as-pa

Azərbaycandakı seçki AŞ PA-da sərt tənqid olundu

 

Qross Azərbaycandakı vəziyyəti Tunisə bənzətdi

Hakimiyyət lobbiçiləri sərt tənqidlər qarşısında aciz qalıb

 

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda ötən ilin noyabrında keçirilmiş parlament seçkisi müzakirə olunub. Müzakirə gərgin və fikir ayrılıqları ilə keçib.

AŞ PA Müşahidə Missiyasının hesabatını polşalı parlamentari Tadeuş Ivinski təqdim edib. Onun sözlərinə görə, sənəd üzərində iş zamanı nümayəndə heyətinin bəzi üzvləri onu “kifayət qədər pozitiv olmayan”, digərləri isə, əksinə, “yumşaq” adlandırıb. Lakin Ivinskinin fikrincə, hesabat “balanslı xarakter” daşıyır.

O bildirib ki, ümumilikdə bu seçki prosesində AŞ PA-nın standartlarına əməl edilməsi sahəsində irəliləyiş olub. Amma müşahidə missiyası hesab edir ki, Azərbaycanda ümumi demokratik konsensusun əldə edilməsi üçün daha çox iş görülməlidir: “Seçki günü ümumilikdə sakit şəraitdə keçib. Ictimai TV-də hər bir namizədə 4 dəqiqə efir vaxtı verilib. Amma xarici ölkələrdə yaşayan xeyli sayda azərbaycanlı öz ölkələrinə dönmədən səs verə bilməyiblər. Namizədlərin bir qismi qeydə alınmayıb. Biz siyasi partiyaların bu seçkidə fəal iştirakını görmədik. Komitəyə səslərin saxtalaşdırılması, namizədlərə təzyiqlər və hakimiyyətdən sui-istifadə barədə şikayətlər daxil olub”.

Müzakirələr zamanı çıxış edən Azərbaycanda insan haqları üzrə keçmiş həmməruzəçilər Andreas Qross və Andres Herkel Azərbaycanda bu parlament seçkisində demokratik normalara əməl olunmadığını deyiblər.

İngiltərə və Rusiyadan olan deputatlar isə Azərbaycandakı seçki prosesində uğurlar olduğunu deyiblər.

Azərbaycana Tunis xatırlatması

İsveçrədən olan Andreas Qross deyib ki, Azərbaycan, Moldova, Belarus, Albaniya, Macarıstan, Tunis kimi ölkələri bir şey birləşdirir – demorkatiyanın böhranı və hakimiyyətin bölgüsü problemi: “Onların bir ümumi tərəfi var – demokratiyanın böhranı. Hakimiyyət bölgüsü demokratiyanın ən vacib özəlliyidir. Ədalətli seçki yoxdursa, hakimiyyətin ədalətli bölgüsündən də söz gedə bilməz. Əgər sən Azərbaycan və Belarusda olduğu kimi, müxalifətə səsini çıxarmağa imkan vermirsənsə, işlər hakimiyyətin ədalətli bölgüsü sisteminin olmadığını göstərir. Və Tunisdəki kimi unudanda ki, demokratiya hakimiyyəti həm də vətəndaşlara verməkdir, o zaman qanlı inqilablar baş verir”.

Hakimiyyət lobbiçilərinin “Qarabağ arqumenti”

Qrossdan sonra çıxış edən rusiyalı və britaniyalı deputatlar isə Azərbaycanda keçirilən seçkiləri dəstəkləyiblər. Rusiyalı Konstantin Kosaçev deyib ki, seçkiləri yaxşı, ya da pis qiymətləndirmək düzgün deyil, onların ümumi dinamikasına baxmaq lazımdır. Dinamikaya baxanda isə, həm Azərbaycan, həm də Moldovadakı seçkilərin yaxşı keçdiyini demək olar”.

Britaniyalı deputat Maykl Hankok deyib ki, Qafqazda demokratiyadan danışanda, münaqişələri – məsələn, Dağlıq Qaabağ münaqişəsini də unutmaq olmaz: “Bu problemlə məşğul olmaq lazımdır, çünki Qarabağ məsələsi seçki təbliğatında yer alırdı”.

Moldovadan Qriqori Petrenko və estoniyalı Andres Herkel AŞ PA Müşahidə Missiyasının rəyi ilə ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun rəyləri arasında fərqi araşdırmağın vacibliyini və koordinasiya məsələsini önə çəkiblər.

“Gördüklərimizə baxanda, AŞ PA-nın rəyi çox pozitivdir”

İsveçdən olan deputat və parlament seçkilərində müşahidə missiyasının tərkibində olan Marietta de Pourbaks-Lundin isə AŞ PA-nın hesabatını həddən artıq pozitiv adlandırıb. “Azərbaycandakı seçkilər ola bilər, ötən dəfəkindən yaxşı keçirilmişdi. Amma mənim fikrimcə, bizim dinlədiyimiz hesabatın ümumi tonu bizim qrupun seçki günü, xüsusən də səsvermə zamanı müşahidə elədiyinə baxanda, çox pozitivdir. Azərbaycan xalqının doğrudan da azad seçim imkanı olduğunu demək çox çətindir. Mən digər həmkarımla birgə müşahidə missiyasının hesabatına dəyişiklik edilməsi üçün müraciət etdim, amma təəssüf ki, bunu diqqətə alan olmadı. Bu çox pisdir, mənim üçün yox, Azərbaycan xalqı üçün”.

Xanım Lundin əlavə edib ki, səsvermə zamanı pozuntuları özü müşahidə edib, səslərin sayılmasına müdaxiləni görüb, kvorumun 25 faizdən də az olduğunu düşünür və s.

“Azərbaycanın nefti və qazı rəyimizi təhrif edir”

Fransalı deputat Jan Klod Frekon isə deyib ki, bütün iştirakçılara bərabər şərait yaradılmamışdı, bu seçki demokratiya yolunda önəmli irəliləyiş olmadı. “Təəssüf ki, Azərbaycanın strateji mövqeyi, Iranla qonşuluğu, nefti və qazı bizim rəyimizi təhrif edir”, – deyə o, fikrini tamamlayıb.

Materialın hazırlanmasında “Turan”ın və “Azadlıq” radiosunun məlumatlarından istifadə olunub.

İnformasiya şöbəsi