Sumqayıt təxribatının gizlinləri

 

Filipp Bokovun «KQB və hakimiyyət» əsəri

 

Biz Sumqayıt hadisələrilə bağlı haqqında ölüm hökmü çıxarılmış və tez bir zamanda yerinə yetirilmiş Ə.Əhmədovun, I.Ismayılovun və A.Cəfərovun 1988-ci il oktyabrın 18-də başlamış və noyabrın 18-də başa çatmış məhkəməsinin stenoqramının bir hissəsini sizə təqdim edəcək, daha sonra bu məhkəmədə şahidlik etmiş vəzifəli və vəzifəsiz adamlarla görüşəcəyik. Çalışacağıq ki, şərhsiz, hadisələrə müdaxilə etmədən məhkəmənin gedişini sizə təqdim edək. Bəri başdan onu bildirməyi özümüzə borc bilirik ki, hadisə ilə bağlı əlində sənəd, foto olanların hamısını bu prosesdə iştirak etməyə çağırırıq. Siz həmin materialları ya “Azadlıq” qəzetinin, ya da bizim elektron ünvanımıza göndərə bilərsininiz. (azadliq.az@mail.ru, surxay2001@mail.ru)

 

əvvəli ötən saylarımızda

Keçmiş “KQB” zabiti Filipp Bokov “KQB və hakimiyyət” əsərində bir cox məsələlərə aydınlıq gətirir. Onun kitabındakı fəsillərin biri “Milli problemlər” adlanır: “Əlbəttə, güzəştlər kompromisdən keçir və bu zaman tərəflərdən biri ziyan çəkir. ”Daşnaksütyun” Partiyası heç vaxt ədalətsiz sərhədlər məsələsini yaddan çıxarmır, böyük Ermənistan məsələsi uğrunda mübarizə aparırdı.

Moskvada partlayışı kimlər törətmişdi?

1973-cü ildə Moskvada 25 oktyabr meydanında üç partlayış baş verdi. Nəticədə 29 nəfər öldü. Hadisəni törədənlər heç bir iz qoymamışdı. Bu dəhşətli faciəni kim törətmişdi? Terrorçular üçün kimi öldürməyin əhəmiyyəti yoxdu. Amma siyasi terror kiməsə qarşı yönəldilmiş bir aktdır. Kiməsə qarşı qisas və yaxud oğurluq cəhdi də təsdiqini tapmırdı. Cinayətkarlar tapılmırdı, cinayəti isə heç kim öz üzərinə götürmürdü. Bircə variant qalırdı: onlar dinc əhaliyə divan tutmaqla ölkədən qisas alırdılar. Burdan bir nəticə çıxırdı. Cinayət siyasi motivlərə görə törədilmişdi.

Cinayət eyni zamanda üç yerdə torədilmişdi. Istintaq qrupu belə bir nəticəyə gəlirdi ki, bu terror aktı bir mərkəzdən idarə olunub, hazırlıq bir mərkəzdə aparılıb. Bir neçə ay sonra belə bir partlayış qurğusu Kursk vağzalında tapıldı. Xoşbəxtlikdən partlayışın qarşısı alınmışdı.

Erməni terrorçularının Qarabağ planı

Partlayıcı qurğunun qoyulduğu çantanın yiyəsinin axtarışı başladı. Şahidlərin fikrincə, bu çantanı erməni dilində danışan iki nəfərin əlində görmüşdülər. Istintaq qrupu Yerevandan Moskvaya gələn bütün təyyarə və qatarları nəzarətə götürdü. Yerevandan gələn qatarların birindən iki nəfər düşdü. Onlar şahidlərin Kursk vağzalında gördükləri adamlara oxşayırdılar. Onları həbs etdilər. Bunlar Stepanyan və Baqdasaryan idi. Onlardan biri Zatikyanın rəhbərlik etdiyi millətçi təşkilata daxil idi. Sovet quruluşuna qarşı mübarizəni qarşılarına məqsəd qoymuşdular. Onlar ruslardan, öldürülənlərin uşaq, qoca, qadın olmasından asılı olmayaraq  qisas almaq qərarına gəlmişdilər.

