
Dünya bina oldu olalı, yəqin ki, belə həyasızlığı, belə əxlaqsızlığı indiyədək nə görüb, nə də bundan sonra görəcəkdir.
Müxalifət olmaya bilər, xalq ki var!
Hakimiyyətdəkilərin böyük fəxrlə, tez-tez təkrarladıqları fikirlərdən biridir bu: “Azərbaycanda müxalifət yoxdur”. Bəli, onların məntiqinə görə, həm Azərbaycanda müxalifət yoxdur, həm də Azərbaycanda demokratiya var. Artıq bu necə demokratiyadırsa…
Indi də gəlin bir anlığa Tunis və Misirdə baş verənlərə göz ataq. Orada da müxalifət sıradan çıxarılmışdı, satılanlar satılmış, satılmayanlar isə əli-qolu bağlı vəziyyətdə idi. Amma hətta bu da həmin ölkələrdə səbr kasası daşan xalqın mütəşəkkil bir güc kimi ortaya çıxmasına və hakim sistemi diz üstə çökdürməsinə mane ola bilmədi.
Mən inanıram ki, Tunisdə və Misirdə baş verənlər yeri gəldi-gəlmədi, hər ağzını açdığında Azərbaycanda müxalifətin zəif olmasından, hətta yerli-dibli olmamasından qürurla, özündənrazı şəkildə danışanların yuxusuna haram qatmışdır. Onlar baxıb görmüşlər ki, məsələ heç də müxalifətin gücsüz, yaxud zəif, var ya da yox olmasında deyil. Məsələ ondadır ki, xalq var, həm də həmişə var və hamının başıaşağı, üzüyola olmasından gileyləndiyi, passivliyindən, proseslərə seyrçi qalmasından şikayətləndiyi həmin bu xalq bir gün, ən gözlənilməz anda ayağa qalxıb yalan və talan, ədalətsizlik və hüquqsuzluq, sümürücülük və saxtakarlıq üzərində bərqərar olan rejimləri tari-mar edə bilir.
Indi siz qorxun, bundan sonra yaptokratlar açıqlama versinlər ki, Azərbaycanda xalq da yoxdur. Adları üstündə – yaptokrat, nə desən çıxar onlardan?
Bir heykəlin nigarançılığı
Daha bir diktatorun arvad-uşağı başını götürüb qaçdı. Dünən mən bu sətirləri yazarkən Misirin 30 illik sultanı, çağdaş dövrümüzün ən böyük üzqaralarından biri Hüsnü Mübarəkin ailəsinin ölkəni tərk etdiyi barədə xəbərlər internet sitələrini bəzəyirdi.
Hər şey olacağına varır. Xalqın bədbəxtliyi üzərində qurulan bütün xanimanlar bir gün bax beləcə yerlə-yeksan olur. Bu aqibət bütün istibdad rejimlərini gözləyir, sadəcə, bir az geci-tezi var. Darıxmasınlar, hamısının növbəsi çatacaq.
Amma indi məni düşündürən əsas məsələ Hüsnü Mübarəkin taxtı başına yıxıldıqdan sonra bizim “dahi rəhbər”in Misirdəki büstünün taleyinin necə olacağıdır. Bəli, yaptokratların liderinin Qanatra şəhərində büstü vardır, heç şübhəsiz, Misirdə Mübarəkin portretlərinə od vurularkən, heykəlləri uçurularkən həmin büst də öz nəsibini almalıdır.
Şəxsən biz olsaq, belə edərdik – ölkəmizdə 40 illik istibdadın sonuna çıxsaq, “el atası”nın addımbaşı adamın ruhunu zorlayan, zövqünü korlayan heykəlləri ilə bərabər, Hüsnü Mübarəkin Xırdalandakı parkda qoyulan büstünü də yaddan çıxarmazdıq.
Tiranlığı dibindən qaşımaq istəyənlərə yaraşan da budur zatən.