«Noyabrın 7-də keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib»
2010-cu ildə mərkəzdə heç bir mitinqə icazə verilməyib, aksiyaların qarşısı polis tərəfindən alınıb
«Human Rights Watch» təşkilatı 2010-cu ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.
Hesbatın Azərbaycana aid hissəsində bildirilir ki, ölkədə insan haqlarının vəziyyəti pis olaraq qalıb. Sənəddə qeyd olunur ki, hökumət müxalif fikri ifadə edən jurnalistləri qorxutmaq və cəzalandırmaq üçün müxtəlif cinayət işlərindən istifadə edib.
“Jurnalist Eynulla Fətullayev yalançı cinayət işi üzrə həbsxanada qalmaqda davam edir.
Noyabrın 7-də parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib. Başqa ciddi problemlər, o cümlədən din, toplaşma və təşkilatlanma azadlıqlarına qoyulan məhdudiyyətlər, eləcə də həbsxanalarda işgəncə və pis rəftarla bağlı problemlər də qalmaqdadır.
İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevi həbs etməklə Azərbaycanın ifadə azadlığını pozması haqqında qərar çıxarıb. Onun dərhal azad olunmasını tələb edib”, – deyə hesabatda bildirilir.
***
Sənəddə deyilir:
Hakimiyyət əvvəlki kimi fərqli düşünən jurnalistlərə qarşı diffamasiyaya görə təqib və digər qorxutma və qisas metodlarından istifadə edib.
Məşhur jurnalist peşə fəaliyyəti ilə bağlı şübhəli cinayət ittihamlarına görə cəza çəkməkdə davam edir. 7 noyabr parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib.
Din, toplaşmaq və təşkilatlanmaq azadlıqlarının məhdudlaşdırılması, dustaqlara işgəncə və yol verilməyən davranış kimi digər ciddi problemlər də qalmaqdadır.
Avropa Məhkəməsi Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsini onun fikrini azad ifadə etmək hüququnun pozulması kimi qəbul edib və hökuməti onu dərhal azad etməyə çağırıb.
Məmurlar jurnalistlərə qarşı çıxıb
2010-cu ilin ilk 6 ayı ərzində vəzifəli şəxslər jurnalistlərə və hakimiyyəti tənqid edən digər şəxslərə qarşı diffamasiya haqqında 26 cinayət işinin təşəbbüskarı olub. Bu işlərdən 14-ü üzrə ittiham hökmü çıxarılıb.
Məmurların şərəf və ləyaqətinin müdafiəsi haqqında 36 mülki iddiasından 30-u təmin olunub. Belə ki, fevralda Bakıda “Femida 007″ qəzetinin baş redaktoru Eyyub Kərimov DIN-ə böhtan atmağa görə cərimələnib. Elə həmin ay Təhsil Nazirliyinin vəzifəli şəxsləri ”Azadlıq” qəzetində dərc olunmuş riyaziyyat dərsliklərində səhvlərə görə nazirliyin ünvanına tənqidi məqaləsinə görə pedaqogika və təhsil sahəsində məşhur ekspert Əlövsət Osmanlı barəsində cinayət işi açılması haqqında ərizə ilə müraciət ediblər.
Mayda Bakı hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları Norveç jurnalisti Erlinq Byorgeni içərisində fayllar olan kameranı baqaca verməyə məcbur ediblər. Osloda məlum olub ki, Byorgenin Eynulla Fətullayev barəsində sənədli film üçün Azərbaycanda çəkdiyi bütün materiallar yoxa çıxıb. Fevralda parlament qanunvericiliyə jurnalistlərin bir şəxsin xəbəri və ya razılığı olmadan onun çəkilişini aparmağı qadağan edən düzəlişlər qəbul edib. Yalnız hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən “əməliyyat-axtarış” tədbirləri üçün istisnalar edilib.
Mitinqlərə qadağalar davam edib
Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırıb. Bakının mərkəzində heç bir mitinq və nümayişlərə icazə verilməyib, icazəsiz aksiyaların qarşısı polis tərəfindən alınıb. Aprelin 26-da Bakı polisi ifadə və sərbəst toplaşmaq azadlığına dəstək aksiyasının 80-ə yaxın iştirakçısını saxlayıb. Dörd gün sonra polis 2009-cu il faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft Akademiyası qarşısında toplaşmış onlarla siyasi fəalı qısamüddətlik saxlayıb. Hökumət həmçinin QHT-lərin fəaliyyətinə müdaxilə edib. Ədliyyə Nazirliyi üç dəfə Televiziya və Alternativ KIV-in Inkişaf Mərkəzini qeydiyyata almaqdan imtina edib.
Avqustda polis “Kür” vətəndaş cəmiyyəti qərargahının ölkənin cənubunda daşqının nəticələrini qiymətləndirən bir neçə əməkdaşını qısamüddətlik saxlayıb.
Dini icmalar qeydiyyata alınmayıb
Bütün dini icmalar 1 yanvar 2010-cu ildən gec olmayaraq Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməlidirlər. Bu tələbin yerinə yetirilməməsi icmanın ləğvinə səbəb olurdu. 450 icma, o cümlədən 433 məscid və iki protestant kilsəsi yenidən qeydiyyata alındı. Bakı Baptist kilsəsinin, katolik kilsəsinin, Yeddinci günün adventistləri, Iyeqova şahidləri və s. qeydiyyatından imtina olunub. Qeydiyyatından imtina olunan bir neçə məscid, o cümlədən Bakıdakı Fatimei-Zəhra məscidi və Müşfiqabadda sünni məscidi bağlanmaq təhlükəsi ilə üzləşib.
İşgəncə verənlər cəzasız qalıb
Həbs yerlərində məhbuslara qarşı işgəncələr və yol verilməyən münasibət əvvəlki kimi yayılıb və cəzasızlıq davam edib. Penitensiar müəssisələrin müstəqil monitorinqini həyata keçirən Işgəncələrə qarşı Azərbaycan Komitəsinə belə pozuntular barədə 150-dən çox şikayət daxil olub.
Bir neçə polis əməkdaşı cinayət deyil, yalnız nizam-intizam məsuliyyətinə cəlb edilib.
Ölkədə siyasi məhbuslar qalmaqda davam edir. Məruzənin hazırlandığı vaxt qeyri-hökumət mənbələri 23-dən 45-dək siyasi məhbus olduğunu bildiriblər. Bu siyahılara 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilmiş və dövlət çevrilişinə cəhd ittihamı ilə məhkum edilmiş dövlət məmurları, sahibkarlar və müxalifətçilər daxildir.