Mən Ermənistanda olanda bu barədə Dəmirçyanla sohbət etdim. Bizim uzunmüddətli sohbətimiz bir nəticə vermədi. Ermənistan Kommunist Partiyasının rəhbəri deyirdi: “Ciddi heç nə baş vermir”. Geri dönərkən mən daşnakların respublikada çox iş gördükləri barədə Dəmirçyanla yenə söhbət etdim. O, bu dəfə məsələyə daha ciddi yanaşdı. Dağlıq Qarabağ əhalisi üçün tədbir görülməməsi faciə ilə nəticələndi…

Təxribatçı qrup Sumqayıtda

1988-ci ilin fevral ayının 23, 24 və 25-də Ermənistanda azərbaycanlıların incidilməsi, qovulması haqqında respublikamızda çap olunan mətbuatda heç bir informasiyaya rast gəlmədik. Qəribə burasıdır ki, qeyd etdiyimiz günlərdə “Pravda” və “Izvestiya” qəzetlərində aranı qatacaq xəbərlər birinci səhifəyə çıxarılırdı.

Qafan qaçqını adı altında Sumqayıtda təxribatçı qrup fəaliyyətə başlayır. Onlardan biri haqqında Sov.IKP MK-nın qəzeti “Sosialistiçeskaya industriya” yazırdı: “Bizim söhbət etdiyimiz adamların çoxu zəncirvari qurulmuş təxribat dəstəsinin mövcudluğundan danışırdı. Bu təxribatlar adamları qəddarlaşdırmağa, şəhərdə şayiələr yaymağa, inamsızlıq yaratmağa xidmət edirdi. Sumqayıtda keçirilən mitinqlərdə arıq bir kişi göz yaşları tökə-tökə qışqırıb, ermənilərin onun ailəsini necə zülmlə öldürdüyündən danışırdı. Zərərçəkənlə xüsusi xidmət orqanları məşğul olandan sonra məlum oldu ki, ”ziyan çəkən” əslində Qafan sakini deyil,  o, əvvəllər həbsxanada yatan residivistdir, indi heç yerdə işləmir, “bomj”dur, ailəsi belə yoxdur”. (O.Kuliş, D.Məlikov “Qara toxumlar çoxalmasın”, “Sosialistiçeskaya industriya” qəzeti, 27 mart, 1988-ci il).

“Sosialist Sumqayıtı” qəzeti şəhərdə baş verən hadisə haqqında ilk məlumatı 1988-ci il mart ayının 3-də verib.  Məlumatda deyilir: “Fevralın 28-də Sumqayıt şəhərində bir qrup xuliqan şuluqluq salmışdır. Azğınlıq və zorakılıq halları olmuşdur. Şəhərdə həyatı normal hala salmaq, intizamı və ictimai asayişi təmin etmək üçün tədbirlər görülmüşdür. Istintanq orqanları təhqiqat aparırlar. Azərbaycan KP MK Sumqayıt sakinlərini, respublikanın bütün əhalisini yüksək məsuliyyət hissi ilə ağıllı hərəkət etməyə, maksimum təmkinli və intizamlı olmağa, hər yerdə nizam-intizamı təmin etməyə, əmək kollektivlərində beynəlmiləlçilik şəraitinin möhkəmləndirilməsi üçün səylərini səfərbər etməyə çağırır.

Azğınlıq etməkdə ifşa olunmuş şəxslər həbs edilmişlər. Nazirlər Sovetinin sədri H.Seyidov şəhərdədir”.

Sumqayıt hadisələrinin planını kim cızmışdı?

Mişa Ayvazyan, Bakılı jurnalist: “Mən Bakıda ermənicə ”Kommunist” qəzetində fotojurnalist işləyirdim və demək olar ki, siyasi həyatın içindəydim. 1988-ci ilin martında Sov.IKP MK-nın məsul işçisi Yaşin Bakıya gəlmişdi. O, Azərbaycanda və Ermənistanda təşviqat işlərinə baxırdı. O, iki dəfə Sumqayıtda olmuşdu. Biz o vaxt çox istədik ki, baş verə biləcək hadisələr haqqında ona məlumat verək. Martın əvvəlində “Kommunist” (indiki “Azərbaycan” nəşriyyatında) Yaşin mətbuat konfransı keçirdi. Konfransda Azərbaycan KP MK-nın məsul əməkdaşları da iştirak edirdi. Sumqayıtda baş verənlər əvvəlcə hazırlanmışdı. Mən fevralın 20-də “Bakı fəhləsi” zavoduna getmişdim. Orada fəhlələrdən biri mənə baş verəcək hadisə barədə sual verdi.

ardı var

Surxay Hüseynli,

Azər Hüseynbala