Azərbaycanı sovet mafiyasının əlindən almaq lazımdır! Demə, Mixail Qorbaçov da bunu istəyirmiş
Ermənilər onun cəsarətinə mat qalmışdılar
Bir fakt da diqqəti cəlb etməyə bilmir. Haqqında ölüm hökmü çıxarılan Əhməd Əhmədov hadisələrdən bir ay sonra həbs olunmuşdu. Bu ilin avqustunda dünyasını dəyişən, Moskva proseslərinin son şahidi olan vəkil Əsədağa Abdullayev deyir: “Əhməd Əhmədovu çıxış üçün meqafonu əlindən aldığı adını xatırlamadığım bir nəfər satmışdı. Ondan sonra Əhmədovu gəlib evdə çimərkən aparmışdılar. Mən onun ifadələri ilə istintaq zamanı tanış olmuşam, bəli, ifadələrdə etiraf var idi. Əhmədov məhkəmə baxışında bu etiraflarını onunla izah etdi ki, ona istintaq zamanı deyiblər ki, etirafedici ifadə ver, əks təqdirdə səni ölüm hökmü gözləyir. Əgər etirafedici ifadə versən, məhkəmə bunu nəzərə alıb güllələmə hökmü verməyəcək. Amma mən heç zaman deməmişəm ki, erməniləri öldürün, əşyalarını dağıdın və sairə. Mən demişəm ki, erməniləri qovun, çünki Ermənistandan bizimkiləri qovublar. Və Qarabağ Azərbaycanındır!
Bilirsiniz, məhkəmədən 20 ildən çox vaxt keçib, ola bilər kimsə mənim dediklərimi başa düşməsin, amma keçirdiyim hissləri və prosesdə baş verənləri deməliyəm. Çünki həmin prosesin iştirakçılarından yalnız mən sağ qalmışam. Hələ də Əhməd Əhmədovun saf və cəsarətli sifəti gözlərim qarşısındadır. Bu illərdə nə qədər adamı qəhrəmanlaşdırdıq. Təsəvvür edin ki, 500 nəfərlik məhkəmə zalında 2-3 nəfər azərbaycanlı var idi, qalanları erməni idi. Başda Silva Kaputikyan olmaqla ermənilərin Moskvada yaşayan tanınmış alimləri, rəssamları, yazıçıları məhkəmədə iştirak edirdilər və hər gün yeniləri gəlirdi. Əhmədov onların qarşısında rus dilində özünü çox cəsarətlə və bacarıqlı şəkildə müdafiə edirdi. O, danışdıqca arada üzünü zala tutub deyirdi ki, Qarabağ Azərbaycanındır və heç vaxt Ermənistanın olmayıb. Bu sözü də rus dilində deyirdi. Onlar bunları eşidəndə gözləri iriləşirdi. Ümumiyyətlə, ermənilər Əhmədovun cəsarəti qarşısında mat qalmışdılar. O, çəkinmədən özünü müdafiə edirdi, çünki bilirdi ki, haqq yolundadır. Onu bir neçə dəfə dindirmişdilər, ancaq maraqlıdır ki, prosesdə bunları deməyə imkan vermədilər. Heç sual da vermirdilər ki, istintaqda dediklərin nə dərəcədə həqiqətdir və sairə. Çünki sərf etmirdi. Məsələ onda idi ki, məhkəmədə bunlar açılsaydı başda Azərbaycandan gedən ermənilər də ayılacaqdı ki, bu iki xalqı qarşı-qarşıya qoyurlar. Dinləyin, görün o, nə deyirdi. Əhmədov göstərirdi ki, işdən saat 3 radələrində çıxıb avtovağzala tərəf gələndə avtobusun üstündə bir nəfərin çıxış etdiyini gördüm. Həmin adam Ermənistanda necə döyüldüklərindən, öldürüldüklərindən, qollarının kəsilməklərindən, ailələrinin dağıldıqlarından danışırmış. Eşitdikləri onda vahimə yaradıb. Təsadüfən avtobusun içində diqqəti bir nəfərə cəmlənib ki, həmin adam sifətinin, xüsusən burnunun quruluşundan erməniyə oxşayırmış. Onda Əhmədov avtobusun pəncərəsinə yaxınlaşıb döyəcləyir ki, oturanlardan birinə həmin adamın erməniyə oxşadığını desin, amma cavab almadığından avtobus tərəfə gedib ki, qapını açsın. O zaman avtobusdakı adam düşüb qabaq qapıdan minib, tez sürüb gediblər. Sonra o, kütlə olan tərəfə gedib və səsgücləndiricini alıb adamlara 41a məhəlləsində ermənilərin yaşadığını və onların qovulmasını deyib. Necə ki, onlar bizimkiləri qovublar, biz də erməniləri qovaq. Bundan başqa heç kimin öldürülməsini təkid etməyib. Bax, bunların heç biri məhkəmədə araşdırılmadı”.
18 oktyabr 1988-ci il… Məhkəmənin birinci günü…
Stenoqramdan…
1988-ci il fevralın 29-da Əhməd Əhmədov saat 14:00-da iş yerini tərk edir və saat 16 radələrində avtovağzal ətrafında başlayan kortəbii mitinqə qoşulur. Meqafon vasitəsi ilə Əhmədov ermənilərin şəhərdən qovulmasını tələb etmişdir. Ətrafında şuluqluq salan gəncləri yığaraq 41-ci məhəlləyə gəlmişdir. Əhmədovun rəhbərlik etdiyi dəstəyə adı məlum olmayan onlarla gənc qoşulmuşdur. Bu gün ittiham olunan I.Ismayılov və Y.Cəfərov da onların arasında olmuşdur. Onlar balta, armatur çubuqları və digər kəsici alətlərlə silahlanmışdılar.
