Hakimiyyətdaxili “müharibə” başladı

 

Kəmaləddin Heydərovun adamı «bomba partladıb»

 

Hakimiyyət daxilində yeni qarşıdurma episentri yarandı. Kəmaləddin Heydərova bağlı deputat Qüdrət Həsənquliyev bir sıra nazirləri və komitə rəhbərlərini açıq-aşkar xalqa zülm etməkdə ittiham edib. Əlbəttə, biz bu hadisəni vətənpərvərliyin “od püskürməsi” və ya ədalət hissinin yaratdığı “vicdan zəlzələsi” qismində təqdim etmək fikrindən uzağıq. Ölkədə baş verən olaylar ən sadəlövh vətəndaşın belə, aldanmasına imkan verməyəcək dərəcədə aşkar və amansız tərzdədir.

 

Qüdrət Həsənquliyev təkcə xalqa tutulan divandan söz açmayıb. O, eyni zamanda, dövlət vəzifəlilərinin bir-birini saymadığını, hətta telefonlarına belə, cavab vermədiklərini deyib. Bu məsələ isə tamam başqa aspektdən şərh olunmalıdır.

Əlbəttə, bu olayları şərh edərkən mənbə kimi Qüdrət Həsənquliyevin müsahibəsinə istinad etmək siyasi baxımdan doğru olmaz. Ona görə ki, Qüdrət Həsənquliyevin konkret bağlı olduğu oliqarxın fikirlərini səsləndirdiyi şübhəsizdir. Görünür, bu məsələnin ortaya çıxması təsadüfi deyil.

Ilk növbədə Qüdrət Həsənquliyevin açıqladığı faktları gözdən keçirək. Birincisi, korrupsiya və rüşvət halları ilə bağlıdır. Bu istiqamətdə vəziyyət hər kəsə bəllidir. Ikinci məsələ dövlət vəzifəlilərinin bir-birinə hörmətsiz yanaşmaları və tabeçilik münasibətlərinin sıradan çıxmasıdır. Bu isə uzun müddətdir ki, dövlət aparatına mərkəzi nəzarətin sıradan çıxdığının sübutudur. Bu barədə də yazacağıq.

Qüdrət Həsənquliyevin bu müsahibəsinin ona qarşı hücumlara səbəb olduğunu yazırlar. Amma daha doğru interpretasiya bu ola bilər ki, Kəmaləddin Heydərov Qüdrət Həsənquliyev vasitəsilə öz rəqiblərinə “müharibə” elan edib. Elə isə, bu müsahibədən kimə nə pay düşür?

Ramiz Mehdiyev nəzarət edə bilmir…

Bu “müharibənin” ilk “top”ları Ramiz Mehdiyevin mövqelərinə düşüb. Ona görə ki, “boz kardinal” vəziyyətə nəzarət edə bilmir. Əslində, ittihamların əsas hədəfi də elə akademikdir.

Əvvəllər belə hadisələr olmazdı. Hakimiyyət bütün xeyir və şər addımlarını mərkəzləşdirilmiş qaydada planlaşdırır və həyata keçirirdi. Amma son bir neçə ildə, xüsusilə, 2008-ci ildən sonra Azərbaycanda mərkəzi hakimiyyətin sıradan çıxdığı aşkar görünürdü. Ilham Əliyevin bir neçə yaxın dostunun iri dövlət vəzifələrinə gətirilməsi buna təkan verən faktorlardandır. Amma görünür ki, əsas faktor təkcə bu məsələ deyil. Məsələn, Ramiz Mehdiyev öz kürəkənini deputat etsə də, Kəmaləddin Heydərovun oğlu üçün bu imkan yaradılmadı. Kəmaləddin Heydərov və Ziya Məmmədovun  oğlanlarını seçkidə iştiraka buraxmayan Ramiz Mehdiyev dövlət aparatının qayğısına qalmaq ritorikasında səmimi olmadığını ortaya qoydu. Bu isə qarşı tərəfə hücum imkanları verdi.

Kəmaləddin Heydərovun bu addımları əslində, gözlənilən idi. Ramiz Mehdiyevin öz kürəkənini aşkar siyasətə çəkməsi isə, artıq “boz kardinalın” öz gələcəyi barədə əndişələndiyinə işarədir. Görünür, biz bu vəziyyəti postmehdiyev dövrü üçün hazırlığa start kimi qiymətləndirməliyik.

