Sən demə, böyrümüzdə naməlum ada varmış! Xəbərimiz yoxmuş! Məni çox da qınamayın, amma mən bu kampaniyanın səbəbini tam anlamadım. Sizlər üçün də aydın olmaq üçün deyim ki, söhbət başqa bir ölkədən deyil, qonşu, daha doğrusu, bu vaxta qədər bu hakimiyyətin yaxın qonşusu, dostu olmuş Irandan gedir.
Hə, əcəba, nə baş verdi ki, bunlar Iranı təzədən kəşf etdilər? Necə oldu ki, bir gün ayılıb gördülər ki, qonşuluqda Iran adlı dövlət varmış? Bəlkə Iran Ermənistanla əməkdaşlığa dünəndən başlayıb? Bəlkə Iran indiyə qədər Azərbaycanın hava, su sərhədlərini pozmayıb? Bəlkə Iran birinci dəfə Azərbaycan efirinə soxulur? Bəlkə adları çəkilən telekanallar dünəndən fəaliyyətdədirlər? Bəlkə Iranın din xadimləri bu vaxta qədər azərbaycanlı vətəndaşlar haqqında ancaq xoş sözlər deyiblər, fətva-filan verməyiblər? Bəlkə Iranın keçmiş prezidentlərindən biri Azərbaycana səfər edərək “fars şairi” Nizaminin məqbərəsini ziyarət etmək istədiyini nümayişkaranə tərzdə bəyan etməyib? Bəlkə Iran Azərbaycanın daxili və xarici siyasətinə birinci dəfədir ki, “korrektələr” etməyə cəhd edir? Bəlkə Xəzərin statusunun bu vaxta qədər razılaşdırılmamasının səbəbkarı Iran deyil? Bəlkə elə Xəzərdəki bəzi yataqların işlənilməsinin qarşısını alan Iran deyil?
Yox, mənim hansısa kampaniyaya qoşulmaq fikrim yoxdur. Bizim Iran rejiminə münasibətimiz kifayət qədər bəllidir. Iran Azərbaycan üçün həmişə problem olub, səsimiz isə o vaxt eşidilir ki, Iran bu hakimiyyət üçün də problem olmağa başlayır, çünki həmişə Azərbaycan bir yana olub, bu hakimiyyət isə tamam başqa bir yana. Indi bu hakimiyyətin maraqları ölkəni hansı tərəflərə çəkir, təəssüf ki, mən də bu suala cavab verməyə çətinlik çəkirəm. Amma bizim hakimiyyətin özünə “Iran və siyasi islam təhlükəsi” kimi çətir sifariş etmək cəhdi kifayət qədər aydın sezilir. Təhlükə mövcuddurmu və ində də varmı? Həmişə olub və indi də var, fəqət hakimiyyətin bundan bu qədər gec xəbər tutması həm təəccüblü, həm də maraqlıdır. Yox, biz də demək istəmirik ki, bunlar əllərinə silah götürüb Iranla vuruşmalı idilər. Yox. Siyasət mürəkkəb prosesdir. Özü də qonşuluqda olan dövlətlərlə bağlı siyasət. Heç hər şeyin rəsmi şəkildə bəyan edilməsinə də ehtiyac yoxdur. Amma bir çox mətləbləri öz adı ilə, öz forması ilə adlandırmaq olardı. Məsələn, Iran-Ermənistan münasibətlərini götürün. Niyə biz Türkiyəni Ermənistanla münasibətlərdən çəkindirə bilirik, amma eyni bir problemi hətta Iranın diqqətinə çatdırmaqdan ehtiyat edirik? Sual budur.
Saakaşvilinin böyük qardaşı
M.Saakaşvili də Ermənistana daha bir səfər etdi. Burada qeyri-adi heç nə yoxdur. Amma Saakaşvilinin S.Sarkisyanı “böyük qardaş” adlandırması bir qədər doğrudan da qeyri-adidir, nəsə, axır vaxtlar onun qardaşlarının, özü də böyük qardaşlarının sayı artır. Vaxtilə E.Şevardnadze Rusiya rəhbərinin də iştirak etdiyi bir yığıncaqda demişdi ki, bizlərə böyük qardaş lazım deyil, çünki bizim böyük qardaşımız var, o da Heydər Əliyevdir! Təbii ki, indi mən Saakaşvilini kəskin tənqid etmək, Gürcüstanı Iranla müqayisə etməkdən də çox-çox uzağam. Gürcüstan Iran deyil, özü də bütün mənalarda! Amma bu da aydındır ki, Gürcüstan müəyyən mənada Azərbaycanın sayəsində mövcuddur. Bəs onda Gürcüstan niyə özünün Ermənistanla bağlı siyasətini azacıq da olsa dəyişmir, ona korrektələr etmir? Iki dövlət – Gürcüstan və bir də Iran Ermənistanla siyasətinə azacıq dəyişiklik etsə, Ermənistan çox ciddi şəkildə düşünməli olar. Amma onlar bunu etmirlər.
Xarici siyasətin uğuru necə müəyyənləşir?
On yeddi ildir ki, bunlar xarici siyasət qururlar. On yeddi ildə hansısa uğur əldə olunubmu? Səfərlər hələ xarici siyasət haqqında heç nə demir. Bu illər ərzində neçə həqiqi müttəfiq qazanmışıq? Türkiyədən başqa müttəfiqimiz varmı? Mən bu suala cavab verməyə tam çətinlik çəkirəm. 200 il bundan əvvəl Insan və Vətəndaş Haqları Bəyannaməsində deyilirdi ki, cəmiyyət hər bir vəzifəlidən onun fəaliyyəti haqda hesabat tələb edə bilər! Bu hesabla biz haradayıq? 300 il bundan əvvəldə?