Ev telefonunda danışıq 0,5 qəpik olacaq

 

Bununla yanaşı, stasionar telefon abunəçilərinə ayda 450 dəqiqə pulsuz danışıq vaxtı da veriləcək

 

Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sisteminin tətbiqi nəticəsində abunəçilərə ayda 450 dəqiqə pulsuz danışıq vaxtının verilməsi nəzərdə tutulur. Bunu APA-ya Rabitə və Informasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitə Istehsalat Birliyinin rəisi Beydulla Hüseynov bildirib.

 

BTRIB rəisinin sözlərinə görə, bu layihə hazırlananda stansiyalar arasında sıxlaşma, ADSL abunəçilərinin sayının artması nəzərə alınıb. Indiki sistem isə bu işlərə mane olur: “Fikrimcə, bütün dünyada tətbiq olunan ən yaxşı variant vaxta görə ödənişdir”. Nazirliyin bununla bağlı hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur. B.Hüseynovun sözlərinə görə, əhalinin böyük hissəsi bu dəyişikliyi demək olar ki, hiss etməyəcək: “Apardığımız analizlər göstərib ki, istifadəçilərin 50%-i ay ərzində 450 dəqiqədən az danışır”.

Hələlik bu məbləğ dəqiqləşməsə də, telefon şəbəkəsinin rəisi bildirib ki, bu sistemin özünü iqtisadi cəhətdən doğrultması üçün bir dəqiqə üçün danışıq haqqının 0,5 qəpik olması lazımdır. Rəis bildirib ki, layihədə bir neçə ödəniş variantının eyni vaxtda istifadəsi nəzərdə tutulur: “Kim istəsə əvvəlki kimi abunədə qalacaq və ya yeni sistemə keçəcək”.