Oğrunun tərəfini tutan polis

Bütün qəlbimlə deyirəm: 20 Yanvar günü Şəhidlər Xiyabanında Azərbaycan tarixinin ən utancverici hadisələrindən birinə imza atılıb. Söhbət yalnız ölkənin müxalifət liderinin, son 20 ildə yetişən iki ən azman siyasətçisindən birinin – Isa Qəmbərin bir polis tərəfindən “barmağını sındıraram” deyərək hədələnməsindən də getmir. Ümumiyyətlə, söhbət bu sözlərin statusundan, ranqından, çəkisindən asılı olmayaraq, kimə qarşı söylənməsindən də getmir. Söhbət ondan gedir ki, bir polis bu sözləri hamının qulağı eşidə-eşidə, rahatca söyləyə bilir. Söyləyə bilir və buna görə ona “gözün üstə qaşın var” deyən tapılmır. Beləcə “barmaq sındırmağın” bir norma olduğuna dair xeyir-dua verilir.

Daha utancvericisi: bir polisin görəvi oğrulara savaş açmaqdır. Amma əvəzində Azərbaycanda oğruların tərəfini tutan bir polis görürük. Bir polisin görəvi cinayətkarları qandallamaqdır. Amma əvəzində Azərbaycanda cinayətkarların tərəfini tutan polis görürük. Bir polisin görəvi dövlətin cibinə uzanan əli kəsməkdir. Amma əvəzində Azərbaycanda o əli öpüb gözü üstə qoyan polis görürük. Bir polisin görəvi millətin iradəsini zorlayanı cəzalandırmaqdır. Amma əvəzində Azərbaycanda millətin qolunu arxadan buraraq, zorlayanın işini daha da asanlaşdıran, ona daha münasib şərait yaradan polis görürük.

Isa Qəmbər üçün yaxşı variant

Ən əsas məsələyə gələk.

Biz, “Azərbaycan bir polis dövlətidir” deyəndə tumanını başına geyinənlər…

Biz, “Bu hakimiyyət yalnız dubinka gücünə hələ də ayaqdadır” deyəndə dişi dodağını gəmirənlər…

Biz, “Polis, rejimin əlində siyasi alətdir, rəqiblərinə qarşı işgəncə vasitəsidir” deyəndə yeri-göyü inlədənlər 20 Yanvar günü Şəhidlər Xiyabanında baş verənlərdən utanmalı, barı bundan sonra dillərini yumşaq yerinə qoymalıdırlar. Ölüb yerə girməlidirlər. Əlbəttə, əgər hələ də vicdan və ədalət duyğuları yerindədirsə, əgər hələ də utanmaq hissləri qalıbsa…

Əks halda, cavab verməlidirlər görək, bir ölkənin müxalifət liderini barmağını sındıracağı ilə hədələmək hansı demokratik əxlaqa və siyasi tərbiyəyə uyğundur? Normal dövlətdə buna görə ölü yerindən daxili işlər nazirinin ortaya çıxması, ən azı, üzr istəməsi lazımdır.

Amma burası bir normal dövlət olmadığından, tayfa prinsipləri bütün bəşəri dəyərlərin üstünə çıxdığından, bütün ölkə bir nəfərin dədə mülkü hesab edildiyindən biz baş verənlərə görə bolluca şükür eləməliyik. Papağımızı göyə atmalıyıq. Bir yeyib, yeddi yerə nəzir-niyaz paylamalıyıq. Çünki Isa Qəmbər hələ yaxşı qurtarıb, Ilham Əliyevin polisi onun başını kəsmək fikrinə də düşə bilərdi.

O polisin “Viloş”dan nəyi əskikdir?

Və daha önəmlisi…

20 Yanvar günü Şəhidlər Xiyabanında Isa Qəmbəri barmağını sındıracağı ilə hədələyən polisə diqqət! Yüz kərə diqqət, min kərə diqqət!

Ən azı ona görə ki, biz 2003-cü ilin şərəfli 15-16 oktyabr hadisələri zamanı barmaq sındırmaqda xüsusi məharət nümayiş etdirən “Viloş” ləqəbli bir polisin qısa vaxtda general rütbəsinə yüksəlməsini və daxili işlər nazirinin birinci müavini vəzifəsinədək dırmaşdığını unutmamışıq.

Isa bəyin barmağını sındırmaq istəyən polisi isə ən azı, DIN-də idarə rəisi təyin etmək lazımdır. Nə olsun ki, o, hələ bu istəyini həyata keçirməyib. Amma əsas niyyətdir, hətta müsəlmanların dininə görə, niyyət əməldən də əfzəldir.

Belədə, hadisənin üstündən iki gün keçməsinə rəğmən Ilham Əliyevin bunu qiymətləndirməməsi qətiyyən başadüşülən deyil.