Şahid K.Q.Əlimətov: “1989-cu il fevralın 29-da saat 17:00 radələrində öz evimdə oturarkən (4-cü məhəllə, ev 5v, mənzil 27) qonşu binada mənzillərin talan edildiyini gördüm. Ikinci, üçüncü mərtəbədən ev əşyaları həyətə atılaraq yandırılırdı. Həyətdə bir topa yeniyetmə o tərəf, bu tərəfə qaçırdı. Kimsə meqafonla qışqırırdı: ”Yaşasın Azərbaycan!” Onlar harada erməni yaşadığını soruşurdular.
Vəkillər onu ölümə göndərdilər
“Məcburi vəkillər” Ivankov və Kərimov Əhməd Əhmədova istintaq qrupu ilə əməkdaşlığın onu güllələnmənin əlindən alacağını dəfələrlə soyləmişlər. Nəticədə ilkin istintaq zamanı verilmiş “etirafedici ifadələr” məhkəmənin onun haqqında ölüm hökmü çıxarması üçün əsas oldu.
“Respublikaların keçmiş yiyələri” fenomeni
“94 nəfər təhrikçi və iştirakçı həbs edilmişdir”. Bəs təşkilatçılar hanı? Bu sual cavabsız qaldığından hadisənin əsl səbəbkarları bilinmir.
Milli düşüncədə fövqəldövlət anlamı…
Bir daha C.Sorosun “Qorbaçovun konsepsiyası” məqaləsinə müraciət etməyə ehtiyac var. O, yazırdı: “Qorbaçov SSRI-nin fövqəldövlət olması prinsipindən əl çəkmək istəmirdi. Çünki sovet milli düşüncə tərzində fövqəldövlət anlamı o qədər mühüm yer tuturdu ki, hər hansı hökmdar bundan əl çəkə bilməzdi, əgər əl çəksəydi, vəzifəsini itirərdi..
Milli hərəkatlardan ən təhlükəlisi rus millətçiliyidir. Sovet rejimi həmişə digər milli hərəkatları mühasirədə saxlayırdı ki, rus xalqının aparıcı rolunu təmin etsin. Nəticədə ruslar bir millət kimi özlərini ayrıca hiss edirlər”. Elə bu “böyük qardaş” da başqa xalqları qarşı-qarşıya qoyub, bir-birinə qanlarını tökdürməklə həm öz “böyüklüyünü” göstərməyə çalışırdı, həm də hakimiyyəti başqalarına verməmək üçün məhəlli ixtişaşlar yaradırdı. Qorbaçov yaxşı başa düşürdü ki, respublikaları keçmiş “yiyələrinin əlindən” almayınca islahatı irəli apara bilməyəcək və divarları öz başına, həm də bir sıra xalqların, millətlərin başına uçuracaq. Sumqayıtın “poliqon seçilməsi” də bundan irəli gəlirdi. Həm də Qorbaçov respublikaların mərkəzin müdaxiləsinə münasibətini öyrənmək, hansı qüvvələrin bu halda özünü necə aparmasını aşkarlayacaqdı. M.Qorbaçovun sözlərinə görə qoşunlar Sumqayıta 3 saat gecikmişdilər. Sual oluna bilər, həmin günlər Sumqayıtın bir addımlığında hərbi hissələr yoxdumu? Niyə bu qoşunlardan istifadə edilməyib?
Sağ qalan köhnə vəzifəlilər nə deyirlər?
“Fevralın 27-29-da Sumqayıtda nə baş verib?” sualı hələ uzun müddət bu hadisəni tədqiq edənlərin diqqət mərkəzində olacaq. Bu suala ən dəqiq cavabı çox güman ki, həmin dövrdə respublikanın və Sumqayıtın rəhbərliyində təmsil olunanlar verə bilərlər. Biz sağ qalan vəzifəli məmurların özləri ilə görüşməyi, dünyasını dəyişənlərin isə həmin hadisədən sonra mətbuatda dərc olunan müsahibə və digər fikirlərini sizə çatdırmağa çalışacağıq. Həmin dövrdə şəhər partiya komitəsinin birinci katibi işləyən Cahangir Müslümzadə ümumiyyətlə, mətbuata yaxın düşmür. DTK-nın Sumqayıt şöbəsinin sədri, şəhər polis idarəsinin rəisinin iş yerləri dəyişdirilib.
Hadisənin Azərbaycanın sənaye şəhərlərindən birində baş verməsinə baxmayaraq, cinayət işini SSRI Baş Prokurorluğu açıb. Moskvadan, Rusiyanın digər vilayətlərindən cinayət işini aparmaq üçün müstəntiqlər, kriminalistlər, həkimlər və psixoloqlar qrupu cəlb olunmuşdu. Bu qrupa SSRI Prokurorluğu Baş Istintaq Idarəsi rəisinin müavini V.I.Nenaşev, SSRI-nin baş prokuroru yanında mühüm işlər müstəntiqi V.S.Qalkin başçılıq ediblər.
ardı var
Surxay Nüseynli,
Azər Hüseynbala