Nardaranda lənət dolu təziyə

 

İmamın 40-nı qeyd edən dindarlar hicab, azan qadağasına sərt münasibət göstərdilər

 

Vaxtaşırı gündəmin müzakirə mövzusuna çevrilən Nardaran builki Məhərrəmlikdə də diqqət mərkəzində oldu. Bu da əsasən, Aşura günü Nardaranda keçirilən matəm mərasiminə 10 minədək insanın qatılmasıyla bağlı idi.

 

Bu arada islamçılara qarşı hakimiyyətin basqısının güclənməsi, həbslər, ölkədə hicab probleminin getdikcə dərinləşməsi əvvəlcədən ehtimal etməyə əsas verirdi ki, Nardaranda yanvarın 25-də qeyd ediləcək Imam Hüseynin “40 mərasimi” daha izdihamlı olacaq…

Hətta media orqanları məlumat yaymışdı ki, Nardarandakı tədbirin baş tutmaması üçün güc strukturları orada xüsusi əməliyyat planlaşdırır. Bu qəbildən olan məlumatların nə dərəcədə təsiri olduğunu demək bir qədər çətindir, amma dünən Nardaran piri qarşısındakı müşahidələrimiz zamanı aşkar görünürdü ki, “40 mərasimi”nə gələnlərin sayı əhəmiyyətli dərəcədə azdır.

Pirin geniş həyətində qadınlı-kişili təxminən 500 adam vardı. Qadınlar bir kənarda dayanmış, kişilər isə xüsusi düzəldilmiş kürsünün önündə cərgələnərək, mərsiyə deyir, sinə vururdular. Əzadarlıq edənlər arasında məktəbli uşaqlar da az deyildi. Onları böyüklərdən fərqləndirən isə sinə yox, zəncir vurmaları idi.

Deyilən mərsiyələrdə zülmə, zülmkarlığa Imam Hüseynin rəşadətindən bəhs olunurdu. Mərsiyələrarası fasilələrdə mərasim iştirakçıları lənətləmələr də edirdilər. Bu lənətlər din hökmünü qadağan edənlərə, milləti ağlar qoyanlara, məscidi sökdürənlərə, azad səsi susduranlara, hicabı qadağan edənlərə, zalımı tərifləyənlərə ünvanlanmışdı.

“Kim qadağan etsə də din hökmünü,  Zalim olan kəslərə baş əymərik”

Bu misraları təkrarlayan təziyəçilər xüsusən, hicab məsələsilə bağlı uca səslə lənət oxuyurdular.

Mərsiyələrdən sonra təziyədə çıxışlar başlandı. Başı əmmaməli, yaşlı bir ruhani (onun pirin axundu olduğu deyilirdi) emosional ovqatda fikirlərini çatdırırdı. Görünür, o da təziyəyə gələnlərin sayının azlığından narahatlıq keçirirdi. Bütün dünyada müsəlmanlara zülm edildiyini deyən çıxışçı ad çəkməsə də, Azərbaycanı idarə edənləri də ciddi tənqid etdi. O, Türkiyədən örnək gətirərək, baş nazirin orada Imam Hüseyn mərasimlərinə qatılmasını yüksək qiymətləndirdi: “Hicabın əksinə gedənlərə o dünyada heç bir şəfayət olmayacaq. Allahın hökmünü aradan qaldırmaq istəyənlər, inşallah özləri bir gün aradan gedəcəklər. Bəlkə də bir gün Amerika imana gələcək, amma bizimkilər gəlməyəcək. Allahın rəhmilə bəlkə bir gün yəhudilər də imana gələcək, amma bizimkilər yox”.

Çıxışlarda Nardarana qarşı hansısa təxribatın törədilə biləcəyi də istisna edilmədi. Amma axund bildirdi ki, heç nə onları yollarından döndərə, gözlərini qorxuda bilməz: “Allahdan qorxan insan heç bir başqa insandan qorxmaz, başqasına boyun əyməz”.

Natiq