Hər kəs Ramiz Mehdiyevdən yanıqlıdır. Heç kəs haqsız deyil və hər kəsin onun yerinə bir namizədi var. Bu isə hakimiyyət daxilində parçalanma və halsızlaşma meyllərini gücləndirir.

İlham Əliyev – bir nömrəli sorun

Qüdrət Həsənquliyev bir çox dövlət vəzifəlilərinin, hətta spikerin telefonuna cavab vermədiyini deyib. Onun bu sözlərindəki həqiqəti demək olar ki, hər kəs bilirdi. Amma belə bir hakimiyyətdaxili biabırçı reallığın ictimailəşdirilməsində motivlər mübarizəsinin ciddi rolu olduğu danılmazdır. Bu, həm də nazir və komitə rəhbərlərinin ancaq Ilham Əliyevin telefon zənglərinə cavab verdikləri barədə fikirdir.

Heç kimə sirr deyil ki, Azərbaycanda ən kiçik vəzifə sahibi belə, yuxarılara hansısa miqdarda aylıq “haqq” ötürür. Nazir və komitə rəhbərləri də “vəzifələrinə layiq” miqdarla hər ayın başı bir üst orqan şefini narahat edirlər. Buradan aydın olur ki, həmin şəxslər bu “haqq-hesabı” şəxsən Ilham Əliyevin özü ilə həyata keçirirlər. Elə buna görə də hakimiyyətin ikinci, üçüncü və digər vəzifəli şəxslərini saymırlar. Bir halda ki, “haqq-hesab” şəxsən rəhbərin özü ilə həyata keçirilir, deməli, başqa adamlara hesabat və ya onların telefon zənglərinə cavab vermək yersizdir. Bu mənada Ilham Əliyev də sözügedən müsahibənin hədəflərindən biridir. Yəni, dövlət başçısının hər bir vəzifəli ilə şəxsən işləməsi dövlət aparatının formal əlaqələr sistemini də sıradan çıxarıb. Bu, həm də Ilham Əliyevin bütün korrupsiya sisteminin başında şəxsən dayanmasına işarə vurmaq kimi də sayıla bilər. Yəni, Kəmaləddin Heydərovun qruplaşması bu durumdan xeyli pul itirmək baxımından narahatdır.

Strausun başı da göründü…

Hüseynqulu Bağırovun başçılıq etdiyi nazirliyin Ziya Məmmədova üç milyon manata qədər cərimə kəsməsi bu tufanın ilk əlaməti idi. Hüseynqulu Bağırovun da Kəmaləddin Heydərova bağlı olduğu artıq təsdiqlənmiş məlumatdır. Ola bilsin ki, hətta spikerin öz telefonuna belə, cavab verməməkdə ittiham olunan məmurlar sırasına Cavid Qurbanov və onun şefi Ziya Məmmədov da daxildir.

Korrupsiya ittihamları Ilham Əliyevin də rəhbərlik etdiyi şəbəkəyə zərbədir. Amma başlıca məqam odur ki, indi hakimiyyət daxilində heç kim heç nəyi gizləmək haqqında düşünmür. Aşkar şəkildə qarşıdurmalar qızışır. Yəni, heç kimi hakimiyyətin nə ümumi marağı, nə də klanların, oliqarxların birləşdirici faktoru olan Ilham Əliyevin qorunması maraqlandırır. Məsələn, Ramiz Mehdiyev siyasi müstəvidə hər şeyi qaraya boyamaqla Ilham Əliyevi özündən asılı vəziyyətə salır. Kəmaləddin Heydərov əhalinin müxtəlif təbəqələrinə öz sahəsinə uyğun çətinliklər yaradır – evlərini sökdürür və s. Ziya Məmmədovun müfəttişləri ən azı, ayda üç-dörd sürücünün ölümünə səbəb olurlar. Bu işə, hətta polis də qoşulub.

Bütün bunlar isə o deməkdir ki, müxtəlif dövlət orqanları artıq öz rəhbərlərinin qarşılıqlı düşmənçilikləri müstəvisində onların əsəblərinin ifadəsi alətinə çevriliblər. Bir sözlə, dövlət faktiki yoxa çıxır…

Analitik şöbə